MƏCNUN AĞBABALININ BİR XATİRƏSİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dostum Sultan Orucoğlunun dediyi kimi, Məcnun Ağbabalının evi bizim
ziyarətgahımızdı. Adətən, Sultanla, Aşıq Faxfurla bərabər ayda bir-iki dəfə Birinci
Zabrata – Məcnun müəllimin evinə yollanardıq. Həmişə Salatın yengə bizi xoş
üzlə, hərarətlə qarşılayardı. Ötəndən-keçəndən danışıb sözü saza-sözə verincə
Sultan Orucoğlu ilə Aşıq Faxfur çalıb oxuyar, məclisi şənləndirərdilər. Yaxşı idi
ki, Sultan Orucoğlunun da sazı vardı. Bir sözlə, söz sözü, arşın bezi çəkirdi. Söz
hərlənə-hərlənə gəlib dərdin üstə çıxanda Məcnun Ağbabalı deyirdi:
– Bu fələyin qəribə işləri var, işdəkləri var. Allaha qurban olum, dərdlərimiz
də bir-birinə oxşayır. Aşıq İsgəndərin də, Sultan Orucoğlunun da, mənim də, elə bu
fağır Faxfurun da başımıza fəlakət gəlmədimi? Aşıq İsgəndərin oğlu öldü, Sultanın
oğlu müharibədə itkin düşdü, mənim oğlum Əfqan odun-alovun içindən salamat
çıxıb, bir adi maşın qəzasında həlak oldu. Necə yanmayasan, bu dərdə tab gətirəsən.
Bir dəfə Məcnun Ağbabalı üzümə diqqətlə baxıb dedi:
– Bununla neçə dəfədi mənə nəsə demək istəyirsən, amma…
– Nə amma?
– Ammasını sən bilirsən.
– Ustad, bir sinədəftərə rast gəlmişəm, amma ondan bir söz qoparmaq belə
mümkün deyil. Sən onu yaxşı tanıyırsan, bəlkə dilə tutasan…
Ev sahibi gülümsündü:
– Olmaya sən bizim Cəfəri deyirsən? Yox, onu danışdırmaq çətin məsələdir.
Amma yenə sənin xatirinə yanına gedərəm. Danışar, danışmaz – bunu Allah bilir.
Razılaşdıq. Aradan bir neçə gün keçəndən sonra yenə Birinci Zabrata – Məcnun Ağbabalının evinə gəldim. Ev sahibi məni gülər üzlə qarşıladı:
– Nə əli doluyam, nə əli boş… Səbrli ol, indi deyəcəyəm.
– Ustad, sənin bu dediklərindən bir şey anlamadım.
– İndi deyərəm, anlayarsan.
Məcnun Ağbabalı əlindəki papirosdan bir-iki qüllab alıb onu kül qabına basdı:
– Cəfər məni pis qarşılamadı, insafən yaxşı hörmət elədi, ordan-burdan danışdıq, sonra sazını sinəsinə basıb yanıqlı-yanıqlı oxudu. Bilirsənmi, bu kişinin dərdi
çoxdu. Allah heç kəsə dərd verməsin, dərd adamı dəli-divanə eləyir. Hə, elə ki,
sazı bir yana qoydu, başladı bayatı deməyə. Bir təhər onu razı salıb bunları yazıya
aldım. Bu da bayatılar.
Almışam yara mən də,
Qaradan qara məndə.
Fələk, səni yanasan,
Ən betər yara məndə.
2
Dərd betər tutdu məni,
Dərdliyə qatdı məni.
Qara bəxtin üzündən
Odlara atdı məni.
Mərd olanlar yarımır,
Bir əməlli qarımır.
Bu da mənim taleyim;
Göz görmür, qıç yerimir.
Taqət-halım qalmayıb,
Dövlət-malım qalmayıb.
Əldən çıxıb Ağbabam,
Beçə balım qalmayıb.
Ağbabadan gen düşdüm,
Üstümə bir gün düşdü?!
Dumanı çəkilsə də
Dağlarıma çən düşdü.
Dərdimi bir bilən var?
Mənlə deyib-gülən var?!
Göz yolda, qulaq səsdə,
Ağbabadan gələn var?!
Nursuz gözdə yaş olar,
Dərd mənə sirdaş olar.
Harda bir dərdli görsə
Cəfər orda baş olar.
Sazım qan ağlar mənim,
Sinəmdə dağlar mənim.
Fələk çox insafsızdı,
Yolumu baglar mənim.
Hə, qəfil bayatıya başladığı kimi qəfildən də səsini kəsdi, gedib sazını götürdü,basdı bagrına:
– Gəlsənə deyişək, nə deyirsən?!
– Yaxşı, sən başla, mən də dalınca gəlim.
İndi görək Cəfər burda mənə nə dedi, mən ona nə cavab verdim.
Aldı Cəfər:
Xoş gəlibsən, şair qardaş,
Dərddi məni dilləndirən.
Ahu-vayla keçir günüm,
Yox meydanı gülləndirən.
Aldı Məcnun Ağbabalı:
Qardaş, səni mən xoş gördüm,
Dərdi sənsən bəlləndirən.
Sözlərin xası səndədir,
Qəlbin onu ballandıran.
Aldı Cəfər:
Dərdim çoxdu, dərmanım yox,
Yaşamağa fərmanım yox.
Daha yaxşı bir anım yox,
Dərd yaramı əlləndirən.
Aldı Məcnun Ağbabalı:
Gəlmişəm bir məclis quraq,
Şeytanın qıçını qıraq.
Deyirsən üz-üzə duraq,
Sözdü məni hallandıran.
Söz buraya çatanda ev sahibi sazı bir tərəfə qoyub dedi:
– Yox, davam eliyə bilmirəm. Əgər sənin bir sözün varsa de.
– Bir-iki kəlmə sözüm var, onu deyəcəm.
– De.
İndi görək burda götürüb ona nə dedim.
Mən nə deyim bu fələyin işinə,
Qəza düşüb ömür-günün peşinə.
Dərdim-sərim artıb dönüb qoşuna,
İnsaf elə bir sazını çal, Cəfər.
Sərsərandan xəbərim yox, nə deyim,
Gərək elə nalə çəkim, qəm yeyim?!
Harda qalıb mənim Qaragüneyim,
Söhbət elə, dur yadıma sal, Cəfər.
Ürəyimdən dərdi-səri yox elə,
Sinən kitab, söhbətini çox elə.
Nə taparsan belə qəmli ah ilə,
Nolar, barı bir könlümü al, Cəfər.
Dərdsiz adam bu dünyada varmı, de?!
Geniş dünya bircə sənə darmı, de?!
Dağlarına yagan vaxtsız qarmı, de,
Demək qardı dərə-təpə, yal, Cəfər.
Bir açmırsan sinəndəki kitabı,
Məcnunun da gözləməyə yox tabı.
Şair qardaş, gəl eləyək hesabı,
Bildiklərin olsun elə mal, Cəfər.
Söz tamama yetdi, amma Cəfərdən səs çıxmadı. Nə qədər xahiş-minnət elədim, yola gəlmədi:
– Fələk ki, mənim axırımı belə gətirdi, üz vurma, heç nə deməyəcəyəm.
Bəli, əlim ətəyimdən uzun qayıdıb gəldim. Elə buna görə də sənə bir az
müəmmalı cavab verdim.
Bəli, Cəfərdən – bu bədahətən şeir deyən sinədəftərdən nə Ağbabanın qədim
saz havalarını, nə də unudulmuş dastanları yazıya ala bildim. Buna baxmayaraq
Məcnun Ağbabalının bu xatirəsini olduğu kimi yazıya aldım. Burda verilən bayatıları bəlkə Cəfərin barəsində, ya da danışdığı hansısa rəvayəti, dastanı yada salar
ümidi ilə verdim. Digər tərəfdən bu folklor örnəkləri Cəfərin yaradıcılığından qalan yeganə örnəklərdir.
O vaxtdan bir neçə il keçib, Cəfər də, Məcnun Ağbabalı da haqq dünyasına
qovuşublar, dedim bu yazını çap etdirməklə onların da ruhları şad olsun.

Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR