İlqar Yusibov:”30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişmişdi! “

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Vətən müharibəsi! 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ Savaşı Azərbaycan xalqının həmrəyliyini, yurd sevgisini vəucalığını göstərdi bütün dünyaya. Dünyanı heyrətdə qoyan “Qarabağ Azərbaycandır!”-şüarlı savaşın “dəmir yumruğu” düşmənin başına elə endi ki, düşmən də öz heyrətinii gizlədə bilmədi. Bu savaşda hər bir vətəndaşın bir nömrəli işinə çevrildi Qarabağ! Hər kəs gücü çatan işdən yapışdı. Kimi informasiya cəbhəsində yerini bərkitdi, kimi sovqat tutdu, kimi bunu cəbhəyə daşımaqdan yorulmadı. Bütün azərbaycanlılar bir yumruqda birləşdi! Ali Baş Komandanın yumruğunda! Bu yumruq qətiyyətlə  qalxmışdı düşmən başına enmək üçün. Ön və arxa cəbhədə səfərbərolanlar içində səhiyyə işçiləri də ön  cəörgədə idilər. Hamı könüllü idi! Hamı sancılacaq bayraqların ardınca  sevgiylə, coşğuyla yürüyürdülər. Bu sevgi, bu coşğu, bu güc ilahidən gəlib, ürəkdə vətən sevgisinə qoşularaq insanlara qanad vermişdi. Hamı şığıyırdı Qarabağa doğru! Böyük, kiçik, ahıl, cavan, qadın, kişi, körpələr belə… Hamı könüllü, hamı sevgili! Və bir də Xudayarın bütün dünya azərbaycanlıların dilinə düşən, ürəyinə köçüb, gözdən çıxıb süzülən möhtəşəm ifası, səsi..

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar vətən yaxşıdır,

Vahid, sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür.

Qarabağa izdiham gedirdi! Yurd həsrətli, qisas yanğılı, Vətən sevdalı izdiham!  Bu  izdihamın içində ağ göyərçintək cilvəli ağ xalatlılarımız da vardı. Onların içində də gözəl xarakteri ilə hamının sevimlisinə çevrilən, qızıl barmaqlı həkim, Xəzər  Klinikasının baş həkimi,  Tibb üzrə fəlsəfə doktoru, ümumi-laparoskopik cərrah İlqar Yusibov da vardı.

Mənimdi bu torpaq , bu dağ, dərə-deyərək müharibənin ilk günlərindən könüllü olaraq  cəbhəyə gedən həkim sosial şəbəkə hesabında belə bir yazı buraxmışdı:” Dəyərli vətəndaşlar!Bu gün xalqımız sınaq qarşısındadır. Bütün kin- küdurəti, siyasi əqidəni, ədavəti kənara qoyub, Dövlətimizin, Ordumuzun yanında olmalıyıq! Milli qeyrət, şücaət, mənlik bu gün müəyyən olunur. Hamımız Vətən üçün, Torpaq üçün, Dövlətçiliyimiz üçün Şərəfli, Mətin, İgid Ordumuzun yanında olmalıyıq. Hamınız arxa cəbhədə informasiya müharibəsində çox fəal olsun!!! İnşaAllah haqq bizimlədir! Ordumuz sözünü qəti deyəcək! Qələbə ümidi ilə Allah amanında!!!”.

İlqar Yusibov vətənpərvər insan idi. Şair kimi də ən çox vətənpərvər şeirlərə üstünlük verirdi. Qarabağ bu sevimli həkimimizin də yaralı yeri idi. Əyninə geydiyi döyüş mundirilə yurda sipər olmağa gedirdi. Andını içib gedirdi! Sevdiyi, vəsf etdiyi bu torpağa, bu dağa, bu dərəyə sinəsini sipər etməyə gedirdi! O, da hamı kimi zəfərə, qələbəyə inanırdı. Könüllü həkim dəstəsi yüksək ruhla yollanmışdılar Qarabağa! Burda onlara ehtiyac vardı! Özlərinin də təbirincə desəm, bir həkim üçün ərənlərin, igidlərin sağlamlığını qorumaqdan, yaralarına məlhəm olmaqdan şərəfli nə ola bilərdi ki?!

Müzəffər ordu düşmənin belini qırmışdı. Yaralı olmaqlarına baxmayaraq döyüşçülər dayanmadan vuruşmaq istəyirdilər. Orduda döyüş ruhu çox yüksək idi. Döyüşçülərin inanılmaz gücü və həmləsi erməniləri nə qədər böyük qorxuya salırdısa, xalqımızı və  həkimləri də o qədər qürurlandırırdı. Ali Baş Komandan qızıl hərflərlə Azərbaycan tarixinin yeni, yepyeni səhifəsini, qalibiyyət səhifəsini yazırdı!

Akademik Botkinin bir yaxşı kəlamı var. Deyir, həkimin əxlaqi mədəniyyəti, təcrübəsi ona ruhi sakitliyini saxlamaqda kömək edəcək. Bu da ona yaxınları və Vətən qarşısında müqəddəs borcunu həyata keçirməyə imkan verəcək. Məhz bu, həyatda həkimin qazandığı əsl xoşbəxtliyə səbəb olacaq. İlqar Yusibov səbr və təmkini ilə seçilən bir insandı. Akademik Botkin sanki bu sözləri İlqar həkimə istinadən yazmışdı.

Qarabağda qızğın döyüşlərdən sonra qayıdarkən öz təəəsüratlarını bölüşüb. “Bu döyüş başqa döyüşlərə, bu döyüşçülər də başqa döyüşçülərə bənzəmirdilər! Əsgərlərin ruhuna ilahi  güc gəlmişdi. Bir əsgərin yarasını sarıyanda dedim ki, yaran böyük deyil, tez sağalacaqsan. Əsgər məğrurcasına dikəldi və gülümsədi. Dedi, həkim, mən qisası 50 qat almışam hələ. Məni tez göndərin, dostlarım gözləyir.

Sakitcə bu coşğunu seyr etdim. Bu coşğuda böyük türkün səsi vardı, gücü vardı! Yaşa, var ol- dedim- igidim, cəngavərim, sənsən bu millətin qururu, şərəfi, ucalığı! Bu gün Ali Baş Komandanın iradəsi , qətiyyəti və Ordumuzun mübarizliyi, şücaəti ilə bu xalqın, bu millətin Qəhrəmanlıq Səlnaməsi yazılır.  Qarabağ Azərbaycandır! Azərbaycan Bayrağı yaxın günlərdə Qarabağda dalğalanan tək bayraq olacaq! Oldu da! Bu xalq, bu millət, bu Vətən yenilməzdi!”.

Qarabağ Azərbaycandır! 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur yerimizə çevrildi. 8 noyabr- Zəfər Günü! Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün! Bəli, bu döyüş, bu qəhrəmanlıq heç vaxt yaddaşlardan silinməyəcək! Azərbaycan oğulları bir daha nəyə qadir olduqlarını bütün dünyaya bəyan etdilər! Bu oğulların yarasına məlhəm olan İlqar həkimin timsalında bütün tibb işçilərinə öz minnətdarlığımızı bildiririk!  Əlləriniz var olsun! Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza, qazilərimizə şəfa diləyirik!

P.S.Yəqindir ki, İlqar həkimin sinəsi fəxarətlə dolub, daşır, sözlər sinəyə sığmır. İnşaallah, yaxın günlərdə təəssüratlarını daha geniş formada şərh edəcəyik.

 

Şərafət Şəfa

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR