DİM: Dövlət qulluğuna qəbulun test imtahanı noyabrın 18-də keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Agsaqqal.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.
İmtahan keçmiş Bakı Asiya Universitetinin binasında keçiriləcək. İmtahana qeydiyyat 7 noyabr tarixindən başlayır və imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş yerlərin sayına uyğun olaraq qeydiyyat bitdikdən sonra yekunlaşır.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet” yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış olmaq olar.
“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
– “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” adlı broşür;
– İmtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar;
– Test imtahanı proqramları;
– “Namizədin yaddaş kitabçası” .
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.