AĞBABA SEVDALISI
Çoxdandır məni bir məsələ narahat edir, yəni yazmaq istədiyim bir mövzu
var, amma gah vaxt olmur, gah da cəsarət etmirəm. Çünki az-çox öz hisslərimi
misralara çevirmişəm – bundan bədii yaradıcılığıa başlamışam… Amma bu şeirləri
hələ işıq üzünə çıxarmamışam. Sözümün canı odur ki, nəsrdə özümü sınamamı-
şam. Buna baxmayaraq bir dəli həvəs məni bu mövzuya tərəf çəkir. Bu mövzunun
adı Ağbaba sevdalısıdır. Bu şəxs kimdir deyəcəksiniz. Əslində onu ağbabalılar da,
şörəyellilər də yaxşı tanıyırlar. Təbii ki, tanımayanlar da var. Bu, Tacir Səmimidir.
Bir təsadüf nəticəsində tanış olmuşam, indi də əlaqə saxlayıram. Tacir Səmimi tə-
mənnasız adamdı. Ağbaba-Şörəyel mövzusu onun sevdiyi mövzudur, dilinin əzbə-
ridir. O, bir Ağbaba sevdalısıdır, Ağbaba elinin folkloru, etnoqrafiyası, adət-ənənə-
ləri barədə çox yazıb, çox danışıb… Yenə də yazır, danışır… Bunları hər kəsə bəlli
edir. Təbii ki, Tacir müəllimi təqdir edənlər də var. Hələ XX yüzilliyin 80-90-cı illərindən mətbuatda Tacir Səmimi imzası da görünməklə bərabər, oxucuların diqqətini çəkib. Daha sonralar radioda səsi eşidilib Tacir Səmiminin. Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Radio (Xalq
yaradıcılığı) redaksiyasında ştatdan kənar işləyib, əməkdaşlıq edib. “Xalq yaradıcı-
lığı. Bulaq”, “Divani. Saz-söz məclisi”, “Xeyirə qənşər”, “Qonaq eldən gələr”,
“İgidnamə”, “Qərib axşamlar”, “Dastan axşamları” və digər verilişlərdə iştirak
edib. “Bulağ”ın əsas ssenari müəlliflərindən biridir. Uzun illər Ağbaba mahalının
folklor və etnoqrafiyası ilə bağlı verilişləri səsləndirib, el sənətkarlarının adlarını
dildən-dilə, eldən-elə yayıb. Tacir müəllim bu işi ürəyinin səsi, Ağbaba sevgisi ilə
görüb. Bunu özünün boynunun borcu hesab edib. Nə təmənna güdüb, nə şan, nə
şöhrət.
Həmişə radiodan söz düşəndə Tacir müəllim mülayimliklə dillənib:
– Mən radioda ştatdankənar olsam da, adamlıqdan kənar olmamışam.
…Tacir Səmimi sosial şəbəkələrdə görünməyi də sevmir.
Deyir:
– “Mənəm” deyib sinəsinə döyməyi sevmirəm. Məncə, adam nə əqədər abırlı,
həyalı, kübar olsa, bir o qədər yaxşıdı. Tez-tez televiziya ekranlarında görünmək,
şöhrət eşqi ilə yanıb-tutuşmaq hissləri məndən uzaqdır. Mənim heç kəsdən bir istəyim yoxdu. Mənim istəklərim Allahdandı. Onun verdiklərinə qaneyəm.
Bəli, Tacir Səmimi təmənnasız adamdı. Onun sayəsində “Ağbaba folkloru”,
“Aşıq Nəsib” kitabları da işıq üzü görüb. Ağbaba aşıq mühitinə mənsub el sənətkarlarının ədəbi irsi ictimaiyyətə təqdim olunub.
Hacabbasoğlu Kərbəlayi Məhəmməd bəy, Qlava Mustafa, Həmzə ağa, Qaçaq
Yusif, Yusif Səngər, Aşıq İsgəndər Ağbabalı, Aşıq Nəsib, Aşıq Heydər, Aşıq Paşa
Göydağlı, Aşıq Ziyəddin, Aşıq Qənbər və digər el sənətkarları haqqında radio verilişləri hasilə gəlib. Bu verilişləri Tacir müəllim hazırlayıb.
…Türkiyədə neçə-neçə simpozium və konfranslarda Ağbaba folklorundan, etnoqrafiyasından danışıb, Ağbaba adını alimlərə, bilim adamlarına duyurub. Əlbəttə, bu, müəllimin gördüyü işlərin bir hissəsidir… Bunlar onun xidmətidir, ziyalı,
alim borcudur. Fikirləşirəm ki, görəsən ağbabalılar, şörəyellilər arasında da Tacir
müəllimi düşünənlər varmı? Onun necə yaşamasından, həyat şəraitindən xəbərdardırlarmı? Axı bizim Ağbaba mahalından olanların arasında, Qarsda, Türkiyənin
digər ərazilərində yaşayan azərbaycanlıların da içində nisbətən imkanlı, varlı
adamlar az deyil. Tacir müəllim kimi elm-bilim sahibinə kömək etmək olmazmı?!
Bu kişinin neçə-neçə kitabı maddi imkansızlıqdan çap olunmayıb…
Bu qeyrətli alimə, cəfakeş insana kömək edə biləcək bir ağbabalı yoxdumu?
Axı onun səsi bizim ağbabalıların səsidir. Bu səsi radio dalğalarından da eşitmişik,
yazdığı kitablarda da duyuruq. Tacir Səmimi sakit, dünya varında gözü olmayan
bir adamdı. Amma həqiqəti olduğu kimi yazmağı qərara aldım. Bilmirəm, Tacir
müəllim buna nə deyəcək, amma mən məni narahat edən məsələni olduğu kimi
yazdım.
Məftun Ənvəroğlu