Belarusdakı mitinqlər və Bakıda qurulan xam xəyallar – Ramin Əhmədovun şərhi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Belarusdakı proses süni şəkildə xarici qüvvələr tərəfindən təşkil olunub. Müşahidələr göstərir ki, aksiyalar xaricdə inqilab ssenariləri yazan bəzi qrupların tapşırığı ilə həyata keçirilir. Məsələn, polisi güllə qarşılamaq, mitinqlərdən sonra meydandakı tullantıları tamamilə təmizləmək… Bütün bunlar Qərbin inqilabçı şəbəkələrinin aksiyaya daha çox adam toplama metodlarındandır”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Belarusda seçkidən sonra yaşanan olayları şərh edərkən deyib.

R.Əhmədov qeyd edib ki, Liviya, Misir, Suriya, Gürcüstan, Ukrayna və digər bu kimi inqilab baş vermiş ölkələrdə də mitinqlərin ilk mərhələsində “sülhpərvər” məqamlar nümayiş etdirilib: “Amma proseslərin sonu ölkə və vətəndaş üçün fəlakətə çevrilib və iqtisadiyyatlar çöküb, insanlar səfalət içində yaşamağa başlayıb. Yəni inqilab heç bir ölkəyə xeyir verməyib. Azərbaycanda inqilab tərəfdarı olanlar, Belarusdakı ssenarini ölkəmizdə də təkrarlana biləcəyi ehtimalı ətrafənda müzakirə açanlar bilməlidirlər ki, həmişə olduğu kimi, bu dəfə də xam xəyallara qərq olublar”.

Ramin Əhmədov bildirib ki, hər dəfə hansısa ölkədə inqilabi proses başlayanda Azərbaycanda və xaricdə oturub anti-milli fəaliyyətlə məşğul olan qruplar fəallıq nümayiş etdirirlər: “Həmin hadisələrin Azərbaycanda təkrarlanması ilə bağlı ssenarilər cızırlar. Onlar düşmən Ermənistanda baş vermiş inqilab zamanı, hətta bir müddət əvvəl uzaq Venesuellada təşkil olunan mitinqlər zamanı belə ümidlənirdilər ki, Azərbaycanda da eyni proses başlayacaq. İndi isə Belarusda baş verən etiraz aksiyalarına diqqət yönəldiblər. Sosial şəbəkələrdəki paylaşımları adamda ikrah hissi doğurur. Bu insanlar anlamır ki, onların Azərbaycan daxilində dəstəkləyən elektorat yoxdur. Xalq ümumiyyətlə onları Azərbaycan siyasətinin bir parçası saymır. Həmin müxalif qruplar Belarusdakı mitinqləri idarə edənlərin Azərbaycandakı maşalarıdır. Xalq onların nə qədər satqın, riyakar olduğunu bilir. Hansı vətəndaş xalqının sosial vəziyyətinin pisləşməsini istəyən siyasi qüvvəni dəstəkləyər? Eləbəttə, heç kim”.

Belarusdakı mitinqlərin sosial və iqtisadi vəziyyətlə bağlı olmadığını deyən Ramin Əhmədov qeyd edib ki, rəsmi Minskin dövlət idarəçiliyində problemlərlər var: “Belarusda əhali Avropa ölkələrindəki kimi yaxşı yaşayır. Onların sosial problemi minimum səviyyədədir. Əsas problem isə idarəçilikdədir. Belarus müstəqillik qazandıqdan sonra demək olar ki, idarəçilikdə islahat aparılmayıb. Bu gün Belarusdakı aksiyalarında əsas səbəblərindən biri budur. Aleksandr Lukaşenkonun idarəçilikdə yenilənmələr aparmaması bəzi xarici dairələrin işinə yaradı və onlar prezident seçkilərindən sonra öz niyyətlərini həyata keçirmək istəyirlər”.

Ramin Əhmədov bidirib ki, Belarusdakı hadisələrin Azərbaycanda baş verə biləcəyi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur: “Qeyd etdiyim kimi, Belarusda baş verənlərin kökündə iqtisadi və sosial amillər deyil, idarəçilikdəki köhnəlmə dayanır. Azərbaycanda da eynilə iqtisadi və sosial problemlər minimum səviyyədədir. Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində isə Azərbaycanda 2018-ci ildən idarəçilikdə dərin və sürətli islahatlara start verilib. Ölkə başçısının tapşırığı ilə idarəçiliyə yeni dövrün tələblərinə uyğun savadlı və yüksək intelektə malik gənc kadrlar gətirilir. Prezidentin həyata keçirdiyi islahatlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. Ona görə də Azərbaycanda küçə yürüşlərinə, mitinqlərə heç bir əsas yoxdur. Bu gün Belarusun və ya hansısa başqa ölkənin Azərbaycan üçün nümunə göstərilməsinin kökündə xainlik və xalqa nifrət dayanır. İnsanlarımız görürlər ki, Prezident İlham Əliyev Azərbaycan xaqının sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri görür. Ağır pandemiya dövründə belə hökumət heç bir sosial layihəni təxirə salmadı. Odur ki, artıq hər bir vətəndaşımız anlayır ki, bizim əsas amalımız prezident İlham Əliyevin apardığı islahatları dəstəkləmək, Azərbaycanın müstəqilliyinin və bütövlüyünün qorunması üçün çalışmaq olmalıdır. Bu birliyimiz sarsılmayana qədər heç bir siyasi qüvvə Azərbaycanda istədiyinə nail ola bilməyəcək. Buna Azərbaycan xalqı indiyə qədər imkan verməyib, bundan sonra da imkan verməyəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR