Finlandiyalı fotoqraf Şuşada payız fotoları lentə alacaq
Şuşada payız fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Tina Katriina İtkonen (Finlandiya) isə hazırda ölkəmizdə səfərdədir.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, 22-27 oktyabr tarixlərində Şuşanı ziyarət edəcək.
Azərbaycana səfəri çərçivəsində oktyabrın 21-də Tina Katriina İtkonen ilə Mədəniyyət Nazirliyində Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirilib, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.
Xatırldaq ki, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.
Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə) və Reto Guntli (İsveçrə) bu beynəlxalq layihədə ilk olaraq iştirak edərək müvafiq olaraq yaz və yay fəsillərindən fotoları lentə alıb.
Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq. Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.