Türk Dünyasının Mədəni İrsi Konvensiyasının hazırlanmasına dair müzakirə görüşü keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasına baxış – 2040” konsepsiyası çərçivəsində əsas istiqamətlərdən biri olan “Türk dünyasının mədəni irs siyahısı”nın hazırlanması ilə bağlı iş aparılmaqdadır.
Agsaqqallar.com xəbər verir ki, qurumun təşəbbüsü ilə “Türk dünyası mədəni irs siyahısı”nın təməlini təşkil edən hüquqi mətnin hazırlanmasına başlanılıb.
Sənədlə bağlı ilk müzakirə iclası Türk dünyasının akademik, hüquq və mədəni irs sahələrində mütəxəssislərinin iştirakı ilə onlayn keçirilib.
Toplantıda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva görüş iştirakçılarını salamlayaraq, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Günay Əfəndiyeva qeyd edib ki, təşkilat tərəfindən türk mədəniyyətinin təşviqi və türk xalqlarının qədim dəyərlərinin yaşadılmasına yönəlmiş fəaliyyətlərindən biri “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyasının ilkin layihəsinin hazırlanmasıdır. O, Konvensiyanın Türk dünyasının mədəni irsinin qorunması və təbliğinə böyük töhfə verəcəyini qeyd edərək, sənədlə bağlı Fondun həyata keçirdiyi hazırlıq işlərindən, onun möhkəm hüquqi təməllər üzərində qurulmasının əhəmiyyətindən söz açıb. Günay Əfəndiyeva Konvensiyanın Türk Dünyasının Mədəni İrs Siyahısı üçün vacib hüquqi baza olduğunu qeyd edərək, sənədin hazırlanmasına dair təşkilat tərəfindən mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıb. Fondun prezidenti bu mövzu ətrafında təşkil edilən məhsuldar iclas görüşlərini Türk dünyası üçün fikir mübadilələrinə imkan yaradan mühüm platforma kimi dəyərləndirib və bu istiqamətdə başladılan işlərə töhfə verdikləri üçün görüş iştirakçılarına təşəkkürünü bildirib
İclasda mədəni irs hüququ üzrə ekspertlər, maddi və qeyri-maddi irs üzrə ixtisaslaşmış alimlər, sualtı irsin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat və qurumların nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları Konvensiyanın Türk dünyası üçün əhəmiyyəti və beynəlxalq müstəvidə rolu ilə bağlı fikirlərini səsləndiriblər. İclasın yekununda Türk Dünyasının Mədəni İrs Konvensiyasının hazırlanmasına dair növbəti görüşlərin yaxın gələcəkdə təşkili qərara alınıb.