Səngərdəkilərə məktublar….
Əziz hərbçi əmilər…
Salam əsgər əmilər!
Mən hələ balacayam. Qardaşım Muradla əsgər marşı öyrənirəm. Həyətdə səngər düzəldib dava-dava oynayırıq. Özümüzə Lələ Təpə düzəldib bayraq sancmışıq. Biz də sizin kimi bu vətəni çox sevirik. Yanınıza gəlmək istəyirik. Anam deyir ki, hələ olmaz, balacasız. Amma biz də szizn yanınıza uzanıb güllə atmaq istəyirik. Əsgər əmi, anam deyir, siz bizi, torpağı qorumaq üçün vuruşursuz. Qardaşım Murad da, mən də böyüyəndə sizin kimi olacağıq. Vətənimizi qoruyacağıq. Murad hamıya deyir, mən əsgərəm, Murad deyiləm! Mən də əsgərəm! Anamla nənəm hər gün sizin üçün dua edir. Deyirlər ki, əsgər əmilər Şuşadan sizə bayraq pay gətirəcəklər. Mənim dayım Ülvü də, Ümid də, Bayram da sizin aranızdadır. Biz onlar üçün çox darıxmışıq. Düşmənləri tez qovun yurdumuzdan. Tez qayıdın! Ülvü dayım, Bayram dayım, nənəm deyir, siz orda Qarabağ atına minmisiz. Dağlarda gəzirsiz. Mən də istəyirəm. Bizi də apararsız ora. Yaxşımı?! Sizin hamınızı çox istəyirik. Öpürük hamınızı, əsgər əmilər. Allah razı olsun sizdən! Tez gəlin!
Biz də bunu əzbərləmişik: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Altun və Murad Seyidov qardaşları,
Bakı şəhəri
———————————————————————————————–
Canım atam!….
Necəsən? Sənin üçün darıxmışıq. Səni çox sevirik. Sağ-salamat gələsən. Biz hamımız yaxşıyıq. Qardaşım da yaxşıdır. Hər qapı döyüləndə qapıya qaçır. Ata, sən gedəndən mən sənin əşyalarını qarışdırıram. Diş fırçanı da korlamışam. Özümü sənin kimi aparıram. Axı indi evdə böyük kişi mənəm. Anamı, qardaşımı qorumalıyam..
Canım atam, Əli babam deyir ki, atan qəhrəmandı, igid oğlandı. O, bizi qorumaq üçün döyüşür. Mən də böyüyəndə hərbçi olacam. Düşmənləri yurdumuzdan qovacam. Canım atam! Tez qayıt. Gələndə mənə Qarabağdan çoxlu-çoxlu nağıl, hekayə danışarsan. Səni çox sevirik! Qoy Allah baba hamınızı qorusun!
Əsgərlərə salam de.
Oğlun Ayxan Məmmədli,
Abşeron rayonu At yalı qəsəbəsi
————————————————————————————————
Qarabağ bizimdi…..
Əziz atam! Səni və bütün əsgərləri salamlayırıq. Sən bizdən uzaqdasan indi. Biz səni çox sevirik! Hər səhər sənə əsgəri salam verməyə öyrəşmişdim. Yenə də elə davam edirəm. İndi yerin boş qalıb. Sən Qarabağdan düşmənləri qovub çıxarırsan. Sən mərd əsgərsən. Biz səninlə fəxr edirik, ata! Siz hər dəfə bir yeri azad edəndə mən çox sevinirəm. Sinəmi qabardıb gəzirəm ki, mənim atam qəhrəmandı. Evimizin qapısından bayraq asmışıq. Hər gün o bayrağın altında sənin kimi sinəmi qabardıb, şax dururam. Qonşu uşaqlara sənin barəndə danışıram. Dua edirəm ki, qoy düşmənlər məhv olsun! Azərbaycanımız xoşbəxt yaşasın! Əziz ata, dünən qonşumuz ağlayırdı. Deyirdi ki, bizim ordumuz yurdumuzu işğaldan azad edib. Mən indi qaçqın deyiləm! Onlar Qarabağa getməyə hazırlaşırlar. Ata, evə gələndən sonra bizi də apararsan Qarabağa. Onlara qonaq gedərik.
Sağ ol, ata! Səni çox sevirik! Bizdən nigaran qalma! Öpürəm!
Qarabağ bizimdi! Vəssalam!
Hörmətlə,
oğlun əsgər Rüfət Əliyev
Yeni Suraxanı qəsəbəsi Ə. Məmmədov adına 101 nömrəli məktəbin şagirdi
İgid əsgər!
Mən Rövşən Ənsərəm! Sizə əsgəri salam verirəm. Mən də böyüyəndə komandir olacağam. Vətənimi qoruyacacağam. Hər gün televizorda sizə baxıram. Sizin kimi addımlayıram. Anam deyir ki, əsgərlər qəhrəmandırlar. Onlar heç nədən qorxmurlar. Bizi qorumaq üçün gecələri də yatmırsız. Qarın içində, günəşin qızmarında Vətən keşiyində durursunuz. Mən əsgər marşlarını bilirəm. Hər gün sizin üçün oxuyuram. Əsgər əmi, mən hər gün –“zəfər, qələbə” sözlərini eşidirəm. Anam deyir, bu sizin, əsgərlərin adıdır. Nə gözəl adınız var! Mən də qəhrəman olacam. Anam həmişə mənə hərbi paltarlar alır. Deyir, dünyanın ən gözəl paltarıdı bu. Mən də belə geyinməyi xoşlayıram! Sizi yaxından tanımaq, görmək istəyirəm. Öpürəm sizi, əziz əsgərlər! Allah baba özü qorusun sizləri!
Rövşən Ənsər,
Bakı şəhəri
Salam igid əsgərlər!
Mən isti otaqda oturub sizi düşünür və soyuq havada olan rəşadətli oğullara ürək sözlərimi çatdırmaq istəyirəm. Azərbaycan əsgəri qüruru və qorxmazlığı ilə seçilir. Mən xəbərləri izləyir və sizinlə qürur duyuram. Yumruğumu düyüb “Vur, komandir, vur!”-deyirəm. Əziz əsgərlər, mən idmançıyam. Həm yaxşı oxuyuram, həm də idmanla məşğul oluram ki, sizin kimi güclü olum. Böyüyəndə bu torpağı, ana-bacılarımı qoruya bilim. Siz düşmənləri qovub çıxarırsız ki, biz, xalqımız sakit yaşasın. Ölkəmiz abad olsun! Buna görə çox sag olun! Qarabağ bizimdir, bizim olacaq-dediz. İndi də dediyinizi həyata keçirirsiz. Əlləriniz var olsun! Sizi sevir, həsrətlə yolunuzu gözləyirik!
Allaha əmanət olun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Tağıyev Ziya Cavad oğlu,
Zığ qəsəbəsi 317 saylı orta məktəbin şagirdi
————————————————————————————————-
Qələbəni gözləyrəm…
Salam əziz əsgər və zabitlərimiz!
Öncə sizə bildirim ki, mən əynimdəki bu paltarla öyünürəm. Çünki bu paltarda mən özümü sizə oxşadıb, özümü sizin kimi qəhrəman hesab edirəm. Bu paltar mənə bayrağımızı qorumağı əmr edir. Siz indi real olaraq düşmənlə vuruşursunuz. Qarabağ barədə mən, ancaq kitablarda oxumuşam, söhbətlərdə eşitmişəm. Oranın gözəl bir məkan olduğunu deyirlər. Mənim də əslən Qarabağdan olan dostlarım var. Çox sağ olun ki, işğal olunmuş yurdları bizə qaytarırsınız. İndi mənim dostlarıma daha “qaçqın”deməyəcəklər. Onlar kimi, mən də Qarabağa səyahət edə biləcəyəm. Lələ Təpəni, Kəlbəcər dağlarını və başqa yerləri görəcəyəm. Mənim qəhrəmanlarım, indi siz hamının diqqətindəsiniz. Biz ailəlikcə sizlərə dua edirik ki, tez qələbə qazanasız. Şəhid olanlar, qazilər, sizlər, hamınız bizə doğmasız, əzizsiniz. Biz heç vaxt sizləri unutmarıq! Çox sağ olun ki, Vətəni və bizləri qoruyursunuz! Sağ olun!
Hörmətlə sizin əsgər,
Vəliyev Fərhad Rəşad oğlu,
Xətai rayonu 138 saylı məktəbin 5-ci sinif şagirdi
Salam, Vətənimizin qüruru – əsgəri!
Salam, Vətənimizin qüruru – əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm, deməli, tanıyıram. Sən Vətənini canından üstün tutursan.
Mən və mənim ailəm döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədir.
Vətənin səngərini də Vətən bilən, Vətəni qoruyan Azərbaycanın əsgəri, eşq olsun sizə. Vətən evimizdir, Vətən sərhəddən başlayır. Sərhəddə düşmənlə üz-üzə dayanan mərd və qorxu bilməyən Azərbaycan əsgəri.
Bu günlərdə cəbhədə vəziyyət gərgindi. Ermənilər hər zaman dövlət sərhədlərimizi pozmağa çalışıblar. Sən də, sənin əsgər qardaşların da düşməni ağır məğlubiyyətə uğratdı. Onlar bir daha gördülər ki, Azərbaycan əsgəri yenilməzdir. Sənə və əsgər yoldaşlarına hamımızın güvənci sonsuzdur. Sizin sayənizdə mən bu gün rahat nəfəs alıram. Buna görə də hər nəfəsdə sizə təşəkkür edirəm. Çünki sizə, torpağa dəyən bir güllə, bir qəlpə bizim ürəyimizi dəlib keçir. O yaraların məlhəmi ancaq sizin qazanacağınız qələbə olacaq. Əgər uşaq olmasaydım mən də əlimə silah götürüb sizin yanınızda olardım. Təəssüf ki, bunu edə bilmirəm. Özün də unutma, əsgər dostlarına da de ki, biz yanınızda ola bilməsək də, ürəyimiz hər zaman sizinlədir. Siz türk oğlu, Azərbaycan əsgərisiniz. Mən buna əminəm!
Mələk Mehrablı,
Qax şəhər
Agsaqqallar.az