Moldovada Bakının istisinə qızınan səfir
Hulusi Kılıç: “Harada olmağımdan asılı olmayaraq, ömrüm boyu Azərbaycanın elçisi olacağam”
Ömür yoluna doğulub-böyüdüyü kənddə, özünün təbirincə desək, “məktəb görməmiş” nur üzlü Ananın on uşağından beşincisi olaraq başlayan, əkin əkib, yer belləyən, o günlərdən bu günlərə diplomatik arenada brendə çevrilən və hələ də köklərindən qopmayan bir dövlət adamıdır, müsahibim. Uzaq Moldovada Bakının istisinə qızınan, köksündə “Azərbaycan dövlətinin dostu” ordenini gəzdirib, qatıldığı hər mərasimdə bayraqlarımızı öz ölkəsinin bayrağı ilə yanaşı dalğalandıran Türkiyə Respublikasının ölkəmizdəki keçmiş, Moldovadakı indiki səfiri, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunmuş Hulusi bəy Kılıçdır:
–Azərbaycana xoş gəlmisiniz. Vətəninizə…
-“Vətəninizə xoş gəlmisiniz” demək daha gözəl olardı. Çünki mən vətənimdə hiss edirəm özümü.
–Elədir. Siz bizdən daha çox azərbaycanlısınız. Bunu uzaq Moldovadan belə hiss eləmək olar. Cənab səfir, bu sizin Bakıya neçənci gəlişinizdir?
– Azərbaycandan heç vaxt qopmamışam. Burda dörd il yarımdan çox diplomatik fəaliyyətim olub. Təbii ki, Azərbaycan, Bakı bizim üçün çox önəmlidir. Gözəl xatirələrim var, dəyərli dostlarım var, bütün küçələrini tanıyıram. Mənim üçün bu torpaqlar vətəndir, özünü vətəndə hiss eləmək də gözəl duyğudur. Artıq bir il bir aydır ki, Moldovada Türkiyənin səfiriyəm. Mən cənab prezident İlham Əliyevə bir söz verdim. “Harada olmağımdan asılı olmayaraq, ömrüm boyu Azərbaycanın elçisi olacağam” dedim. Cənab prezident məni “Dostluq” ordeni ilə təltif edib. Bilirsinizmi, səfirliyim dövrünə qədər və ondan sonrakı dövrlərdə də bu ordenə layiq görülən tək səfirəm. Bu orden həm mənə verilən dəyərin göstəricisi, həm də burda gördüyüm işlərin diplomudur. Özümü çox azərbaycanlıdan daha artıq azərbaycanlı hiss edirəm. Həmişə səmimi olmuşam, çünki xalqın içindən gəlmişəm. Ömür yolum xarakterimi zənginləşdirib. İşdən, işləməkdən qorxmamışam, “iş məndən qorxsun” deyib, bütün çətinliklərin üstünə getmişəm. Ona görə də bu məqamda olmaqdan məmnunam.
–Biz də sizi növbəti dəfə burada görməkdən məmnunuq. Cənab səfir, Azərbaycanı bu qədər özəl qılan nədir, sizin üçün?
-Millətimin aşiqiyəm. Azərbaycanda anamın türkcəsini eşidirəm. Bu, mənə uşaqlığımı xatırladır. Biz bir millətin üzvüyük. O türkcəni anam mənə kənddə öyrətmişdi, Azərbaycan türkcəsi ilə doğulub böyümüşəm. Bu, o deməkdir ki, oradakı insanlarımızla burdakı insanlarımızın soyu-kökü eynidir. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərin türkcəsi fərqli ola bilər, amma Anadoluda məhz Azərbaycan türkcəsi danışılır.
– Belə demək mümkünsə, diplomatik və siyasi arenada bir brend olan Hulusi Kılıç əslində bir kənd uşağıdır, eləmi?
– Bəli, hamı bilsin, mən bununla fəxr edirəm.
– Ailədə neçə övlad olubsunuz?
– Beş oğlan, beş bacıyıq.
– Siz neçəncisisiniz?
– Beşinciyəm.
– Sizdən başqa siyasətdə təmsil olunanlar varmı?
– Sadəcə, mən.
– O kənd sizə nələr verib?
– O kənddən mənə dürüstlük qalıb, yardımlaşma, verdiyin sözü tutma, birlik, sevgi, mehribanlıq, dostluq, səmimiyyət, saflıq, sadəlik qalıb.
– Bəs siyasət?
– Mən siyasətçi deyiləm, dövlət məmuruyam, dövlətin işini görürəm. Əslində bizim işimiz də bir növ siyasətə xidmət etməkdir.
– Bir dövlətin elçisi olmağın yükü ağır deyilmi?
– Çox ağırdır. Qardaş ölkədə o yük ikiqat ağırlaşır. Mən həm Azərbaycanın, həm də Türkiyənin böyük elçisiyəm. Ağır məsuliyyətdir. Yükün ikiyə qatlanır. Bilirsinizmi, məndə işçi ruhu var. İşimi sevən, elədiyimə toxunan bir insanam. Mən o vaxtlar indiki prezident, o vaxt baş nazir olan Tayyib bəyin yanında işləyirdim. İstədiyim yerə, hətta Amerikaya, Avropaya belə səfir təyin oluna bilərdim. Amma niyyətim bu qədər enerjini, bu qədər istəyi konkret, görünən bir işə çevirmək idi. Moldovada qaqauz türkləri var, yəqin sosial şəbəkələrdən görübsünüz, onlara çox dəstək verirəm. Onların Türkiyə ilə bağlarının daha da güclənməsinə çalışıram, türk dünyasına aid olduqlarını hiss etdirməyə cəhd göstərirəm. Bu, çox mühüm məsələdir.
– Cənab səfir, Azərbaycanı, qaqauzları başa düşdüm, türkün gözü hər yerdə türk axtarar. Yaxşı bilirik ki, Azərbaycan sizin üçün eləcə də digər Türkiyə səfirləri, diplomatları üçün həm də buna görə doğmadır, əzizdir. Bəs moldovanlarla sizi nə bağlayır?
– Moldova ilə bizim tarixi bir keçmişimiz var.
– Emosional bir bağlılıqdan bəhs edirəm.
– Hər şeydən əvvəl dostdur. Ondan sizə heç vaxt pislik gəlməz, həmişə yaxşılıq, dostluq gözləyəcəyiniz, rifahını istədiyiniz bir ölkədir. Həm də orda dediyim kimi, qaqauz türkləri var.
– Və siz onlara tam dəstək verirsiniz…
– Bəli. Mən sizi dəvət edirəm, bir gün gəlib gözünüzlə görün. Çox deyil, elə on gün bundan əvvəl Gənclik Mərkəzinin təməlini atdıq. Bu proyekt mənim xahişimlə Ankara Altındağ qəsəbəsinin meri, dostum cənab Veysəl Tiryaki tərəfindən həyata keçirilmişdir.
– Siz Azərbaycanda da şəxsi işlərinizlə yadda qalıbsınız…
– Nuru Paşa abidəsi, Atatürk parkı, Şamaxıdakı şəhidliyin bərpa edilməsi… Bu misalların sayı çoxdur.
– Qəribədir, diplomatik korpusların nümayəndələri adətən sadə xalqla aralarına bir divar çəkirlər. Mən bilmirəm, bu, onların vəzifələrindənmi irəli gəlir, ya yox, amma bütün diplomatlar, siyasətçilər, eləcə də dövlət adamları vətəndaş üçün çalışır, vətəndaşın isə əli ona çatmır. Sizə görə bunun bir səbəbi varmı?
– Bunun doğru olmadığına inanıram. Vəzifəsinin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, məmurun işi vətəndaşa xidmət etməkdir. Bu, onun öncəliyi və öhdəliyidir. Vətəndaş da dövləti təşkil edir. Əgər belə bir hal varsa kökündən yanlışdır. Fəaliyyətim dövründə Bakıda, eləcə də hazırda Moldovada vətəndaşla iç-içə olmaq, daha yaxın olmaq üçün xüsusi günlər təşkil edirəm, “dönər”günü, “kuru fasülyə” günü və s. “Kuru fasülyə” milli bir yeməkdir, hazırlanması sadədir. Amma əsil məsələ dostluqdur. Belə günlər sayəsində orada yaşayan vətəndaşlarımız qaynayıb-qarışır, biri-birini tanıyır. Bunun adı xalq diplomatiyasıdır. Mən 2000-2005-ci illərdə Hələbdə baş konsul olanda belə bir təlimat vermişdim, vətəndaşları həmişə yaxşı qarşılayın, gələndə bir çay ismarlayın, pulunu da məndən alın. Bunun nəticəsidir ki, Bakıda gördüyüm sayğını günü bu gün də Hələbdən görürəm. Mənim eşqim, sevdam bir günlük deyil. İnsan sevgim çox fərqlidir. Vətəndaşını xor görən bir məmurun bəhanəsi olmamalıdır. Kim istəyirsə mənimlə əlaqə saxlaya, görüşə, danışa, hətta dərdləşə bilər. Azərbaycandan və ya Türkiyədən mənə işi düşənlərin sayı o qədər çoxdur ki. Əlimdən gələn qədər hamıya kömək edirəm. Bu mənəm, Hulusi Kılıç. Mən özümə məsulam, verdiyim sözlərin köləsiyəm.
– Hulusi bəy, yaş kamala ərdimi?
– (gülür) Kamil bir yaşdayam amma özümü yaşlı hesab etmirəm. Bu yaxında Moldovada qızımla birlikdə marafona qoşuldum.
– Yeri gəlmişkən, çox gözəl bir qızınız var…
– Qəlbi də gözəldir. O marafonda ikinci oldum, amma bir az məşq etsəydim, birinci də ola bilərdim.
– Bu enerjini haradan alırsınız?
– Həyata baxışımdan. Pozitiv düşünməyimdən. Özümə verdiyim dəyərdən, dostların dəstəyindən. Mənə yazılan hər gözəl söz enerjidir, gücdür, dəyərdir.
– Necə çatdırırsınız?
– Hərdən çətinlik çəkirəm. İnanın, salam-sağ ol yazanlar var, onlardan inciyirəm. Mənim buna vaxtım yoxdur. Belə halda iş vaxtını uzadırıq. Başqası səkkiz saat işləyir, mən on səkkiz saat.
– Sizi dünyaya gətirən xanımı düşünürəm…
– Nur üzlü bir anam vardı. Məktəb görməmiş, məsum, kənddə yaşayan bir mələk. Bilirsinizmi, tarlada çalışaraq on uşağı dünyaya gətirib böyütmək qəhrəmanlıqdır. İndiki həyata baxanda xanımların yükü anama görə çox azdır. Bəlkə də başqaları keçmişindən utanardı, mən isə heç vaxt gəldiyim yeri inkar eləməmişəm, əksinə bununla fəxr eləmişəm.
– Heç tarlada işləyibsinizmi?
-Əlbəttə. Əkin biçdim, kotan sürdüm, bağçada işlədim. Hətta fəhləlik elədim. Görmədiyim iş qalmadı. O günləri heç vaxt unutmaram. Keçmişi unutmaq olmaz. Vəzifələr hamısı keçicidir. Bakıya artıq neçənci gəlişimdir bilmirəm amma hər dəfə gələndə sevgi görürəm. İnsanlar mənim üçün çox dəyərlidir. Bir addım gələnə qarşı iki addım gedirəm. Baxın, indi burda səfir deyiləm, burda Türkiyənin çox sevdiyim, dəyərli bir səfiri var. Amma səfir olduğum vaxtlardakından daha artıq sevgi ilə qarşılaşıram.
– Moldovadakı səfirlik dönəmi bitdikdən sonrakı planlarınız haqqında necə, düşünməyə vaxtınız oldumu?
– Gələcək göstərər. Enerjimi dövlətimə, millətimə, insanlara sərf etmək istəyirəm.
– Xatirələriniz maraqlıdır…
– O qədər çoxdur ki, heç bilmirəm hansından danışım. Birini danışsam, digərlərinə xəyanət edərəm.
– Deyirsiniz ki, Azərbaycana tez-tez gəlirsiniz. Gəlişləriniz arasında fərqlər olurmu?
– Əlbəttə. Azərbaycan sürətlə inkişaf edir. Yeni yollar, dünya standartlarında yeni aeroport, yeni tikililər insanın ürəyini açır.
– Türkün Türkdən başqa dostu varmı?
– Mənə görə yoxdur. Biz bizə yetərik, başqa dosta nə ehtiyac? Beş yüz milyon türk var dünyada.
– Burdan üzünüzü Türkiyəyə tutub, Azərbaycan haqqında nə demək istəyərdiniz?
– Azərbaycan bizim dost və qardaş ölkəmizdir, əlaqələr daha da sıxlaşmalıdır. Türkiyədə Azərbaycanı görməyən varsa, buyurub gəlsin. Qardaşlığımızı görsünlər, burdakı insanların özlərindən bir parça olduğunu görsünlər, bu coğrafiyada yaşayan insanların türk olduğunu görsünlər. Onlar kimi danışdıqlarını, heç bir fərq olmadığını, zarafatlarımızın, lətifələrimizin eyni olduğunu görsünlər.
– Səmimi söhbət üçün təşəkkür edirəm. Oxucularımıza sözünüz, tövsiyəniz nədir?
– Türk dünyasının gələcəyi çox parlaqdır. Hər kəs türk dünyasına inanmalı, özünü, əslini, bilməlidir. Türk olmaq mənə görə bir qürur vəsiləsidir. Tariximiz böyük bir qaynaqdır, yaxşı öyrənsinlər. Oxuculara salam və sayğılarımı göndərirəm.
Nigar İsfəndiyarqızı
Kaspi.az