Belarusdakı soydaşlarımız 7 fevral növbədənkənar prezident seçkilərini dəstəkləyən bəyanat yayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Azərbaycanda 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəkləyən bəyanat yayıb. Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi”nin sədri, “Şöhrət” ordenli, Əməkdar idman ustası Natiq Bağırov adından yayılan bəyanatda bildirilir: “Belarus Respublikasında minlərlə azərbaycanlı xoşbəxt yaşayır. Bunlar müxtəlif yaşda olan insanlar, müxtəlif peşələrin nümayəndələridir. Ancaq hamımızı tarixi Vətənimizə, Azərbaycana böyük məhəbbət hissi birləşdirir. Biz fəxrlə bildiririk ki, Azərbaycan Cənab İlham Əliyevin Prezidentliyi dövründə həqiqətən də tarixi qələbələr əldə edib.

Dövlətin inkişafı üçün parlaq düşünülmüş və hazırlanmış strategiya sayəsində Azərbaycan Cənubi Qafqazın şəksiz iqtisadi liderinə çevrilmişdir. Bu gün çox aşağı xarici borcu və nəhəng qızıl-valyuta ehtiyatlarına malik Azərbaycan güclü, sabit dövlət nümunəsidir.Eyni zamanda Azərbaycanın təşəbbüsü və həyata keçirdiyi layihələr çoxlu sayda Avropa ölkələrinin xeyrinədir.

Bütün bunlar öz növbəsində Azərbaycanın dünyada geosiyasi çəkisinin durmadan artmasına səbəb olub. Gələn il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransına ev sahibliyi etmək hüququnu əldə etməsi buna sübutdur. Bu, gələn il dünyanın iki yüzə yaxın ölkəsinin liderlərinə səfər etməyə və sürətlə inkişaf edən Azərbaycanı öz gözləri ilə görməyə imkan verəcək böyük, tarixi Qələbədir.

Amma Prezident İlham Əliyevin strategiyası sayəsində əldə edilən sürətli inkişafla yanaşı, Azərbaycan müasir dünya tarixinə öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə nail olmuş ilk dövlət kimi adını yazdı. Xüsusilə qeyd edim ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğunda maraqlı olan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq Azərbaycan bunu etdi.

Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın ən döyüş qabiliyyətinə malik ordularından birinə çevrilən Azərbaycan ordusu Ermənistanın təslim olması ilə başa çatan 44 günlük müharibədə tarixi qələbə qazanıb.  Azərbaycanın dövlət bayrağı ulu Şuşada dalğalanır. Bu il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət bayrağı Xankəndində qaldırılıb”. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin öz həllini tapdığı və bunun da Azərbaycan Prezidenti İlham Əliyevin tarixi xidməti olduğu vurğulanıb: “Biz, Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi”nin rəhbərliyi və üzvləri Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ideyasını tam dəstəklədiyimizi bəyan etməyi özümüz üçün vacib hesab edirik. Əminik ki, yalnız indiki Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi Vətənimiz bundan sonra da sürətlə inkişaf edəcək, işğaldan azad edilmiş Qarabağı dirçəldəcək, dünya siyasi arenasında getdikcə daha mühüm rol oynayacaq. Biz bütün dünya azərbaycanlılarını hər birimizin arzusunu gerçəyə çevirmiş tarixi Şəxsiyyətə dəstək olmaq üçün əlindən gələni etməyə çağırırıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR