“…heç kim oynamır, ancaq hamı danışır” – Tərlan Əhmədov
“Məğlub olsaq da, bu gün zəif çıxış etmədik. Müdafiədə oturmadıq. Ancaq bu, futboldu, hərdən belə də olur. Komandamın oyunundan razı qaldım. Uşaqlara matçdan sonra təşəkkür etdim. Bundan öncəki oyundan sonrakı mətbuat konfransında yolun əvvəlində olduğumuzu demişdim. Artıq yolun ortasındayıq. Bir səhvlə məğlub olduq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu oyundakı səhvlərimizi analiz edərək, gələcək matçlara daha motivasiyalı çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Zirə” ilə qarşılaşan “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətə üzülüb.
Oyundan sonra keçirilən mətbuat konfransında medianın önünə çıxan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
– Növbəti turda sizi “Qəbələ” ilə çətin oyun gözləyir. Ona qədər isə çempionatda fasilə yaranacaq. Bu, komandanın xeyrinədi ya ziyanına?
– Bunu bilmək olmaz. Sadəcə, fasilədən maksimum istifadə etməyə çalışacağıq.
– İqnasio Errera qolda səhvlə yadda qaldı. İki epizodda isə yerli futbolçular əlverişli mövqedə olmasına baxmayaraq, ona ötürmə vermədi. Siz isə onu yalnız oyunun 80-ci dəqiqəsində əvəzlədiz. Bu, yerli futbolçulara mesaj deyildi ki?
– Futbola yuxarıdan baxanda daha rahatdı. Pelenin belə bir sözü var, “şaşkini hamı oynayır, ancaq heç kim bilmir ki, necə oynanmalıdı. Futbolu isə heç kim oynamır, ancaq hamı bu barədə danışır”. Onu meydanda saxlamağım heç kimə mesaj deyil. Heç kimlə danışıq aparmamışam.
– Sağ cinaha çarə tapmısız, bəs sol cinahdakı problemi nə vaxt həll edəcəksiz?
– Maksimum çalışıram ki, yerli oyunçular daha çox çıxış etsin. Akademiyaya göz gəzdirməyə imkanım olmayıb. Fürsət tapan kimi baxacam. Hələlik bu mövqedə Anton Krivotsyuk çıxış edir.
– Petrovun oyununu necə dəyərləndirərdiz? Qolda onun səhvi də var idi…
– Bir oyunçu səhv etmirsə, demək ki, ümumiyyətlə oynamayıb. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Futbolçularıma oyuna görə təşəkkür etdim. Heç bir futbolçunu günahlandırmıram. Oyunun taleyini bir top həll etdi. Son 7 turda heç kimdən zəif oynamamışıq. Bu gün “Zirə” qalib gəlibsə, deməli, onlar daha layiq idilər.
– Emin Mahmudovun əsas heyətdə yer almaması nə ilə bağlı idi?
– Bugünkü oyun daha çox istək tələb edirdi. Rəhman Hacıyev süni ot örtüyündə daha çevik hərəkət etdiyinə görə start heyətində ona şans verdim. İkinci hissədə Emini meydana buraxdım. Çünki onun mərkəzdə top saxlaya biləcəyini düşünürdüm.
– Bu gün Seqoviyanın heyətdə olmaması nə ilə bağlı idi?
– Fəhmin Muradbəyli, Pavel Dreksa və Daniel Seqoviya əvəzedici heyətdə zədə aldığından bu gün heyətdə yer almadı.