Prezidentin qətiyyəti, erməni terroru və Avropaya ciddi mesajlar
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti ilə bağlı ciddi mesajlar verdi. Prezident çıxışı zamanı Aprel döyüşlərindən, 2018-ci ilə qədər Ermənistana cinayətkar qrupun rəhbərlik etməsindən, Ermənistanın terror dövləti olmasından, Dağlıq Qarabağdakı xunta rejimindən, işğal olunmuş ərazilərdə rəsmi İrəvanın təşkil etdiyi “seçki” şousundan və bu şouya AŞPA-nın anti-Azərbaycan mövqeyindən, Azərbaycanın tarixi torpaqları olan İrəvan və Zəngəzurun Ermənistana verilməsindən danışdı.
Ölkə başçısı Aprel döyüşləri zamanı Ermənistana layiqli cavab verildiyini və bir çox ərazilərin Azərbaycanın nəzarətinə keçdiyini də vurğuladı.
Prezidentdən sitat: “Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik”.
Hər kəsə məlumdur ki, keçmiş Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi cinayətkar qrupun əli minlərlə azərbaycanlının qanına batıb. Onların faşist idealogiyası yüzlərlə həmyerlimizin itkin düşməsinə, qaçqın həyatı yaşamasına və ev-eşiyindən didərgin düşməsinə səbəb olub. Əlbəttə ki, bir gün onlar buna görə cavab verməli idilər. Aprel döyüşləri Sarkisyan-Ohanyan cütlüyünün sonunu gətirdi və onlar xalq qarşısında etdikləri cinayətlərə görə cavab verməli oldular, hakimiyyətlərini itirdilər.
2016-cı ilin aprelində rəsmi İrəvanın təxribatlarına cavab vermək üçün Azərbaycan tərəfinin başlatdığı hərbi əməliyyat Ermənistanda ciddi hərbi-siyasi böhranın başlanğıcını qoydu. Ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunun “məğlubedilməzlik” mifi dağıdıldı. Rəsmi İrəvan xalqın qəzəbindən yayınmaq üçün Aprel döyüşlərinə rəhbərlik edən bir çox generalları işdən çıxardı və həbs etdi. Amma bu həbs dalğası da Serj Sarkisyan rejimini xalqın qəzəbindən xilas etmədi. Azərbaycanın Ermənistanı uzun illər blokada vəziyyətində saxlaması, rəsmi İrəvanın bütün enerji layihələrindən kənarda qalması fonunda yaşanan ağır sosial-iqtisadi durumla bərabər, qeyri-demokratik idarəçilik və Aprel döyüşlərindəki məğlubiyyət düşmən ölkədə hakimiyyət dəyişikliyini labüd etdi. Nəticədə 2018-ci ilin aprel ayında Ermənistanda “narıncı inqilab” baş verdi və parlamentin deputatı Nikol Paşinyan hakimiyyətə gəldi.
Paşinyanın Ermənistanda baş nazir seçilməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni mərhələnin başlayacağına ümidləri artırsa da, heç də hər şey düşünüldüyü kimi olmadı. Nikol Paşinyan da beynəlxalq hüququ, insan haqlarını və ərazi bütövlüyü prinsiplərini heçə sayaraq, Qarabağla bağlı sərsəm bəyanatlar verdi. Küçədən hakimiyyətə gələn Nikol Paşinyanın belə qeyri-peşəkar bəyanatları ona baha başa gəldi.
Azərbaycan ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi hərbi əməliyyatlar nəticəsində minlərlə hektar ərazi nəzarətimiz altına keçdi. Bu əməliyyatlar min bir vədlə hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətində və Ermənistan cəmiyyətində şok effekti yaratdı.
Prezidentdən sitat: “Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur”.
Ölkə başçısı çıxışı zamanı Ermənistanın terror dövləti olduğunu, faşistə abidə qoyduğunu qeyd edib.
Prezidentdən sitat: “Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır”.
