Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkənin doqquz vilayətində keçirilən partiya konqresinə onlayn şəkildə qatılıb. Konqres iştirakçılarına müraciətində dövlət başçısı hazırda Türkiyə və dünyada mövcud olan problemlərdən danışıb. Ölkəsinin xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verən Ərdoğan Qarabağ məsələsinə də toxunub.
“Şərqi Aralıq dənizindən başlayaraq Qarabağ məsələsinədək güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”, – deyə Türkiyə prezidenti bəyan edib.
R.T.Ərdoğan ölkəsinin istismar və istibdad üzərində qurulan və əsrlər boyu davam edən dünya düzənini dərindən sarsıtdığını bildirib.
“Artıq masa üstündə cızılan xəritələr bölgəmizdə tətbiq edilə bilməz. Təbii sərvətləri qarət etmək üçün vətəndaş müharibələri və terror hadisələri asanlıqla təşkil oluna bilməz. Türkiyəyə qarşı aparılan kampaniyanın məzmununa nəzər yetirin. Hər birinin arxasında bu məsələni görəcəksiniz. Kim nə deyirsə desin, tarix öz hökmünü verir”, – deyə dövlət başçısı qeyd edib.