31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Təcavüzkar erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlıları tarixi torpaqlarından qovaraq, onlara qarşı misli görünməmiş vəhşilikdə soyqırımı törətmişlər. Yüz illərlə xalqımız davamlı olaraq ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmış, çoxəsrlik tariximiz kobudcasına saxtalaşdırılmışdır.

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Naxçıvan, Qarabağ, Zəngəzur və digər ərazilərdə hələ də öz siyasi-hüquqi qiymətini almamış kütləvi qırğınlardır. Bu soyqırımı nəticəsində on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə uşaq, qoca, qadın demədən kütləvi surətdə qətlə yetirilmiş, minlərlə insan isə itkin düşmüşdür. Bir çox qədim binalar, tarixi abidələr, məscidlər, yaşayış evləri dağıdılmış, o cümlədən dünya memarlığının incilərindən hesab olunan İsmailiyyə binası top atəşinə tutulmuşdur.
İllər ərzində soyqırımla bağlı aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, habelə 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlanmışdır. Məzarlıqda aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində 500-dək insan kəlləsi tapılmışdır. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yerinin olmaması və hər birinin xüsusi amansızlıqla-küt alətlərlə öldürülməsi erməni vəhşiliyinin göstəricisidir.
31 mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.
Ümümilikdə Quba qırğınları zamanı 4000 nəfərdən artıq insan qətlə yetirilmiş,
122 kəndi tamamilə dağıdılmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Eyni zamanda erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Azərbaycan xalqı soyqırımı qurbanlarının əziz xatirəsini hər zaman ehtiramla yad edir, onlara uca Allahdan rəhmət diləyir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR