“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimat mərasimini keçirdilər.
Tədbirin əvvəlində Zəfər sevincini bizə bəxş edən, Vətən, torpaq uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi və redaktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı və Azərbaycan qadınlarının “60 çiçək – bir çələng” almanaxı haqqında məlumat verdi. O bildirdi ki, almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, böyük Zəfərimizə həsr olunan himndir. L.Məmmədova almanaxdakı əsərlərin hər biri insanda vətənpərvərlik hissləri oyadan əsərlər olduğunu bildirdi, yazar qadınlara uğurlar arzu etdi.
Almanaxın ideya və ön söz müəllifi yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli  çıxışında bildirdi ki, bu gün bütün yazar qadınların bayramıdır. “60 çiçək – bir çələng” kitabına müəlliflər şeir, esse, hekayə, poemadan parça, əfsanə, qəzəl və s. təqdim etmişdilər. O vurğuladı ki, bu il Mehriban xanım Əliyevanın 60 illik yubileyidir. Almanaxdakı müəlliflərin, qadın yazarların hər biri Zəfərimizə həsr olunmuş əsərləri ilə respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanı təbrik edir. N.Məmmədli müəlliflərə, yazar qadınlara, tədbirə dəvət olunan hər bir qonağa və yaratdıqları şəraitə görə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təşəkkürünü bildirdi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov almanaxın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. O qeyd etdi ki, uzun illər gözlədiyimiz Zəfər hamımız üçün böyük sevinc və qürurdur. O, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlərini xüsusi vurğuladı.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qadın yazarları təbrik etdi və Zəfərə həsr olunan yazıların, kitabların qələmə alınmasını və oxucular arasında təbliğ olunmasının vacibliyini qeyd etdi. O bildirdi ki, Ulu Öndərimiz hər çıxışında torpaqlarımızın azad olunmasına inanırdı və bu belə də oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, tarixi torpaqlarımızın azadlığı uğrunda həm siyasi arenada, həm hərbi müstəviyyədə əlindən gələni etdi. Biz Zəfərimizi şəhidlərimizə, qazilərimizə borcluyuq, hər bir əsgərimizin, müharibə veteranının dəyərini bilməliyik, onların qəhrəmanlığını təbliğ etməliyik.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru Hüseyn İbrahimov çıxışında dedi: “60 qadın öz sözünü deyib, Zəfər çələngimizi hörüb. Biz Zəfər günümüzə nə yazırıqsa, müstəqilliyimizə yazırıq”. Daha sonra o qeyd etdi ki, mən hesab edirəm ki, bu kitab ideoloji yönümdə olan kitablardandır. Bütün yazarları səmimi qəlbdən təbrik etdi.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının məsləhətçisi Ülviyyə Əliyeva müəllifləri təbrik etdi və bildirdi ki, bu əsərlərlə övladlarımız Vətənə böyük məhəbbətlə böyüyür. O, Ulu Öndər Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin torpaqlarımızın azad olunması uğrunda apardıqları böyük işlərin əzəmətindən danışdı.
Tədbirin bədii hissəsində “Mehriban” Mahnı və Rəqs Kollektivinin vokal qrupunun üzvləri – Nərmin Yaqubzadə, Fatimə Məmmədova, Nərmin Talıbova, Məryəm Bəbirli, Nilgün Şərifova, Nihad Həsənovun ifasında “Zəfər himni”, Müslüm Maqomayevin “Azərbaycan” və Emin Sabitoğlunun “Azərbaycan” mahnıları səsləndirildi, “Mehriban” Mahnı və Rəqs Kollektivinin rəqs qrupunun üzvləri –  Səhər Zərdablı, Fəranə Heydərzadə, Fatimə Məmmədova, Səkinə Yunisli, Nuray Məmmədli, Fidan İmanova, Naibə Qulaməliyeva, Mədinə Qulaməliyeva, Ayan Bəşirova, Nəzakət Mirzəliyeva, Mədinə Mirzəliyeva, Mələk Abdullayeva “Bayram” rəqsi və “Qızlar rəqsi” ifa etdilər.  Respublika və Beynəlxalq müsabiqələr laureatı Özcan Cabbari A.Vivaldinin “Fırtına” əsərini skripkada ifa etdi.
Aktrisa, bədii qiraətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı çıxışında bildirdi ki, almanaxdakı bütün əsərlər möhtəşəmdir və 60 müəllifin hər birini təbrik etdi. O, almanaxda müəlliflərin Zəfər haqqında şeirlərini səsləndirdi.
“Mehriban” Mahnı və Rəqs Kollektivinin vokal qrupunun rəhbəri Esmiralda Hüseynova, Mahnı və Rəqs qrupunun rəhbəri Səbinə Nəcəfova, qrupun üzvləri, aktrisa və bədii qiraətçi Zülfiyyə Eldarqızı “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri fərmanları ilə təltif olundular.
Tədbir iştirakçıları almanax haqqında hazırlanmış videoçarxı böyük maraqla izlədilər.
Tədbirdə yazıçı və şairlər, ziyalılar, KİV və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR