“Proseslər sübut etdi ki, İlham Əliyev dünya səviyyəli siyasi liderdir” – Ramin Əhmədov
“Xalqımız demək olar ki, hər gün Azərbaycan Ordusunun qələbə xəbərləri ilə sevinir. Artıq işğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Dünya Azərbaycan əsgərinin gücünü görür. Əlbəttə ki, bu gün əldə etdiyimiz uğurlar məqsədyönlü ordu quruculuğunun nəticəsidir. Uzun illər Azərbaycan ordusuna ayrılan vəsait düzgün istiqamətə xərclənib və indi xalqımız görülən işlərin bəhrəsini görür. Bütün bu uğurların təməlində isə Prezident İlham Əliyevin xalqa sevgisi, Qarabağ həsrəti və siyasi iradəsi dayanır. Ölkə başçısı Azərbaycan xalqını qələbəyə aparan stategiyanı, ordu quruculuğunu uzun illərdir həyata keçirir. Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad edir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevin uğurlu ordu quruculuğu və siyasi iradəsi barədə danışarkən deyib.
YAP rəsmisi bildirib ki, Azərbaycan prezidenti konkret hədəfə hesablanmış strategiyası ilə Ordumuzu qələbəyə aparır: “Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmanlıq dastanı yazır. Ermənistan ordusunun 30 il ərzində qurduğu stehkamları 15-20 gün ərzində dağıdır və sürətlə irəliləyir. Azərbaycan Silahlı Qüvvələri bu uğurlu əməliyyatları ilə dünyaya ən güclü Ordulardan biri olduğunu sübut edir. Bu gün xarici hərbi ekspertlər də etiraf edirlər ki, Azərbaycan Ordusu yüksək döyüş potensilalına malikdir. Görünən odur ki, Ordumuz hərb tarixində yeniliklərə imza atır. Ordumuzun dronlarla qurduğu və düşməni lərzəyə salan döyüş taktikası mükəmməldir, digər ordulara nümunədir. Azərbaycan Silahlı Qüvvələri texnoloji cəhətdən də mükəmməl təchiz olunub. Artıq bütün işğal atında olan torpaqlarımızın azad olunacağı, Ordumuzun daha böyük qələbələr qazanacağı heç kimdə şübhə doğurmur. Bu əminliyi Azərbaycan xalqında Ali Baş Komandan İlham Əliyev yaradıb. Onun çıxışları, xalqa müraciətləri insanlarda böyük ruh yüksəkliyi yaradır, Orduya, dövlətə, qələbəyə inamı daha da artırır. Bir sözlə, Ali Baş Komandan Azərbaycan xalqına heç vaxt yaşamadığı günləri, qələbə sevincini yaşadır”.
Ramin Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin mövqeyi və siyasi iradəsi ilə bu gün dünya gücləri də hesablaşmaq məcburiyyətindədirlər: “Proseslər sübut etdi ki, İlham Əliyev dünya miqyaslı siyasi liderdir. Xalq da bunu görür və öz liderinin yürütdüyü heyrətamiz siyasətə görə qürur duyur. Xalq Prezidentin siyasi iradəsinə, Ordumuzun qüdrətinə tam inanır. Əminik ki, yaxın müddət ərazində Prezident bütün işğal altında olan torpaqlarımızın azad edildiyi barədə xalqı müjdələyəcək. Xalq öz Prezidenti ətrafında yumruq kimi birləşib. Artıq heç bir qüvvə bizim iradəmizə qarşı gələ bilməz”.
Missiya.Az