TAİB-in sədr müavini Eyvaz Hünbətov: “Gözlərimin işığını Zərifə xanıma borcluyam”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini Eyvaz Hünbətov: “Gözlərimin işığını Zərifə xanıma borcluyam”

“Bu il ölkəmizdə möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev və onun xanımı, Azərbaycanın sevimli qızı akademik Zərifə Əliyevanın 100 illik yubileyləri qeyd olunur. Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə xanım Əziz qızı Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in sədr müavini, Ulu Öndərin sadiq əsgəri, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov deyib.

O, bildirib ki, əgər Zərifə xanım Əliyeva vaxtında müdaxilə etməsəydi, indi dünya işığına həsrət idi.
“Mən 1974-75-ci illərdə Bakı Şin zavodunda Xammalların Hazırlıq sexində sex rəisinin müavini, sonra isə sex rəisi işləmişəm. Bir gün məni zavodun ilk partiya təşkilatının katibi Zinaida Lavrentina öz kabinetinə dəvət elədi. Mən onda gənc kommunist idim. Zinaida xanım mənə bildirdi ki, bir tapşırıq var. Elə hesab et ki, bu tapşırığı sənə partiya verir. Bəzi günlərdə sən zavodun giriş qapısında səliqəli paltarda dayanmalısan. Bizdə yapışdırıcılar şöbəsi vardı. Mənə tapşırdı ki, bir xanım gələcək. Onunla ora getməlisən. Partiya tapşırığı hamı üçün qanundu. Mən də təlimata uyğun olaraq deyilən gün zavodun qabağında maşınları qarşıladım. Deyilən sahəyə getdik. Həmin sahədə Bilal adlı bir mehriban insan xidmət göstərirdi. Mənim qarşıladığım xanım Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü akademik Zərifə xanım Əliyeva idi. Biz Zərifə xanımla görüşdükcə onun nə qədər sadə, səmimi insan olduğunun şahidi oldum. Gənclərə “oğlum”, “balam”- deyə xitab edən, əxlaqı, zəkası ilə hamını heyran buraxan Azərbaycan xatunu ilə bir yerdə çalışmaq həm məsuliyyət, həm də fəxarət idi. Hamı bilir ki, Şin zavodunda kimyəvi maddələrdən çox istifadə edilir. Bu da işçilərin gözlərinə mənfi təsir göstərirdi. Və Zərifə xanım bu barədə dissertasiya hazırlayırdı. Zavodun nəzdində poliklinika fəaliyyət göstərirdi. Zərifə xanım bəzi günlər həmin poliklinikada işçilərin gözlərini müayinə edirdi. Bir gün təsadüfən ehtiyatsızlıqdan dağılan kükürd gözlərimə atıldı. Xoşbəxtlikdən o gün Zərifə xanım poliklinikada idi. O gün mən kor da ola bilərdim. O gün mən gözlərimdə ana şəfqəti, bacı məhəbbəti gördüm. Onun şəfalı əllərinin köməyi ilə mən yenidən dünya işığına baxa bildim. Zərifə xanımın mənim qəlbimdə böyük bir yeri var. Allah ona qəni-qəni rəhmət eləsin! Onun əziz xatirəsi tək mənim deyil, bütün xalqın yaddaşında qəlbində əbədi yaşayacaq”.

Qeyd edək ki, akademik Zərifə xanım Əliyeva yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR