YAP-ın rəsmisi məşhur idmançını belə təbrik etdi
“Bu gün gənclərimiz Azərbaycanımızı çox yüksək ruhla təmsil etdikləri üçün daha çox uğura nail olurlar. Ulu Öndərimizdən qaynaqlanan “Gənclər siyasəti” və möhtərəm prezidentimizin gənclərə olan etimadı gənclərimizdə böyük dönüş yaradaraq, onlara böyük meydan açdı”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov partiyanın Gənclər Təşkilatının sədr müavini Xəyal Əhmədovun bu günlərdə Almaniyada qazandığı böyük qələbəni Agsaqqallar.az saytına şərh edərkən deyib.
O, qeyd edib ki, milli maraqlara, milli dəyərlərə əsaslanan və beynəlxalq təcrübəni ehtiva edən Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri, ölkədə gedən proseslərdə fəal iştirakçı edib . Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər bütün sahələrdə öz uğurları ilə bir daha gəncliyə olan inamı daha da möhkəmlətmişdir”.
R. Əhmədov onu da bildirib ki, dövlətin bütün sahələrə olduğu kimi idmana verdiyi böyük önəmin nəticəsidir ki, bizim dəyərli gəncimiz, dünya şöhrəti qazanan idmançımız Xəyal Əhmədov hər dəfə xarici ölkədə bayrağımızı qaldırır, himnimizi oxudur.
“Mən partiyamız adından bütün gənclərə uğur diləyir və Xəyal Əhmədovu qələbə münasibəti ilə təbrik edirəm. Ona partiyanın fəalı kimi də böyük uğurlar diləyirəm. Xəyalın uğuru hamımızın uğurudur, Vətənin uğurudur”-deyə R. Əhmədov vurğulamışdır.
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.