" />

Ermənistanda “demokratik” diktatura – İşğalçı ölkə uçuruma yuvarlanır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışındakı çıxışı zamanı Ermənistanın hazırkı hakimiyyətini ifşaedici faktlarla tənqid edib. Prezident bildirib ki, Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, oradakı problemlər böhranlı həddə bir o qədər tez çatacaq: “Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur”.

Həqiqətən də, küçədən hakimiyyətə gələn Nikol Paşinyan erməni xalqının ona olan ümidlərini puça çıxardı. “Məxməri inqilab” zamanı etdiyi pafoslu çıxışlarda səsləndirdiyi vədləri yerinə yetirə bilmədi. Hakimiyyətdə yerini bərkitdikdən sonra isə erməni xalqının qarşısına diktator libasında çıxdı.

Aydın məsələdir ki, koronavirus pandemiyasının gətirdiyi iqtisadi gərginlik Nikol Paşinyanın xalq arasında olan-qalan nüfuzunu da sıfra endirdi, çünki Türkiyə və Azərbaycan tərəfindən blokada vəziyyətində saxlanıldığı üçün onsuz da iqtisadi vəziyyəti pis olan Ermənistana “COVİD-19” əlavə yük oldu, səfalət içində yaşayan xalqın sosial vəziyyəti daha da pisləşdi.
Bu hadisələr fonunda Paşinyan onun yarıtmaz siyasətinə qarşı etiraz edən müxaliflərə qarşı aşırı gücdən istifadə etməklə, azad sözü boğmağa çalışır. Son bir ay ərzində baş nazirin apardığı siyasi kursun kəskin tənqidçilərindən olan Firavan Ermənistan fraksiyası və eyniadlı partiyanın lideri Qaqik Tsarukyanın malikanələrində, eyni zamanda bir sıra tərəfdarlarının mənzillərində Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) tərəfindən aparılan axtarışlar buna əyani sübutdur.

Azərbaycan Prezidenti öz çıxışında Ermənistanda müxalif fikrə qarşı sərt mövqeyin sərgilənməsinə bir çox beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının, ATƏT-in səssiz qalmasını da kəskin tənqid etdi.
Prezidentdən sitat: “Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

Aydın məsələdir ki, belə hallar Azərbaycanda baş versəydi, Prezidentin adını qeyd etdiyi təşkilatların “məruzəçiləri” ölkəmizə qarşı hədə-qorxu dolu bəyanatlar vermək üçün sıraya düzüləcəkdirlər, amma hadisələr Ermənistanda baş verəndə nədənsə, beynəlxalq təşkilatlar ağzına su alıb otururlar. Nəinki beynəlxalq təşkilatlar, hətta, Qərb dövlətlərinin Ermənistandakı səfirlikləri belə rəsmi İrəvanın müxalifətə qarşı sərgilədiyi məhdudiyyətsiz gücə münasibət bildirmir.

Şübhəsiz ki, belə faktlar Qərbin illərdir təbliğ etdiyi “demokratik” dəyərləri ayaqlar altına atır, belə “ikili standart” yürüdən beynəlxalq qurumlara inamı azaldır.
Prezident İlham Əliyev dəfələrlə belə hallara qarşı kəskin mövqe ortaya qoyub. Ölkə başçısı Ermənistanın Dağlıq Qarabağda keçirdiyi son “seçki” şousuna və təşkil etdiyi “andiçmə” mərasiminə səssiz qalan bəzi Qərb təşkilatlarını da sərt şəkildə tənqid etmişdi.
Belə faktlar göstərir ki, Ermənistanda 2018-ci ilə qədər hakimiyyətdə olan cinayətkar qrupla Paşinyan hökumətinin heç bir fərqi yoxdur.

Prezidentin də qeyd etdiyi kimi, indiki Ermənistan iqtidarı öz əməlləri ilə dəfələrlə sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.

Sarkisyan rejiminin cinayətlərini indi də Paşinyan və ətrafı davam etdirir. İlham Əliyev çıxışı zamanı Ermənistan baş nazirinin rəhbərlik etdiyi cinayətkar qrupu da konkret faktlarla ifşa etdi.

Prezidentdən sitat: “Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar – quldur ölkəsi, cinayətkar ölkəsi”.
Ermənistanın baş naziri Nikol Paşinyanın öz xalqına, müxalif qüvvələrə və qonşularına qarşı göstərdiyi aqressiv münasibət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ədalətsiz mövqe Ermənistanın hər hansı inkişaf perspektivinin olmadığını göstərir.

Məlum məsələdir ki, koronavirus pandemiyası Paşinyanın işini daha da çətinə salıb, çünki ölkə “COVİD-19” infeksiyasının daha geniş miqyasda yayılmasının qarşısını almaqda çətinlik çəkir və virus Ermənistan ərazisində sürətlə yayılır. Əhalisi 3 milyona yaxın olan Ermənistanda artıq 24 mindən çox yoluxma faktı var. Bu, ölkə əhalisinin nisbətinə görə çox böyük rəqəmdir və vəziyyətin nəzarətdən çıxdığını göstərir. Hazırda Ermənistan Ümumdünya Səhiyyə Təşkilatının yardımlarına möhtac qalıb. Azərbaycan isə donor ölkə olaraq ÜST xətti ilə ehtiyacı olan ölkələrə yardım edir.

İşğalçı ölkənin iqtisadiyyatı pandemiyasız da iflic vəziyyətində idi. Pandemiya isə hökumətin işini daha da çətinləşdirib. Paşinyan yaxşı başa düşür ki, situasiyadan çıxa bilməsə, xalqa verdiyi vədlər yerinə yetirilməsə, onun hakimiyyətinin ömrü uzun çəkməyəcək. Bu səbəbdən Paşinyan günü-gündən artan əks fikirli insanları susdurmaq üçün ölkə daxilində müxalifətçi ovuna çıxıb. Bir sözlə, Paşinyan müxalifətə qarşı “müharibə” elan edib. Yəqin ki, bu “müharibə” Ermənistanda siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək və beləliklə də işğalçı ölkə tamamilə haldan düşərək uçurumun dibinə yuvarlanacaq.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR