Türk dövlətləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqil dövlət statusunda Türk Şurasında təmsil olunmasına qərar versələr dünyaya da bir mesaj vermiş olarlar! Türk Şurası ölkələri dövlət başçılarının səkkizinci Zirvə görüşü noyabrın 12-də İstanbulda keçiriləcək. Bu, bir sıra məqamlarına görə çox önəmli bir Zirvə kimi tarixə düşəcək. Əvvəla ona görə ki, bu il keçmiş SSRİ-nin tərkibində olan qardaş türk dövlətlərinin müstəqilliklərini əldə etməsinin 30-cu ildönümüdür. Eyni zamanda, ikinci Qarabağ savaşını tarixi Zəfərlə başa vuran Azərbaycan bu Zirvədə topraqları işğaldan azad olunmuş dövlət kimi iştirak edəcək. Bundan başqa Türkmənistanın məhz bu Zirvədə Türk Şurasına tamhüquqlu üzvü olacağı gözlənilir. Bu baxımdan Türk Şurası ölkələri dövlət başçılarının səkkizinci Zirvə görüşü böyük önəm kəsb edir”.

Bunu agsaqqallar.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

O, qeyd edib ki,  səkkizinci Zirvəni dünyanın diqqət mərkəzinə gətirəcək bir məqam da Qazaxıstanın qurucu Cümhurbaşqanı Nursultan Nazarbayevin təklifi ilə bağlıdır: “Məlum olduğu kimi pandemiya səbəbindən bu il martın 31-də Türk Şurasının onlayn formatda qeyri-rəsmi toplantısı olmuşdu. Amma noyabrın 12-də rəsmi Zirvə görüşü olacaq. Bu kontekstdə onu da xatırladım ki, Qazaxıstanın qurucu Cümhurbaşqanı Nursultan Nazarbayev 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən yeddinci Zirvə görüşündə çox önəmli bir təklif səsləndirmişdi. O, qurumun Türkdilli Ölkələr Şurası deyil, Türk Dövlətləri Təşkilatı adlandırılmasını təklif etmişdi. Türk dünyasının ağsaqqalı bu təklifini bu il martın 31-də bir daha səsləndirdi. Hesab edirəm ki, bu, çox önəmlidir. Çünki Türk Dövlətləri Təşkilatı adlandırılması ilə qurum beynəlxalq təşkilat adını alacaq. Yəni Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı kimi bir qurum olacaq. Hesab edirəm ki, səkkizinci Zirvədə bu təklif rəsmi həllini tapacaq. Ümumiyyətlə deyim ki, Nursultan Nazarbayevin bu günə kimi türk birliyi ilə bağlı verdiyi təkliflər ümumilikdə türk dünyasının daha da inkişafına xidmət edib”.

Keçmiş səfir bildirib ki, səkkizinci Zirvəni əhəmiyyətli edən digər məqamlar da var: “Məsələn, İstanbul Zirvəsində Türk Şurasının 2030-2040-cı illər üçün fəaliyyət planı, belə demək mümkünsə yol xəritəsi müzakirə oluna bilər. Həmçinin türk dövlətləri arasında daha sıx iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilə bilər. Ayrıca ortaq bazarın formalaşdırılması, iqtisadi sahədə bir-birinə dəstək göstərmək də gündəmə gələ bilər. Həmçinin, Özbəksitan Prezidentinin quruma üzv olan ölkələrin iştirakı ilə bir İnkişaf Bankının qurulması təklifinin də müzakirə ediləcəyi gözləniləndir”.

H.Kılıçın sözlərinə görə, bu zirvədə KKTC-yə Türk Şurası (Keneşi) daxilində bəlli bir statusun verilməsi də gözləniləndir: “KKTC 50 ilə yaxındır dünyanın haqsızlığı ilə baş-başadır. Dünya birliyi Kıbrıs türkünə verilməsi vacib olan haqları nəhayət ki, verməlidir. Bunların başında isə təbii ki, KKTC-nin müstəqil dövlət kimi beynəlxalq aləm tərəfindən tanınması gəlməlidir. Hesab edirəm ki, türk dövlətləri bu istiqamətdə ilk addımı ataraq KKTC-nin müstəqil dövlət statusunda Türk Şurasında təmsil olunmasına qərar versələr dünyaya da bir mesaj vermiş olarlar”.

“Onu da vurğulayım ki, Macarıstanın müşahidəçi statusda Türk Şurasının Zirvə görüşlərinə qatılması böyük əhəmiyyət kəsb edir. Çünki Avropanın ortasında bir türk dövlətinin olması bizim gücümüzü daha da artırmaqdadır. Ümumiyyətlə hər bir Zirvə türk dünyasının daha da güclənməsində özünəməxsus rol oynayır. Bu baxımdan inanıram ki, 12 noyabrda İstanbulda keçiriləcək zirvə də türk dünyasının tarixinə düşəcək”, – deyə, H.Kılıç sonda əlavə edib