Yəhya Ağayev:”Veteranlar Təşkilatının bütün üzvləri səfərbərdilər”
Bu gün bütün dünya azərbaycanlarını sevincə tutunduran zəfər xəbərləri veteranlarımızn da qanını coşdururb. Onlar bütün varlıqları ilə Ali Baş Komandanı dəstəklədiklərini, cəbhəyə getməyə hazır olduqlarını bildirirlər. Ağsaqqallar.az saytı olaraq biz də ağsaqqal veteranlarımızı ziyarət edir, onların coşğuluy çıxışlarını, səslərini hərbçilərimizə çatdırmağa çalışırıq.
Bu günkü müsahibimiz Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Nizami rayon Təşkilatının sədri Yəhya Ağayevdir.
–Zəfər sevincli günlərdə sizləri xoş gördük, əziz veteranımız. Duyğularınızı bizimlə bölüşməniz üçün burdayıq.
–Xoş gördük, əziz informasiya müharibəsi səngərinin əsgərləri. Bəli, bu gün sevincli günümüzdü. Azərbaycan tarixinin şanlı səhifəsini yazır bu gün cənab Ali Baş Komandanımız. Bizim nizami ordumuzun şücaəti böyükdən kiçiyə hamımızın ürəyini riqqətə gətirib. Bir hərbçi olaraq, Qarabağ savaşçısı olaraq keçirdiyim duyğuları ifadə edə bilmirəm. o qədər qürurluyam ki, hər səhər yerimdən duranda əlimə silah alıb birbaşa cəbhəyə yollanmaq istəyirəm.
– Veteranlar Təşkilatının demək olar ki, çox üzvlərində belə coşğu var. Təşkilatınızın sədr müavini Cəlil Xəlilovla tez-tez rastlaşırıq cəbhə yollarında, vətənpərvər tədbirlərdə. Məhz belə oğullarımızın hərbçi ruhunun təntənəsidi bu günkü zəfərlərimiz.
-Elədi, qızım. Bu gün Veteranlar Təşkilatının bütün üzvləri səfərbərdilər. Bircə kəlmə bəsdi ki, səhhətlərinə, hansı vəziyyətdə olmaqlarına baxmayaraq cəbhəyə tökülsünlər.. Bu ruhu, bu əzmi bizə əta edən, bizə sevinc verən, illərdir ki, əsirlikdə olan torpaqları bizə qaytaran Ali Baş Komandanımıza minnətdarıq! Məhz onun yürütdüyü düzgün siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutub. Onun siyasətinin nəticəsidir ki, nizami ordumuz var və bu ordu bu gün minlərlə qaçqın-köçkünün qəlbində ümid tonqalı alovlandırıb.
– Ermənilərin mülki əhaliyə silah tuşlaması bir hərbçi kimi sizə nələri deməyə əsas verir?
-Bu artıq uduzmağın və acizliyin isbatıdır. Ermənilər heç vaxt heç bir konvensiyanı nəzərə almadan bildiklərini ediblər və bu hələ də belə davam edir. Bu gün onların Xızı, Gəncə, Ağcabədi, Mingəçevirə atdıqları silahlar onların ordu pərakəndiliyindən xəbər verir. Nizamsız ordunun başını itirmiş komandanı heç vaxt düzgün qərar verə bilməz. Bizim nizami ordumuz onların mülki əhalisinə silah tuşlamır. Biz öz yurdlarımızı geri alırıq. Öz torpaqlarımızı, öz evlərimizi.. Bizdə hər bir əsgərə diqqət, qayğı var. Lakin erməni əsgərləri təhqir və təzyiqdədirlər. İndi internet əsridi. Heç nəyi gizlətmək mümkün deyil. Erməni ordusunda əsgər zəncirlənir, əsgər güllələnir, əsgərə çağırılan xidmət etmək istəmir. Bütün analizlərin yeganə bir cavabı var, o da budur ki, Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat üstündü.
– Veteranlarımız əsgərləri ziyarət edib, qəhrəman döyüşçülərimizlə görüşüblər. Hansı təəssüratla qayıtdız?
-Veteranlar Təşkilatı olaraq biz hər zaman əsgər və zabitlərimizlə təmasda oluruq. Həqiqi hərbi xidmətə gedənləri yola salır, qayıdanlarla görüşlər keçiririk. Bu gün Qarabağ sözünə bağlı olan hər kəs diqqətimizdədi. Veteran Təşkilatının üzvləri bilirsiz ki, sayılıb-seçilən keçmiş döyüşçülər, hərbçilərdən ibarətdi. Bizim borcumuzdur ki, cəbhədə olaq, əsgər və zabitlərimizə tövsiyyələrimizi verək. Üzvlərimiz tez-tez gedirlər. Təəssüf ki, mənim burdakı tədbirlərlə əlaqədar getmə imkanım olmayıb. Bu günlərdə yenə də bizim səfərimiz var. Bizim dəyərli polkovnikimiz Cəlil Xəlilov yorulmadan Qarabağda səfərlərdədi. Bizi Şuşaya aparacağına söz verib. Biz də həsrətlə və tezliklə o günü gözləyirik.
– Əsgər və zabitlərimizə ürək sözləriniz?
-Mənim əziz balalarım, mənim əziz hərbçilərim! Siz hərb tarixində yenə də şanlı bir səhifə yaradırsınız. Biz sizinlə qürur duyuruq, biz ruhən sizinlə ordayıq, tətikdəyik! Eşq olsun sizlərə! Eşq olsun Azərbaycanın Silahlı Qüvvələrinin hər bir fərdinə! Halal olsun sizlərə bu Vətənin çörəyi!
Əziz Ali Baş Komandanımız! Biz veteranlar Sizi ikiəlli deyil, dördəlli alqışlayırıq! Sizə minnətdarlığımızı bildiririk bu sevinci bizə yaşatdığınız üçün!
İrəli, ancaq irəli!!! Sizin Şuşaya bayraq sancmağınızı həyəcan və sevinclə gözləyirik! Xalq sizinlədir! Milyonların sevincinə səbəb olan, yurdlarımızı geri qaytaran böyük sərkərdə!
– Biz də ölkə başçımıza və orduya dəstək olduqları üçün, eşq olsun deyirik veteranlarımıza. Müsahibə üçün çox sağ olun, Yəhya müəllim. Növbəti müsahibəni Şuşada almaq arzusuyla..
-Amin, İnşaallah!
Şərafət Şəfa