Məlumdur ki, Azərbaycan dövləti əsirlərdir erməni terrorundan əziyyət çəkir. Ermənistanın Aprel döyüşləri zamanı törətdiyi vəhşilikləri xatırlatmaq kifayətdir ki, rəhbərlikdə oturanların faşist xisləti gün üzünə çıxsın.
Ölkə başçısı da çıxışı zamanı Ermənistanın Aprel döyüşləri zamanı törətdiyi vəhşiliklərə xüsusi diqqət çəkib.
Prezidentdən sitat: “Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər”.
Dövlət başçısı Dağlıq Qarabağda keçirilən “seçki” şousundan danışarkən işğal olunmuş ərazilərimizi xunta rejiminin idarə etdiyi deyib. O qeyd edib ki, işğal olunmuş ərazilərimizdə keçirilən seçkiləri heç bir dövlət və beynəlxalq təşkilat tanımır.
Prezidentdən sitat: “İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır”.
Dağlıq Qarabağdakı “seçki” şousu Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar qınadı və “seçki”ləri tanımadığını bəyan etdi. Amma Avropa Şurası “seçki” ilə bağlı bəyanat yaymadı və Azərbaycana qarşı ikili standart sərgilədiyini bir daha nümayiş etdirdi.
Bu, ilk deyil. Azərbaycan cəmiyyəti dəfələrlə Avropa Şurasının anti-Azərbaycan mövqeyinin şahidi olub. Ölkəmizin uğurlu inkişafını və müstəqil siyasət kursunu gözü götürməyən “siyasi alətlər” və daxilimizdəki “beşinci kalon” həmişə Avropa Şurasına güvəniblər. Həmin “beşinci kalon” Azərbaycanla bağlı qəbul olunan ədalətsiz qətnamələri böyük sevinclə qarşılayıb, anti-Azərbaycan mövqe nümayiş etdirərək Avropa Şurasının mövqeyindən çıxış ediblər. Azərbaycan rəhbərliyi isə həmişə həm “beşinci kalon”nun, həm də Avropa Şurasının ölkəmizlə bağlı sərgilədiyi ədalətsiz mövqeyə sərt reaksiya verib və beynəlxalq qurumu tutarlı faktlar qarşısında qoyub. Avropa Şurasının Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı sərgilədiyi mövqe də ölkə rəhbərliyi tərəfindən sərt şəkildə tənqid olundu.
Prezidentdən sitat: Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”
Prezident Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qəti mövqe nümayiş etdirib və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edib.
Prezidentdən sitat: “Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.
Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, Azərbaycanın tarixi torpağı olan İrəvanın Azərbaycan Demokratik Respublikası tərəfindən Ermənistana verilməsini heç bir formada əsaslandırmaq olmaz.
Prezidentdən sitat: “Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan – qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.
Əlbəttə ki, prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqları ilə bağlı belə mövqe sərgiləməsi alqışal ayiqdir. Ölkə başçısı bundan əvvəl də dəfələrlə bəyan edib ki, İrəvan və Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır və Azərbaycan tarixi torpaqlarına mütləq qayıdacaq. Bu Azərbaycan rəhbərliyinin qəti mövqeyidir. Ölkə başçısının da qeyd etdiyi kimi, bizim tarixi torpaqlarımız Ermənistana verilməməli idi. Bu bir tarixi səhvdir və gələcək nəsillər bu səhvin acısını indi də çəkir. 102 il əvvəl İrəvan Ermənistana niyə verilmişdi? O vaxtki Azərbaycan rəhbərliyi İrəvanı verdi ki, Ermənistan Dağlıq Qarabağa olan iddialarından əl çəksin. Amma nə baş verdi? 102 il keçib, amma Ermənistan öz xislətindən dönməyib, yenə Azərbaycana qarşı torpaq iddiaları səsləndirir, 20 faiz ərazimizi işğal altında saxlayır. Ona görə də Azərbaycan heç bir halda Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən qəti şəkildə dönməməli, sülh danışıqları nəticə verməsə, hərbi əməliyyatlara start verib işğal altında olan torpaqları güc yolu ilə azad etməlidir. Bu, bizim haqqımızdır!