Dünyaya nümayiş etdirilən misilsiz qardaşlıq nümunəsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fevralın 6-da baş verən dəhşətli zəlzələ ucbatından Türkiyədə yaşanan faciə Azərbaycan dövlətinin, xalqının dərin sarsıntısına, kədərinə səbəb olub.

Bu gün Azərbaycanda vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs zəlzələdən zərərçəkən qardaşlarımızın ağrı-acısına məlhəm olmaq üçün əlindən gələn köməyi göstərməyə, onlara can-dildən maddi və mənəvi dayaq durmağa çalışır. Bir qardaşın dar gündə digər qardaşının harayına yetişməsinin misilsiz nümunəsini dünyaya nümayiş etdirirlər.

Necə ki fevralın 8-də Türkiyə səfirliyinə gedərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə səfirinə başsağlığı verdiyi zaman Prezident İlham Əliyev də bu barədə deyib: “…Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.

Azərbaycan Türkiyədə baş verən fəlakətdən dərhal sonra qardaş ölkənin yardımına tələsib. Fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dərin hüznlə başsağlığı verən Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”.
Fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olan Prezident İlham Əliyev səfir Cahit Bağçı ilə söhbəti əsnasında bildirib ki, Azərbaycan, hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini, həmişə olduğu kimi, nümayiş etdirir. “Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”, – deyə, məlumat verən dövlətimizin başçısı xüsusi olaraq vurğulamışdı ki, yəni bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə hərtərəfli yardım göstərir.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar 6-9 fevral tarixləri ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə humanitar yardım çatdırılıb, həmçinin 855 000 manat maddi yardım edilib.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən humanitar yardımlar göndərilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.

Fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşmüş, Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirmişdi.
“İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!”, – söyləyən Rəcəb Tayyib Ərdoğan “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”, – deyə vurğulamışdır.

Laura Quliyeva
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR