Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib
Mayın 15-də Bakı Dövlət Universitetində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən könüllü icra olunan “Azərbaycan – Küveyt dostluq körpüsü” layihəsi çərçivəsində “Küveyt dərsi” keçirilib. Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin dəstəyi, BDU SABAH Mərkəzinin təşkilatçılığı baş tutub.
Tədbiri BDU SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova açaraq Azərbaycan-Küveyt əlqalərinin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan, ikitərəfli münasibətlərinn mövcud durumundan və inkişaf perspektivlərindən danışıb.
Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, “Azərbaycan – Küveyt dostluq körpüsü” layihəsinin məqsədi Küveyti azərbaycanlılara, həmçinin Azərbaycanı küveytlilərə yaxından tanıtmaq, vətəndaş cəmiyyəti və diaspor olaraq iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verməkdir. Qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda və Küveytdə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.
Fuad Hüseynzadə iki ölkə arasında dostluq əlaqələrinin yaranma tarixi, Azərbaycan-Küveyt əlaqələrinin inkişafı, Küveytdəki diasporumuzun fəaliyyəti haqqında məruzə edib: “Azərbaycan Küveytlə dostluq və əməkdaşlıq əlaqələrinin durmadan inkişaf etdirilməsinə daim böyük maraq göstərir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan və Küveyt hökumətləri arasında bir sıra sənəd imzalanmışdır. Bu sənədlər iki dövlətin iqtisadi münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. 2009-cu ildən Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya fəaliyyət göstərir. Azərbaycanla Küveytin Parlamentlərarası əməkdaşlıq çərçivəsində də əlaqələri uğurla davam etdirilir. Qeyd edim ki, 2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində imzalan sənədlər ikitərəfli əməkdaşlığın inkişafını daha da sürətləndirib.
Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında müxtəlif sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün bu ölkədəki səfirliyimiz daima fəallıq göstərir. Səfirliyin ötən il Küveytdə keçirdiyi tədbirlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Küveytdəki Azərbaycan diasporu da ölkəmizin təbliğatını aparır. Məhz elə səfirliklə Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər keçirilmişdir”.
Daha sonra Prezident İlham Əliyevin bu ilin fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbəsi münasibətilə Küveytdəki diasporumuzun təşkil etdiyi avtoyürüşlə bağlı videoçarx nümayiş olunub. Ardınca layihənin tərəfdaşı “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə tədbirə onlayn qoşularaq öz fəaliyyələri haqqında məlumat verib.
Könül Hacızadə deyib ki, Küveytdə çoxşaxəli tədbirlər keçirirlər: “Azərbaycanın Küveytdəki səfirliyi ilə birgə vətənimizi təbliğ etmək üçün əlimizdən gələn edirik. Misal olaraq demək istərdim ki, 2019-cu ildə Küveyt Dövlət Universitetində milli-mədəni tədbir oldu və bu tədbirdə səfirliyimiz ilə birgə iştirak etdik. Tədbirdə ermənilər sərgi masasının üstündə Qarabağın maketini qurmuşdular. Müdaxilə edərək az müddətdə o maketin oradan götürülməsinə nail olduq.
Bundan başqa 44 günlük Vətən müharibəsi zamanı “Vətənsevər” diaspor təşkilatı da öz növbəsində vətənimizin ağır günündə dəstək olmağa çalışmışdır. Biz dünyanın bir çox dillərində informasiya savaşına başlamışdıq. Sosial media, saytlar üzərindən ermənilərin cavablarını layiqincə verirdik. Əlavə etmək istərdim ki, Küveytdə yaşayan azərbaycanlılar olaraq 44 günlük müharibə dönəmində dövlətimizə, milli ordumuza maddi və mənəvi dəstək olduq. Doğrudur, sadaladıqlarımın hər biri güclü ordumuzun, şəhidlərimizin və ən başda Ali Baş Komandanımız İlham Əliyev cənablarının gördüyü işlərin yanında kölgədə qalır”.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli “Azərbaycan Küveyt əməkdaşlığı sülhə və tərəqqiyə xidmət edir” mövzusunda məruzə ilə çıxış edib.
Atamoğlan Məmmədli bildirib ki, Azərbaycan və Küveyt xalqları arasında əlaqələr tarixin dərinliklərinə gedib çıxır: “Azərbaycan-Küveyt dostluğu tarixi və mədəni köklərə söykənir. Bu əlaqələrin bünövrəsi Ərəb xilafəti dövründə qoyulmuş və sonrakı əsrlərdə formalaşmışdır.
İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il oktyabrın 10-da qurulub. Küveytin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədədir.
Hazırda Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə Küveyt tərəfidə öz töhfələrini verir.
Küveyt tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatının fəaliyyətində də yaxından iştirak edir. İki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur”.
O, Azərbaycan və Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib: “İki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı da ürəkaçandır. 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı 30 min nəfərə yaxın olub. Müqayisə üçün deyək ki, 2022-ci il ərzində Küveytdən ölkəmizə səfər edən turistlərin sayı 22 min nəfərdən çox olmuşdur. Bu artımda iki ölkə arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsi də böyük rol oynadı.
Böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasətində özünəməxsus yer tutan Küveyt ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı hər iki ölkə xalqlarının rifahının yüksəldilməsi ilə yanaşı bu ölkələrin iqtisadi cəhətdən çiçəklənməsinə də münbit zəmin yaradır. Hazırda Azərbaycan özünün iqtisadi yüksəlişində dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa ciddi önəm verir. Belə ölkələrdən biri ərəb-müsəlman dünyasında Azərbaycanın mühüm tərəfdaşlarından biri olan Küveyt Dövlətidir”.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəf filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev isə çıxışında Azərbaycan Respubliksının müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də məhz Küveyt olduğunu deyib: “2004-cü ildə Azərbaycanın Küveytdə, 2006-cı ildə isə Küveytin Azərbaycanda səfirlikləri açılmışdır. Küveyt azsaylı ərəb ölkələrindəndir ki, azərbaycanlı tələbələr orada ərəb dili üzrə təcrübə kursunda iştirak etmək üçün bu ölkəyə gedirlər. Biz hər il Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətili səfirinin dəvəti ilə fevral ayının 25-də Küveytin Milli günü münasibətilə təşkil edilən rəsmi tədbirdə iştirak edirik. Azərbaycanla Küveyt arasındakı əlaqələrin genişləndirilməsində, əlbəttə ki, Küveytdəki Azərbaycan diasporunun böyük rolu vardır. Qeyd etmək yerinə düşər ki, bir neçə gün bundan öncə Şuşa şəhərində keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında küveytli diplomatlar da iştirak etmişlər. Sonda iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha geniş vüsət alacağına ümidvar olduğumuzu bildirir, hər iki ölkəyə rifah, firavanlıq arzulayıram”.
Azərbaycan Texniki Universitetinin tələbəsi Danə Əl Avadi “Küveytdən Azərbaycan necə görünür?” mövzusunda çıxış edərək Azərbaycana olan sevgisindən danışıb: “Küveytdən Azərbaycan müasir, inkişaf etmiş güclü ölkə kimi görünür. Küveyt vətəndaşı olsam da Azərbaycana olan sevgim sonsuzdur. Çünki mən Azərbaycan sevgisi ilə böyümüşəm. Azərbaycanın bütün əlamətdar günləri Küveytdə qeyd edilir. Azərbaycan xalqına qarşı törədilən soyqrımıları ürək ağrısı ilə orada da yad olunur. Azərbaycanın mükəmməl təhsil sistemi var və mən də bundan qürurla yararlanıram. Təhsilimə yadılan şəraitə görə Azərbaycanın dövlət rəhbərliyinə, eləcə də Küveytdəki səfiliyimizə öz təşəkkürümü bildirirəm”.
Sonda tələbələrin sualları cavablandırılıb.