Kolanı elinin həkim-şair oğlu və yaxud, ürəklərdə göyərçin yuvası quran şair: Zakir Ağdamlı – 77
“Şuşa bü günümdü, Şuşa yaddaşım,
Şuşa balam, atam, Şuşa yaddaşım,
Şuşa ürəyimin şah damarıdı,
Şuşa sevincimdi, Şuşa göz yaşım…”
Bu misraların müəllifi Zakir Ağdamlı (Əliyev Zakir Hüseyn oğlu) – 1946-cı ildə, 19 oktyabrda Ağdam bölgəsinin Kolanı mahalının Papravənd kəndində dünyaya göz açıbdır. Şeirində doğulduğu kəndi belə təqdim edir:
İlk addımı atdım səndə,
Böyüdükcə döndün qəndə,
Ürəyimi saldın bəndə,
Sənsən mənim balım, qəndim,
Doğma diyar, Papravəndim!
Düzlərində gəzəndə də,
Ğüllərindən üzəndə də,
Dərd qəlbimi əzəndə də,
Sənə baxıb qürrələndim,
Doğma diyar, Papravəndim!
Tanınmış bir ailənin övladıdr. Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifələrdə işləyibdir, Azərbaycan Ali Soveinin deputatı olubdur, Ağdamın sayılan-seçilən ağsaqqallarındandır. Qardaşı oğlu Bəxtiyar Əliyev Həmzə oğlu tanınmış psixoloq-alimdir, elmilər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir… Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir.
“Ağdamlı” imzasına görə onun şeirlərini oxumuşam, ilk dəfə bu gözəl insan, hörmətli ziyalını şeirlərindən tanımışam. Sonra bizi şəxsən tanış edən istedadlı, mərhum şairimiz, jurnalist, nasir-publisist rəhmətlik Qələndər Xaçınçaylı olubdur… Onda bilmişəm ki, hələ Ağdamlı günlərimizdə qardaşım Əhliman həkim Bayramovla yaxın olublar, Ağdamın baş həkimi əmim Soltan Bayramov ona hörmət bəsləyibdir… İxtisasca həkimdir, Azərbaycan Tibb İnstitutunu həkim-terapevt (müalicə-proflaktika ) ixtisası üzrə bitirib (1972), uzun müddət (19 il Ağdam Mərkəzi xəstəxanaında terapiya şöbəsinin müdiri vəzifəsində, sonra Bakıda ixtisası üzrə fəaliyyət göstəribdir, həkim-şairdir…
Beləliklə, biz də yaxın ünsiyyətdə olduq, şeir kitablarını oxudum, dərc etdirdiyi şeirləri müntəzəm izlədim, gördüm ki, şəxsiyyəti, ürəyi, istəyi şeirləri ilə tən gələn ziyalıdır, qələm əhlidir… Onun Azəbaycan Yazıçılar Birliyinə üzv seçilməsi üşün zəmanət verənlərdən biri də mən oldum və özü də coşğun yaradıcılığı ilə sübut elədi ki, buna layiqdir…
Zakir Əliyev xeyirdən-şərdən qalmayan, Yazıçılar Birliyinin, qələm dostlarının, demək olar ki, bütün tədbirlərində iştirak edən çox ünsiyyətcil ziyalıdır… Bu barədə onu yalnız ədəbi mühitin sevimlisi olan rəhmətlik Oqtay Rza ilə müqayisə etmək olar, torpağı sanı yaşasın…
Zakir Əliyev “Ağdamlı” təxəssünü götürübdür, “Zakir Ağdamlıyam”, deyərək, adı-sanı ilə fəxr edir, Ağdam onun üçün yer üzünün ən müqəddəs şəhəridir, “şöhrət tacıdır”, “əbədi ehtiyacıdır”, “qibləgahıdır”, “səcdəgahıdır”, “Məkkəsidir, Mədinəsidir”:
Ağdam çox qiymətli şöhrət tacımdır,
Mərdlər diyarımdır, dərd əlacımdır.
O mənim əbədi ehtiyacımdır,
Gəzər söhbətimdə, sözümdə mənim!
Yaxud:
O göy gurultusu mənim ahımdı,
Hər an “şimşək çaxır” üzümdə, mənim!
Ağdam qibləgahım, səcdəgahımdı,
Məkkəm, Mədinəmdi gözümdə mənim!
Yaxud:
Zakir Ağdamlıyam, Ağdama gəlim,
Yenidən düzəldim, ağ dama gəlim,
Satqınlar gözünə ağ dama, gəlim,
Qaçqın, köçkün olduq axı nahaqdan,
Haydı, igidlərim, haydı, silahlan!
Yaxud:
Düşmən yaxşı tanıyır ki, ölkəmi,
Tab gətirməz qəti hökmə, tələbə.
Dərdlərimin son əlacı, məlhəmi
Qələbədir, Qələbədir, Qələbə!
Və şairin bu “QƏLƏBƏ!” arzusunu Azərbaycan ordusunun Ali Baş komandanı həyata keçirdi, qaçqın-köçgün adını üstümüzdən götürdü, Bütöv Qarabağ azadlığa qovuşdu, şairin ilham “Sazı” qələbə müjdəli Misri havasına kökləndi, Cıdır düzü Üzeyir bəyin simfoniyası ilə qəhqəhə çəkdi, Şuşa Cabbarın, Seyidin avazına qovuşdu:
Qarabağ torpağın ovcunda sıxsan,
Cabbarın, Seyidin avazı gələr.
Çıxıb Kirs dağından aşağı baxsan,
Ruhuna bir yaylaq havası gələr…
…Dola Cıdırdüzü gülüş səsiylə,
Qocanın, cavanın qəhqəsiylə.
Qələbə müjdəli açıla yazım,
“Misri” havasına köklənə sazım.
Zakir Ağdamlı müasir dövrün poeziya aləmində, “həkimlərin söz dünyası”ında yeri olan tanınmış şairdir… Həkim olduğundan şeirlərində mərhəmət hissi, humanistlik, həssaslıq, sağlam mənəviyyat, duru ruh daha ardıcıl vəsf edilir, az qala, konseptual bədii model səviyyəsin qalxır… “Ədalət ğəzirəm, qəlbi buz insan!” – deyir!..
Onun yardıcılığının əsasında vətənpərvərlik və məhəbbət, şəxsiyyətə yeni baxış hisslərini ifadə edən düşündürücü və lirik şeirlər, milli və bəşəri duyğyları özündə yaşadan nümunələrlə, insan taleyini, təbiət duyğularını əks etdirən, düşündürən mövzular diqqəti cəlb edir. Yaxşı cəhət budur ki, onun şeirlərinin pis-yaxşı, zəif-güclü öz ahəngi, öz ritmi, obrazlar və rənglər aləmi vardır…
Zakir Ağdamlının ziyalı həyatının bir mühüm faktını da təqdim edək: “Əbədi Birlik” Gənclər İctimai Birliyinin idarə heyətinin yekdil qərarı ilə Akademik Baha Ahmet Yılmaz Türkiyə nümayəndəliyi üzrə sədr, fəxri elmlər doktoru Zakir Ağdamlı isə təşkilatın fəxri üzvü seçilib. Qeyd edək ki, dünya çapında tanınmış, məhşur alim Baha Yılmaz bəy, eyni zamanda, baş iqamətgahı Türkiyədə yerləşən Beynəlxalq BZT Akademinin təsisçisi və sədridir… İctimai xadim və xalqın görkəmli şairi kimi təqdim edilən Zakir Ağdamlı isə, Fəxri elmlər doktoru, Ümumdünya türk xalqları konqresinin vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ukrayna Yazıçılar və Jurnalistlər Akademiyasının üzvü, Qızıl medal laureatıdır.” (Bax: Gununxeberi.az. 23 iyun 2023-cü il. Qeyd: “Əbədi Birlik” Gənclər İctimai Birliyi 1 avqust 2021 tarixində yaradılan təşkilatdır. Birliyin məqsədi Türk dünyasında və Azərbaycanda vətənpərvər gəncliyin inkişafına dəstək verməkdir. Təşkilatda Türk Dünyası komitəsi, Mədəniyyət komitəsi, İdman komitəsi fəaliyyət göstərir.)
Hamıya öz doğma ocağı istidir, şirindir. Ömrünün qədərindən asılı olmayaraq düşüncəli adam kökə, doğulub böyüdüyü yurda bağlı olan adamdır… Otuz il çəkdiyimiz Qarabağ dərdi, Qarabağ olayları onun şeirlərinin ana xəttini təşkil edir və yurda bağlılıq burada daha qüvvətlə təzahür edir. Çünki İnsanın xarakteri ilə onu əhatə edən və yaşadan təbiət arasında gözəgörünməz bir bağlılıq var və bu bağlılıq onun lirik “Mən”inin xarakterində qabarıq görsənir. Vətəni sevmək ona fəda olmaqdan, qayğıdan, sevməkdən başlayır. Zakirin şeirlərindəki lirik xarakter elə bu cürə Vətəni – Qarabağı sevən kəsdir. Elə bu vətən sevgisinin səmimiyyətinə görə onu oxucuları, ədəbiyyat mütəxəssisləri, həmkarları dəyərincə qiymətləndirirlər:
Musa Ələkbərli (şair – publisist): “Öz dərdlərini dünyanın dərdlərinə qarışdırıb yazır Zakir Ağdamlı, bir fərdin kədərini, qüssəsini hamınınkı eləməyə çalışır və çox zaman da buna nail ola bilir”(2011).
Eldar İsmayıl (şair-publisist) : “Zakir Ağdamlının şeirləri həsrət, nisgil üstə köklənmiş… və …şairin poetik düşüncələri təbiidir, yadda qalandır.” (2011).
Səlim Əzimov (Azərbaycan Respublikasının Əməkdar müəllimi) : “Qarabağ mövzusu Zakir
yaradıcılığının əsasını təşkil edir. …Zakir Ağdamlının yeni kitabında (“İlahi, dağlara qovuşdur məni” – 2011, nəzərdə tutulur – Q.B.) ermənilərin işğalı altında olan rayonlar,dağıdılmış, viranəyə çevrilən
yurd yerlərinə, enişli-yoxuşlu həyat hadisələrinə, ömürdən keçən illərə, dost-tanışlara, alimlərə,
şair-yazıçılara, muğam ustadlarına, xeyirxah insanlara, təzə ailə quran gənclərə, nahaqqa qucaq
açan dünyaya həsr edilmiş çoxlu şeirləri yer alıb. Şairin kitabda toplanmış şeirləri ahəngdardır, oxunaqlıdır, əsasən heca vəznindədir, həyatı, varlığı obrazlı şəkildə əks etdirir.” (2012).
Fəxrədin Meydanlı (çair-publisist): “Zakir Ağdamlının şeirləri başdan-başa səmimi sevgi hopmuş sətirlərdən ibarətdir. Bu sevgi-ana sevgisi, Vətən sevgisi, yurd sevgisi, insana sevgi, təbiətə sevgi, qadın sevgisi, ən başlıcası isə İrfani sevgidən ibarətdir. … Məndə yaranan təəssürata görə, şair Zakir Ağdamlının şeirlərində hiss olunan bu böyük sevgi, onun Ulu Yaradana olan Ali sevgisinin tərkib hissəsidir.” (2016).
Əli Əkbər Şahrili: “Zakir müəllim, Siz əsl azərbaycanlı və tanıdığım ən işıqlı ziyalılarımızdansınız. Allah sizi var eləsin!” (20 Oktyabr 2022.)
Nizami Kolanılı: “Hörmətli dostum, qardaşım İçtimai xadim, fəxri elmləri doktoru şair Zakir Ağdamlıya.
“Dərdə düçar olan gözüm ağlayır,
Möhtacam sənin tək loğmana Zakir,
Qəlbimdən süzülən sözüm ağlayır
Möhtacam sənin tək, loğmana Zakir.”
(23 Oktyabr 2021.)
Dirili Qurbani Məclisi: “Zakir Ağdamlı. Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.” (YUSİF DİRİLİ, Dirili Qurbani Məclisinin sədri, şair-publisist. 21 Oktyabr 2021.)
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun şairin 77 yaşına yazdığı təbrik: “Zakir Ağdamlı bir şeirində dediyi kimi, köhnə kişilərdəndir:
“Əzəmət hökm edib ruhunda, canda,
Mərhəmət dövr edib hər zaman qanda.
Saf bir ağsaqqallıq olub cahanda,
Haqq sevən, hürr olub, köhnə kişilər!”
Həmişə həssaslığı, vətənsevərliyi, məhəbbət dolu lirikası ilə ürəklərdə göyərçin yuvası quran şair qardaşımız ZAKR AĞDAMLININ 77 YAŞI MÜBRƏK, 100 YAŞASIN, ÇOX YAŞASIN!!” (20 Oktyabr 2023).
Zakir Ağdamlı 1966-ci ildən ədəbi yaradıcılığa başlayıb. Görkəmli xalq şairimiz əbədiyaşar Məmməd Arazın xeyir-duası ilə dövri mətbuata ayaq açıb: “Zakir
Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır… Həkim də
insan qəlbinə “boylanır”, şair də! Poetik söz dərman olur, qeyri-poetik həkim
məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir”. Zakir Ağdamlı böyük şairimizin bu inamını bütün yaradıcılığı boyu doğrultdu, poeziyasının “xoş avazını” qorudu, saxladı, gücləndirdi, qüvvətləndirdi…
Həmin dövrdən bir çox qəzet və jurnallarda şeirləri mütamadi çap edilib. 2005-ci ildən AYB-nin üzvüdür. “Qəlbimin aynası” adlanan ilk kitabı 1999-cu ildə nəşr olunub. “İlahi, dağlara qovuşdur məni” (2011) şairin öz oxucularıyla ikinci görüşüdür.
Kitab “Əzəldən mənimçün sirdi bu dünya”, “Qəlbi bağlı bülbülüyəm o dağların, bu dağların”, “Nəğməli bülbüldün, ətirli güldün”, “Rəsul Allahından istəsə əgər, daşın üstündə də çiçək bitirər”, “Adlı-ünvanlı şeirlər”, “Torpaq nisgilli, yurd həsrətli”, “Gələcəyəm, Qarabağım” – bölmələrdən ibarətdir. Bu başlıqların özü kitbın məzmunundan, ideya-esttik qayəsindən qədərincə infornasiya ötürür…
Həmin kitabda gedən şeirlərdən biri “Yaşa, Ana Vətən, yaşa” adlanır. Şeiri oxuduqca Azərbaycan xəritəsi gözüm önündə canlandı… Bu şeirdə ulu şairimiz Səməd Vurğun ənənəsinin cövhərini gördüm və şeiri sındırmadan, bütöv şəkildə təqdim etmək məcburiyyətindəyəm:
Göy-göl göllərin tacıdır,
Maral göl ona bacıdır.
Zəli göl suyu acıdır,
Hər biridir bir tamaşa,
Yaşa, Ana Vətən, yaşa!
Ocaq Perəmbeldən keçək,
Lerik bulağından içək.
Lənkərana da baş çəkək,
Böyük Bazardan birbaşa,
Yaşa, Ana Vətən, yaşa!
Astara hər yanı çiçək,
Talış dağlarından keçək.
Durnagöz bulaqdan içək.
Coşan könül dönsün quşa,
Yaşa, Ana Vətən, yaşa!
Masallı can deyər bizə,
Cəlilabadda enək düzə.
Bir baş çəkək Mübarizə,
Can qurban o ər savaşa,
Yaşa, Ana Vətən, yaşa!
Dəlidağda məclis quraq,
Murovdağdan dövrə vuraq.
Hacıkənddə bığı buraq,
Adımı da yazım daşa,
Yaşa, Ana Vətən, yaşa!
Cıdır düzündən aşaq,
Zabuxda qucaqlaşaq,
Çilgəzdə gədik aşaq,
Buludlarla duraq qoşa,
Yaşa, Ana Vətən, yaşa!
Göyəzəndən Aya baxaq,
Damcılıdan çaya baxaq.
Şəmkir qalasına çıxaq,
Qırat, Dür at durub qoşa,
Yaşa, Ana Vətən, yaşa!
Qaxda çıxaq Sarı yala,
Qoy görünsün Zaqatala.
Biz qonaq olaq Marxala,
Ver təbiətlə baş-başa,
Yaşa, Ana Vətən, yaşa!
Pis nə var ki, yurdumuzda,
Qiymətlidi qar da, duz da.
Lap get qonaq qal Buynuzda,
Musa Yaqub gəlsin cuşa,
Yaşa, Ana Vətən, yaşa!
Ucarımda şamama var,
Ağdaş heyvası bal dadar,
Göyçayımda matahdı nar,
Şirvanda baş çək sirdaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu Qubadı, bu Qusardı,
Baba dağım Şah Vüqardı.
Dəli könlüm Qusarçaydı,
Çırpılacaq dağa-daşa,
Yaşa, Ana Vətən, yaşa!
Obaşdan Xaçmazı keçsən,
Beşbarmağı güman seçsən,
Qalaaltı sudan içsən,
Qum böyrəkdə dönməz daşa,
Yaşa, Ana Vətən, yaşa!
Qarpız yurdu Sabirabad,
İmişlidə qəndimi dad.
Beyləqanda Cərcisə çat,
Ruhum Boz Qurdtək ulaşa,
Yaşa, Ana Vətən, yaşa!
Mingəcevir bir gülüstan,
Hər tərəf bağça, bağ, bostan.
Xaldanda dur, Maşanı an,
Qoyma yaddaşı yaddaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu Şahbuzdu, bu Ordubad,
Bu Naxçıvan – qaynar həyat.
Sədərəkdə səngərə yat,
Culfada qonaq ol aşa,
Yaşa, Ana Vətən, yaşa!
Şuşanın yolları duman,
Yox, Ağdamsız vermərəm can.
Səfərbərdir hər bir zaman,
Zakir Ağdamlı savaşa,
Yaşa, Ana Vətən, yaşa!
Bu 16 bəndlik şeir bir poema təsiri bağışlayır və Azərbaycan xəritəsinin poetik mozaikasıdır, sevinc, fərəh, qürur, tolerantlıq, millətlərin birliyi, hamının məhəbbət və doğmalıq içində, vahid vətən məkanında, vəhtəd modelində yaşam tərzi və nələr, nələr…
Onun şeirlərində poetik duyğuların əksəriyyəti Vətənə köklənib, Vətəni təsvir, tərənnüm edir. Şairin Vətən məhəbbətindən, yurd sevgisindən, əsrarəngiz təbiətin ecazkar möcüzələrindən güc alan poeziyası bu gözəllik önündə səcdə qılan insanın daxili hiss və düşüncələrinin harmoniyasından rişələnmişdir. Ana vətənə, onun ecazkar təbiətinə vurğunluq Zakir Ağdamlının poeziyasının hər misrasında bütün çalarları ilə duyulur və oxucunu öz fikir karvanının arxasınca aparır. Bu silsilədən olan poeziya nümunələri oxucunu qeyri-adi bir gözəlliklə, sirli-sehirli aləmlə qarşılaşdırır, onu daxili dünyası ilə baş-başa qoyur:
“İçdim bir nəfəsə, coşqun ilhamdan,
İlham pərisinin verdiyi camdan.
Bir xoş ifadədən, şirin kəlamdan,
Şərbəttək süzülür söz ürəyimə!”
Şairin ana yurdun hər qarışını göz bəbəyi kimi qorumaq istəyi, zərif duyğuların tərcümanına çevrilən sevgi nəğmələrinin səmimi etirafı, onun ağrı-acıları, həsrəti, nisgili, vüsalı qəlbindən süzülüb gələn misraların istisində qızınır, soyuğunda şaxta vurmuş çiçək kimi donur…
Zakir Ağdamlının vətən çiçəklərinin ətrilə süslənmiş peyzajları, həssas şair qəlbindən süzülüb gələn bənzərsiz təbiət lövhələri misraların ritmində və ahəngində şair düşüncələrinin orijinal tablolarını yaradır və oxucunun könlünü ovsunlayır, zövqünü oxşayır. Həssas oxucu gözləri qarşısında canlanan bu gözəlliyin sehrindən ayrıla bilmir…
“Səslə nəğmə “toxuyursan”,
Qaratikan qoxuyursan.
Yaman qəmli oxuyursan,
Didərginsən sən də, Bülbül?
…Dağlar duman sıralanma,
Vaxt-vədəsiz uralanma,
Məhv olarsan aralanma,
Bu dumanda, çəndə, Bülbül!”
Şairin yüksək şeiriyyətlə, həssaslıq və uzaqgörənliklə qələmə aldığı istək və arzuları təbii ki, Azərbaycan xalqının əzəli və əbədi Qarabağ yurduna, gözəllik tacı Şuşaya qayıdışı ilə reallaşdı:
“…Ağdam mənə bir döyünən ürəkdir,
Ağdam mənə hava, su tək gərəkduir.
Ağdam mənə qəndir, duzdur, çörəkdir.
Şuşam məmim, qədim şəhər, qalam, oy,
Həsrətinlə neçə ildi lalam, oy!”
Bütün bu təbii yaşantılar, real həyat səhnələri insana paradoksallıqlarla süslənmiş gerçəkliyin özü kimi təqdim olunur. Şairin lirik qəhrəmanı həyatın, qədərin, dünyanın hər çətinliyinə mərdliklə sinə gərən, vətənpərvər, dözümlü, mübariz, yenilməz, elinə-obasına qəlbən bağlı olan humanist bir insandır…
Ümumiyyətlə, Zakir Ağdamlının poeziyası üçün bir bütövlük, varlığa küll halında yanaşma mövcuddur. Bu bütövlük və kamillik təbiətdən, kainatdan, onu əhatə edən mühitdən başlamış, incə, zərif duyğuların daşıyıcısı olan insan və onun ali hisslərinin tərcümanına çevrilən kövrək məhəbbət hisslərinin tərənnümünə qədər bənövşə zəriliyində böyük və müqəddəs bir yol keçir:
Zəfər donlu avazına gəlmişəm,
Ümid ilə bu yazına gəlmişəm.
Od ürəklə pişvazına gəlmişəm,
Qəlbdə inam, əldə “Quran”, Bənövşə!
… Yaz könlümdə çiçəklə gül qarışar,
Novruzgülü Qızılgüllə yarışar.
İlk Baharda kol dibində sayarışar,
Nərgiz ilə qoşa duran Bənövşə!
Zakir Ağdamlının şeirlərində sevgi, məhəbbət insan təbiətinin ayrılmaz bir parçası kimi poetikləşdirilir. Bu şeirlərdə saf məhəbbət, vüsal, həsrət, hicran, ayrılıq, vəfa, sədaqət və s. hisslərin yaratdığı duyğular ətraf aləmin polifonikliyi ilə cilalanaraq təbiətlə insan ruhunun harmoniyasını yaradır. Gözəlliyin sehrinə düşən insanın daxili yaşantıları, sevgi hissləri bu ecazkar dünyanın təmizliyində arınır, durulur, saflaşır. Vətənin göz oxşayan gözəl mənzərələri insanı xoş ovqata kökləyir, zərif və incə duyğuların, kövrək hisslərin yaşantısına çevrilir.
Müəllif hər poetik parçasında məzmun və mündəricənin fikir yükünü, çəkisini artırmaqla yanaşı, epitet, təkrir, metafora, metonimiya kimi bədii təsvir və ifadə vasitələrinin zənginliyindən yerli-yerində, məqamında istifadə etməklə şeirlərin orijinal və mükəmməl poetikasını da yaratmağa müvəffəq olmuşdur.
Zakir Ağdamlının yaradıcılığında bu cür sərrast deyimlərin, maraqlı və yaddaqalan lövhələrin təsviri çoxdur. Şairin poetik dünyasında insan qəlbinin kövrək, həzin, ilıq, sirayətedici hiss və duyğuları olduqca real və inandırıcı boyalarla təqdim edilir. Şair xalqdan gələn ifadələrə yeni ruh, yeni forma və məna çaları verməklə lirik qəhrəmanın təbii yaşantılarının canlı tablosunu yaradır…
Qəlbi Vətən eşqilə döyünən, ürəklərdə Vətən adlı göyərçin yuvası quran şairin – Zakir Ağdamlının 77 yaşını təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq…
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas.
13.11.2023.