MARAQ VƏ RƏĞBƏTDƏN YAZILAN YAZI – İSLAM MÜƏLLİM
Əpoş Vəliyev xeyli vaxtdır Folklor İnstitutunda işləyir. Fəallığı, mehribanlığı, xoş ünsiyyəti ilə seçilir. Buna görə mənim də diqqətimi cəlb edir. Söz-söhbətdə Vətən sevgisi, vətənpərvərlik və digər mövzular yada düşür, eyni zamanda mənəviyyatla bağlı məsələlər bizi xəyalın qanadlarında xalqımızın folklor və etnoqrafiya aləminə aparır. Bu səfərin ləzzəti, cazibəsi məftun edir bizi.
Bir dəfə Əpoşla görüşəndə söz hərlənib atası İslam müəllimin üstünə gələndə dedim:
– Əpoş, eşitmişəm atan, yəni İslam müəllim olduqca xeyirxah, mehriban, qonşu
haqqı gözləyən, el-obada ağsaqqal sayılan bir kişi olub. Bu haqda nə deyə bilərsən?
– Atamın çox maraqlı taleyi var. O anadan olandan üç gün sonra atasını müharibəyə
aparıblar… Atam 7-8 yaşından nənəm Həliməyə, bibim Əminəyə hər işdə kömək edib, kolxoz işində çalışıb. Orta məktəbi qurtarandan sonra əvvəlcə Gəncə Kənd Təsərrüfatı Akademiyasını, daha sonra İqtisad Universitetini bitirib, yəni iki ali təhsili var. Müxtəlif işlərdə, daha çox kolxoz sədri işləyib. Həmişə haqqı, ədaləti gözləyib, adamlarla xoş rəftar edib.
– İslam müəllim evdə sizə, övladlarına qarşı necə idi?
– Çox mehribandı. Ailədə beş uşaq böyüyüb. Yəni üç qardaş, iki bacı… Atam hamımıza bir gözlə baxıb. Həmişə öyüd-nəsihətini bizdən əsirgəməyib. Deyib ki, mənə xoşdu sizdən ötrü əziyyət çəkmək, amma siz oxuyun, təhsilli olun. Beşimiz də ali təhsilliyik.
Onun xeyir-duası ilə mən də, qardaşlarım da ikinci ali təhsil almışıq. Söz düşəndə atam
deyib: “Oğul atanın yolu ilə getməlidir. Ata ilə oğulun canı birdi”. Həmişə təhsildən söz
düşəndə atam deyib: “Hər kəs birinci növbədə qızına ali təhsil verməlidir. Yəni əlində sənəti olsun. Bunu valideynlər unutmamalıdırlar”.
Heç yadımdan çıxmır, atamın xeyir-duası və məsləhəti ilə xeyli adamlar ali təhsil
aldılar, sənət sahibi oldular.
– Maraqlıdır, İslam müəllim sizin rəğbətinizi necə qazanmışdı? Yəni heç acıqlanıb eləmirdi?
– Yox, məsələn, baxırdı yatmışıq, üstümüz açıq qalıb. Ehtiyatla üzümüzdən öpər,
üstümüzü də örtərdi. Adəti idi, bizimlə olduqca xoşrəftar edər, heç vaxt səsini qaldırmazdı. Onun baxışlarında bir səmimiyyət, gözlərində qeyri-adi işıq, üzündə təbəssüm vardı.
Atamın övlad məhəbbəti çox qüvvətli idi.
– Qonşulara, adamlara qarşı da yəqin nəzakətli olub, eləmi?
– Əlbəttə. Həmişə bizə, anama tapşırardı, həyətə kim nəyə gəlsə verin. Qatıq, süd,
yağ, pendir… Kimə nə gərəkdirsə… Heç kim burdan əliboş getməsin – bunu unutmayın.
Deyərdi, əl tutmaq Əlidən qalıb, bala.
– Dediklərindən elə anlayıram ki, atan çox işgüzar, həm də zəhmətkeş olub.
– Müəllim, elədir. Atam evdə də çox iş görürdü. Yadımdadır, təxminən 10-12 baş
qaramal, yüz başdan çox davar saxlayırdı. Onlara özü qulluq eləyirdi. Üstəlik, həyətdə
bağımız, bostanımız da vardı. Ordakı işləri də atam görərdi. Adətən, atam həyətdə işləməyi çox sevərdi. Bir dəfə də olsun yadıma gəlmir ki, atam işdən bezsin, yorulsun. Üstəlik, o, həyətdəki mer-meyvədən, tərəvəzdən adamlara pay verməyi də çox xoşlayardı.
– Yəqin İslam müəllimin qonaq-qarası da çox olub.
– Əlbəttə. Buna görə də həyətimizdə mal-heyvandan başqa toyuq-cücə, qaz, hind
toyuğu çox saxlayardıq. Yadımdadır, elə gün olmazdı ki, bizim qonaqlarımız olmasın.
Anam da atam kimi olduqca qonaqpərvər olduğundan qonaqları gülərüzlə qarşılayıb hörmətlə yola salardı.
– İslam müəllim bibinə qarşı necə idi?
– Atam bibimi çox istəyirdi. Bibimin əri 38 yaşında vəfat etmişdi. Atam həyətimizin yarısını bibimə verib orda ev tikməsinə imkan yaratmışdı. Bibimin doqquz uşağı vardı. Atam onlara da öz uşaqları kimi baxırdı. Bibim uşaqlarını bizdən seçmirdi. Anam da bibim uşaqlarına öz övladları kimi baxırdı.
– Maraqlıdır, atandan nəyi əxz etmisən?
– Humanistliyi, doğmalığı. Məsələn, mən indi də bibimin uşaqlarına öz bacım-qardaşım kimi baxıram. Bibimi də anam kimi çox istəyirəm. Uşaqlarına olan sevgisi də… Bu
mənada, atama həmişə borcluyam… Atam fiziki cəhətdən sağlamdı. Qardaşım Vüsalın
şəhid olması onun ömrünün qırılmasına səbəb oldu. Oğul itkisinə dözə bilmədi.
– Allah qəni-qəni rəhmət eləsin. Çox xeyirxah, el-obada sayılıb-seçilən ağsaqqal olub. İslam müəllimi tanıyanlar çoxdu. Elə bu yazını da bu xeyirxah el-oba ağsaqqalına olan marağım və rəğbətim yazdırdı.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent