Teymur Bünyadov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

 

Bünyadov Teymur Əmiraslan oğlu, doğum tarixi 20.01.1928 – Tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində dünyaya göz açıb. T.Bünyadov orta məktəbi qızıl medalla bitirmiş, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

T.Bünyadov təkcə elmi və bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olmuşdur. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 25-dən çox elmlər namizədi-fəlsəfə doktoru yetişmişdir.

T.Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri seçilmiş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olmuşdur. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prezident seçkilərində onların vəkili kimi çıxış etmiş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. O, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar cəmiyyətinin üzvü olmuşdur.

Görkəmli alim T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika elmi tədqiqatlarının tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq” və “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvüdür.

Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR