Tacir Səmimi:”BAĞBAN RAHİM”-Müsahibə…
Dostlarla görüşmək, hal-əhval tutmaq adama xoş təsir bağışlayır, ovqatını, əhvalını düzəldir, qəlbini sevinclə doldurur. Bu səmimiyyət hər kəsin könlünü qanadlandırır, ürəyindəki sarı simi dilləndirir. Mən də dostlarla görüşəndə səmimi hissləri keçirir, dərddən-qəmdən silkinirəm, əhvalım yaxşı olur. Sözüm onda yox, bu yaxın günlərdə dostum Raminlə görüşdüm, xeyli vaxt olardı ki, görüşə bilmir, arada bir telefonla “salam, sağ ol” eləyirdik. Hə, dostumun gəlişi məni sevindirdi. Baxdım yanında gülər üzlü, xoş ovqatlı bir nəfər də var. Dostum onu mənə təqdim etdi:
– Tanış ol, müəllim, bu, Bağban Rahimdi. Öz işinin ustası, sənəti ilə şöhrət tapan bağbanlardandı. Əslən Ordubaddandı.
– Çox şad oldum.
Bu tanışlıq yadıma ötənləri-keçənləri saldı, tələbəlik illərində Ordubada getdiyimi, o unudulmaz günləri xatırladım. Ordakı adamların qonaqpərvərliyi, tarixi binalar, kəhrizlər, Ordubad xörəkləri, adət-ənənələr, yaddaşımda iz salan xatiratlar damağıma dad verdi. Rəhmətlik iş yoldaşım şair-alim Nizami Muradoğlunu da xatırladım. Rahim bəy də onu anıb qəni-qəni rəhmət dilədi. Mənim sual dolu baxışlarım Rahim bəyə yönəldiyindən o, mənə baxıb dedi:
– Müəllim, sözlü adama oxşayırsan. Nə deyəcəksən de.
– Məni Ordubad torpağı maraqlandırır. Elə bu yer, bu yerin meyvələri haqqında, özün barədə danışsan çox razı qalaram.
Müsahibim nə düşündüsə bir mənə, bir də qarşısında oturan Raminə baxıb gülümsündü:
– Ordubad meyvələri bütün dünyada dadı, tamı ilə şöhrət tapıb, Şərqin qədimlərdən meyvəçilik inkişaf edən bölgələrindəndir. Ordubadın meyvələrinin dadı, qeyri-adiliyi onun münbit torpağı ilə sıx bağlıdır. Çünki bu torpaq bütün kimyəvi elementlərlə zəngindir. Eyni zamanda Ordubadın suyu da kifayət qədər boldur. Bitkilər, meyvələr üçün su da böyük əhəmiyyətə malikdir. Ordubadın suyu Züvar arxı deyilən arxla bağlıdır, bu çayın bir hissəsi Ermənistana – bizim dağların o biri tərəfinə qədər uzanır. Səhv etmirəmsə, orda Buxçar deyilən bir pir də var. Deyilənə görə orada İmam Museyi-Kazımın qardaşının qəbri var.
Ordubadın özündə də 50-60 kəhriz var. Bu yerin havası da gözəldir. Deyilənlərə görə, canlılar, insanlar əsasən dörd ünsürdən (torpaq, su, hava, od) yaranmışdır. Torpaq işarətli olanlar torpağa bağlı olurlar.
Atamın da bağ-bağata marağı olub, o, rəssam olub. Atam Mehdi Hüseynzadə ilə bir yerdə oxuyub, onun maraqlı şəkilləri var. Çox cavan yaşlarında –1976-ci ildə vəfat edib.
Məndə bağbanlığa həvəs hələ lap uşaq yaşlarımdan olub. Elə bu məqsədlə də Bakı Plan-uçot texnikumunun kənd təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirmişəm. Özümün də bağı var, burada müxtəlif meyvə ağacları salmışam. Onu da deyim ki, Ordubadda əvvəllər də müxtəlif meyvə bağları olub. Məsələn, Ərbab adlı bir varlı kişinin bağları varmış. Deyilənə görə, bu kişi ipək fabrikinin müdiri işləyib.
Ordubadın ərik, şaftalı, heyva bağları xüsusilə şöhrət tapmışdır. Ordubadın əriyi, şaftalısı, heyvası və limonu hər yanda yüksək qiymətləndirilir. Buranın iqlimi sərtdir, buna baxmayaraq, nar, əncir, xurma və digər meyvələr də yetişdirmək olur, sadəcə, onların bu iqlimə uyğun növləri faydalıdır.
Mən öz peşəmi çox sevirəm. Sənətə, peşəyə sevgi və həvəs olmasa onun ustası olmaq, onu davam etdirmək olmaz. Torpağın, bitkilərin sirlərini bilmək, onlara qulluq etmək, lazım olan işləri vaxtında görmək həmişə adama fayda verir. Gördüyün işdən zövq almadınsa o iş xeyir verməz. Dədə-babalarımız boşuna deməyiblər: “Torpaq deyər, öldür məni, dirildim səni”.
Mən də işimi zövqlə görürəm, uzun illərdir bağbanlıqla məşğulam, bu sevgi mənə “Qədim Ordubadın nadir meyvələri”ni yazdırıb, bu kitabı çap etdirməkdə məqsədim Ordubadın meyvələri haqqında ətraflı məlumat və bilgi verməkdir.
Mən öküz ilində anadan olmuşam, bürcüm buğa bürcüdür. Öküz ili özündə üç cəhəti birləşdirir: ailə, iş, vətən. Bunun üçü də məndə qüvvətlidir. Öküz ili də, buğa bürcü də torpaq işarəsi altındadır.
Lap qədimlərdən Ordubadın əriyi, şaftalısı, heyvası hər tərəfdə yüksək qiymətləndirilib. İndi də Ordubadda ərik, alma, şaftalı, cəviz, heyva bağları vardır. Burada şaxta olduğuna görə limon evlərdə, ya da örtülü şitilliklərdə becərilir. Ordubadın əriyi, cəvizi, şaftalısı, limonu dadına, ətrinə, tamına görə hər yanda qiymətləndirilən nadir meyvələrdir. Bagbanlıq sənəti sirli-sehirlidir, bunu bir-iki söhbətdə danışmaq çətindir, mən sadəcə ümümi şəkildə danışdım. Bilirsənmi, müəllim, belə bir bayatı var:
Su gəlir lilləndirir,
Bağçanı gülləndirir.
Dərdliyə söz deməyin,
Dərd özü dilləndirir.
Bağ zəhmət və qayğı tələb etsə də həmişə gözəldir. Yazda ağaclar çiçək açanda da, yayda meyvə gətirəndə də. Barıynan, bəhəriynən həmişə əlimizdən tutub, nemətlərini bizdən əsirgəməyib. Biz də qayğımızı, diqqətimizi torpaqdan, canlılardan, ağaclardan əsirgəməyək.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent