ƏSRİN YARISI “ARAZ YAQUBOĞLU–50”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

ƏSRİN YARISI

ARAZ YAQUBOĞLU – 50
Bu dünya bir tərəzi,
Heç kimlə yox qərəzi.
Bir gözündə əməlin,
O birində əvəzi.
(F.Meydanlı)

Bismillahir-Rəhmanir-Rəhim!
Göz qırpımında bir il keçdi. Keçən il bu vaxt sosial şəbəkələrdə Araz Yaquboğluna 49 yaşının tamam olması ilə bağlı təbrik məqaləmi təqdim edəndə sonunda yazmışdım ki, gələn il 50-ni – Əsrin yarısını başa vuracaq. İlin bu qədər tez keçməsini bəlkə də həyatımda ilk dəfə hiss etdim. Zamanın axışını, ömrün keçdiyini, dünyanın nə qədər vəfasız olduğunu təəssüflə xatırladım. Belə vaxtlarda yadıma ən çox Seyid İmadəddin Nəsiminin: “Dünya duracaq yer deyil, ey can, səfər eylə!” misrası düşür. Doğrudur, dünya duracaq yer deyil, amma, Allah insanı dünya qədər fani yaratmayıb. İnsan dünyanın əşrəfidir və dünyada onun bir missiyası vardır. Dediklərimin hamısını dərk edənə qədər yaşayacağımız yerdi dünya. Burada biz hamı ilə bir yerdə yaşayırıq, onlarla münasibətlərə giririk, özümüz kimisini tapıb onunla yol yoldaşı oluruq. Kimlərləsə yolumuz kəsişir, bəzən bir ömür, bəzən isə bir müddət eyni yolu gedir, düşüncələrimizi, fəaliyyətimizi paylaşır, mübadilə edirik.
Günün birində Arazla da yollarımız kəsişdi. Çünki, eyni sferada olan insanlar tez-tez görüşür, tədricən yaxınlaşır. Mən Araz müəllimi 2021-ci ildən tanıyram. O, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin üzvüdür və həmçinin mənim “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” (Bakı, 2021) kitabımın redaktorudur. Aramızda bütün yaradıcı insanlara xas olan səmimi və ədəbi bir anlaşma var. Biz mediada, ədəbi tədbirlərdə görüşür, hal-əhval tuturuq. Səviyyəli bir işbirliyimiz var. Ortaq ədəbi əsərləri müzakirə edir, fikir mübadiləsi aparırıq. Bu münasibətlərin keyfiyyətli nəticələri olduğundan onu daha da inkişaf etdirməyi lazım bildik.
Araz Yaquboğlu haqqında onsuz da yüksək fikirdə idim və bu yaxınlarda onun haqqında eşitdiyim statistik bir məlumat diqqətimi cəlb etdi. Bu, ona marağımı bir qədər də artırdı.
Biz bəzən dostlarla tez-tez görüşüb, söhbət etdiyimizdən onun tərcümeyi-halını öyrənməyə o qədər də diqqət yetirmirik. Bizə elə gəlir ki, onu kifayət qədər tanıyırıq. Amma, barəsində yeni bir məlumatı kənardan eşidəndə təəccüblənirsən ki, nə əcəb buna fikir verməmişəm.
Statistiklər tez-tez maraqlı rəqəmlər təqdim edirlər. İnternet və kompüter imkanları bu nəticələri izləməyə imkan verir. Müxtəlif sahələrdə normativləri dolduran şəxslər tanınır. Ətrafındakı şəxslərin həmin siyahılarda adının çəkilməsi qürurverici bir təsir verir.
Bu gün maraqlı yüzlüklərdən birinə Araz Yaquboğlunun birincilik etməsini eşitməyim eyni dərəcədə maraq kəsb etdi və məni çox sevindirdi. Zamanında ingilis tədqiqatçısı Maykl Hartın apardığı hesablama və Məhəmməd Peyğəmbərin (s) dünyanı dəyişdirməyə qabil yüz tarixi şəxsiyyətdən birincisi olması məni çox sevindirmişdi. Hər iki statistika məni məmnun etdi. Məsələ burasındadır ki, Araz Yaquboğlu “Vikipedia” azad ensiklopediyasında ən çox redaktə edən yüzlüyə başçılıq edir. Faktın gerçəkliyi həqiqətən mənə həmin hadisəni xatırlatdı və bərk sevindirdi. Keçən il – 27 iyul 2022-ci il tarixdə “Şahənşah” sarayında sarayın rəhbəri Rəşid müəllimin himayədarlığı və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən və Araz Yaquboğlunun aparıcılığı ilə həyata keçən “Dədə Ələsgər – 200” silsiləsindən “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” kitabımın yüksək səviyyədə təqdimat mərasimi olmuşdu. Araz müəllim nəinki kitabın hazırlanmasında, təqdimatın aparıcılığında da əlindən gələni etmişdi. Araz müəllim çox keyfiyyətli və məhsuldar tədqiqatçıdır. Sözügedən statistikanı eşidəndə bir andaca lent kimi gözümün önündən onun bu məhsuldar fəaliyyətindən fraqmentlər gəlib keçdi. Araz mənim Qazi olduğumu nəzərə alaraq mənə təmənnasız və yüksək səviyyəli köməklik göstərib. Amma, mən onun kömək etdiyi insanlardan yalnız biriyəm. O, yaradıcı insanların çoxuna dəstək verib. Özü də yorulmadan çalışır.
Avqust ayının 1-də dostumuzun doğum günüdür. Araz Yaquboğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya göz açmışdır. Mən həmişə ətrafımdakı insanların astroloji göstəricilərini mütləq qeyd edirəm. Araz müəllim günəşin himayəsində olan öküz ilinin şiridir. Hər iki göstərici çox güclüdür, günəş də ona bol enerji verdiyindən bu zodiak altında olan insanlar ətrafa çox nüfuz edə bilirlər…
İnsanın formalaşmasında onun böyüyüb boya-başa çatdığı yerin, ətraf mühitin böyük rolu var. İnsan tanımaqda əgər təcrübəniz yoxdursa onun kəndinə, mühitinə, bir də geninə nəzər salın. Yuxarıda dedik ki, Bərdədə anadan olub. Bərdə deyən kimi hamının yadına Nizami Gəncəvinin:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Qışı da, yazı da güldür-çiçəkdir –

misraları, bir də hökmdar xanım Nüşabə düşür. Təsadüfi deyil ki, Azərbaycanda “haralısan?” sualını verməyi xoşlayırlar. Bəzən insanları bu sual qıcıqlandırır. Amma, mənim xoşum gəlir. Onlar deyirlər ki, ölkəni bölgələrə bölməyin. Amma, baxın, dünya dolu gül-çiçəkdir – hamısı eynimidir? Dünya bu fərqliliklə, bu rəngarəngliklə gözəl deyilmi? Bunlar olmasa insan gözü, insan təfəkkürü inkişaf edərmi? Əgər Allah hər nəyi fərqli yaradıbsa bölünmüşün nəyini bölmək olar? Qaldı regiona – hamı bilir ki, Bərdə isti Aran ölkəsidir. Doğrudan da qışı da yazı da çiçəklər açır. İsti havası olan yerin suyuşirin insanları o yerin havası kimi isti, mehriban olar.
Hələ Nüşabəni demirəm. Bu hökmdar qadın Alban dövlətinin hökmdarı olub. “Aranın gözü”, “Aranın anası” kimi titulları olan Bərdə zaman-zaman paytaxt şəhəri olub. Hələ İsgəndərin dövründə və ondan da əvvəl mövcüd olub. Ta Cavanşirin Alban çarlığına hökmdarlıq etdiyi dövrlərə qədər bu strateji məntəqə özünün parlaq dövrlərini yaşayıb. Hətta, Xürrəmilərin özlərinin də əsas bazaları Bərdədə olub. Bərdənin tarixində yalnız iki qara dövr var. 944-cü ildə rusların oranın əhalisini qılıncdan keçirib yandırması və Əmir Teymurun zülmü.
Bunların özlərinin də xalqların millət kimi formalaşmasında böyük rolu var. Odur ki, Bərdə camaatı fərqlidir. Bərdədə çox dəyərli Azəri övladları yetişib. Araz müəllim kimi. Onlar Azərbaycanın ictimai, elmi-mədəni quruculuğunda müstəsna rolları ilə yadda qalıb.
Həyat qarşımıza çox insanlar çıxarır. Zamanla yollarımızı ayırır, sonra həmin yolda başqaları ilə birləşirik. Onlardan tək-tək insanlar sonuna qədər bizimlə qalır. Mən həyatımda o insanlara çox dəyər verirəm ki, onunla işbirliyindən yorulmayım, zaman keçdikcə onda yeni-yeni keyfiyyətlər kəşf edim. Araz müəllim məhz, belələrindəndir.
Zənnimcə 50 yaş ömrün ən məhsuldar, təcrübəli, keyfiyyət baxımından zirvə dövrüdür. Bu yubileyi ilə Araz müdriklik mərhələsinə qədəm qoyur. Ona bu mərhələdə bol-bol can sağlığı arzulayıram. Allah-təaladan ona uğurlarının davamlı olmasını diləyirəm. Şablon da olsa doğru fikirdir ki, insan ömrü uzunluğuna görə deyil, mənasına görə dəyərlidir. Bir halda ki, Araz ömrü bəhərlidir – qoy uzun olsun. Arazın “bol suyu” bağça-bağı axar-baxarlı etsin. Xan Araz kimi iki sahili birləşdirsin.
Mən bu gün dostum-qardaşım Araz Yaquboğluna Osman Sarıvəllinin bu məşhur şeirinin sətirlərini xatırlatmaqla yazımı tamamlamaq istəyirəm:

Dostum incə barmaqların,
Sədəflərin üzündədir,
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.

Hacı Həsən Hüseyni,
qazi, ilahiyyatçı-tədqiqatçı

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR