“Nəğməyə dönmüş ömür” adlı tədbir keçirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası lirik şair, pedaqoq, tərcüməçi Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar “Nəğməyə dönmüş ömür” adlı tədbir keçirdilər.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. O, şairin yaradıcılığı haqqında qısa məlumat verərək vurğuladı ki, Mirzə Şəfi əsasən lirik şeirlər yazmışdır. M.Ş.Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirmişdir. Vazeh gözəl şair, pedaqoq və tərcüməçi olmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Firudin Qurbansoy çıxışında bildirdi ki, M.Ş.Vazehin doğum tarixi dəqiq məlum deyil. O, şairin həyatının Tiflis və Gəncə dövrlərinin, onun yaradıcılığından danışaraq qeyd etdi ki, Vazeh qəlb şairi, sevgi şairidir. Onun yaradıcılığı ədəbiyyatşünaslar tərəfindən tədqiq edilir. Daha sonra bildirdi ki, M.Ş.Vazeh haqqında materiallar, xatirələr, biblioqrafik oçerklər əsasən rus dilindədir.

158 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Xuraman Əliyeva müəllimlik fəaliyyətinə M.Ş.Vazeh yaradıcılığı ilə gəldiyini vurğuladı. X.Əliyeva qeyd etdi ki, M.Ş.Vazeh ailəsini itirdikdən sonra Gəncə məscidinin hücrələrində yaşamağa başlamışdır. O, anasının əmisinin yanında xəttatlığı öyrəndikdən sonra ömür boyu öz müəlliminə minnətdar olmuşdur. Şairin vəsiyyəti müəlliminin yanında dəfn olunması olur. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda M.Ş.Vazehin öz xətti ilə yazdığı 2 qəzəli və “Məktubun intizarında” poeması saxlanılır. M.Ş.Vazehin qəzəlləri, müxəmməsləri sevilib oxunur. O qeyd etdi ki, şairin şeirlərinin Avropada şöhrət qazandığını görən F.Bodenştedt 1875-ci ildə bu şeirlərin müəllifi kimi özünü qələmə vermişdir.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev çıxışında vurğuladı ki, Azərbaycanda M.Ş.Vazeh yaradıcılığının tədqiq edilməsinə gec başlanmışdır. Şairin yaradıcılığının çox az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Rus bəstəkarı Anton Rubinşteyn M.Şəfinin  bir neçə şeirinə romanslar yazmışdır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova vurğuladı ki, bu il Mirzə Şəfinin yubiley tədbirləri keçirilir. Biz də böyük qürur hissi ilə M.Ş.Vazehin adını daşıyan kitabxanada şairin yubileyini qeyd edirik. O, Mirzə Şəfinin ölümündən sonra böyük bir məktəb qoyduğunu diqqətə çatdırdı.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova çıxışında qeyd etdi ki, Mirzə Şəfinin yaradıcılığını Əlisa Nicatın sayəsində tanıyıb, sevib.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov və M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova, 158 №-li tam orta məktəbin 9-cu sinif şagirdləri Xədicə Allahverdiyeva və Afina Məmmədli M.Ş.Vazehin qəzəllərini söylədilər.

Tədbirdə M.Ş.Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar videoçarx və Gəncədəki M.Ş.Vazeh Muzeyinin şəkilləri nümayiş olundu.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR