Türk yüzili başlayır
Qardaş Türkiyədə prezident seçkiləri başa çatdı. Prezident Ərdoğan ciddi fərqlə yenidən qalib gəldi. Qələbədən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla türk dövlətlərinin başçıları və digər ölkə rəhbərləri Ərdoğanı təbrik etdilər. Azərbaycan prezidenti Ərdoğanın qələbəsini arzulamaqla yanaşı buna inanırdı və Türkiyədə keçirilən texnofestdə “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir”,- deyərək əslində prezidentliyə namizəd Ərdoğanı prezident kimi Azərbaycana dəvət edirdi. Çünki Ərdoğanın qələbəsinə tam olaraq inanırdı.
Türk dünyası ilə yanaşı bütün dünya seçkinin nəticələrini maraqla gözləyirdi. Təbii ki, bu marağın arxasında geosiyasi faktorlar var. ABŞ başda olmaqla əksər Qərb dövlətləri Ərdoğanın hakimiyyətdən getməsi üçün bütün imkanlarını səfərbər etdilər. Amma türk milləti yenə də öz liderinə sahib çıxmaqla son sözü hansısa qlobal mərkəzlərin deyil, türk millətinin dediyini bir daha sübut etdi.
Ərdoğanın seçilməsi Azərbaycanda da bayram edildi. Sosial şəbəkələrdə “türk dünyası üçün xeyirli olsun” ifadəsi daha çox yer aldı. Həqiqətən də dünya elə bir mərhələdən keçir ki, uzun müddət aparılan siyasətin kökündən dəyişməsi təkcə Türkiyə üçün deyil, bölgə üçün də fəlakətə yol aça bilərdi. Türk milləti isə buna izn vermədi.
CHP sədri Kılıcdaroğlunun seçkiöncəsi vədlərinə nəzər salsaq təkcə Türkiyədə deyil, Türkiyəni sevən əksər ölkələrdə də Ərdoğanın qələbəsini arzulayanları başa düşmək elə də çətin olmaz.
Kılıcdaroğlunun kürd seçicinin səsini almaq üçün “mən seçilsəm Səlahəddin Dəmirtaş sərbəst buraxılacaq” kimi vədlərini, LGBT-yə yaşıl işıq yandırmasını, Azərbaycansız türk yolu layihəsi və digər antimilli çıxışlarını xalq qətiyyətlə rədd etdi.
Kılıcdaroğlu Rusiyaya qarşı sanksiyalara qoşulacağını bəyan etdi, Suriyadan ordunu çıxaracağını bildirdi. Bu reallaşsaydı ilk öncə Türkiyə üçün ciddi fəsadlara yol açacaqdı. Çünki dünya artıq iki qütbə bölünmə mərhələsinə qədəm qoyub və Türkiyənin uzun illər apardığı siyasəti, müəyyənləşdirdiyi “yol xəritəsi”ni kökündən dəyişmək Qərbə meyllənmək anlamına gəlir ki, bu bir çox sahələrdə dağıntılara yol açacaqdı. Bu vədlərin Amerikanın tezisləri ilə üst-üstə düşməsi yəqin ki, təsadüfi deyil.
Türk ordusunun Suriyadan çıxarılması isə o anlama gəlir ki, ordunun boşaltdığı o ərazilərə PKK, YPG və PYD sahib olacaqdı. Bununla da Ərdoğanın qətiyyəti sayəsində iflasa uğradılan terror dövlətinin qurulmasına şərait yaranacaqdı ki, Türkiyənin suverenliyinə yenidən təhdid formalaşacaqdı. Bütün bunları isə Amerika Kılıcdaroğlunun vasitəsilə həyata keçirəcəkdi. Sadaladığım bu məsələlər Kılıcdaroğlunun səhvlərinin yalnız bir hissəsi idi. İllər öncə “biz, YPG və PYD-ni terror təşkilatı kimi tanımırıq” ifadəsi hər kəsin yadındadır. Halbuki Avropada belə YPG və PYD-nin PKK terror təşkilatının bir qanadı olması açıq şəkildə ifadə olunub. Bu amillərin heç biri Türkiyə seçicisinin gözündən qaçmır və onlar dövlətin və millətin gələcəyinə biganə yanaşmırlar. Və nəticə də göz önündədir.
Seçki bir mədəniyyətdir. Yarışan tərəflərdən birinin uduzması mütləqdir. Uduzan tərəfin də üzərinə düşən dövlət naminə qalib gələn rəqibini təbrik etmək, öz seçicisinə barış mesajı verməkdir. Amma seçkidən sonra biz, bunun şahidi olmadıq. Öncə qeyd edim ki, Ərdoğan əvvəlki dönəmlərdə dəfələrlə Kılıcdaroğluna barış üçün əl uzatsa da, CHP sədri onu qəbul etməyib.
Kılıcdaroğlu CHP-nin sosial bazasına güvənərək, həmişə Ərdoğan düşmənliyi üzərində qurulan radikal mövqeyə üstünlük verib. Son seçkidə gözləntilərdən biri o idi ki, Kılıcdaroğlu seçki mədəniyyəti nümayiş etdirərək, qalib gələn rəqibini təbrik edəcək və çoxsaylı məğlubiyətlərdən sonra istefa verəcək. Amma o, ənənəsinə sadiq qaldı.
Yenə də Ərdoğanı avtoritarizmdə günahlandıraraq, seçkinin ədalətsiz keçirildiyini bildirdi. Bununla da Türkiyə əhalisinin 52 faizinə hörmtəsizlik etməklə yanaşı öz seçicisini mübarizəyə səslədi. İndiki mərhələdə bu çox təhlükəli yanaşma idi və bu addım atılmamalı idi. Bu o deməkdir ki, Qərb tezisləri əsasında manipulyasiya edən Kılıcdaroğlu bu həmlələrini davam etdirəcək. Bu da xaosa rəvac verməyə cəhddir və hökuməti şantaj etmək deməkdir. Halbuki hər bir siyasətçinin üzərinə düşən dövlətin maraqlarını öndə tutmaq və lazım gələcəyi halda nəinki öz karyerasını, canını belə qurban verməkdir.
Kılıcdaroğlunun simasında isə biz, bunun əksinin şahidi olduq. Saysız qələbələr qazanan Ərdoğanı avtoritarizmdə günahlandırdığı halda, bütün seçkini uduzsa və yaşı 75-ə çatsa da CHP sədrliyini işğal etmkdə davam edəcəyini hər kəsə nümayiş etdirdi. Və bununla da gənc, perspektivli siyasətçilərin önünü kəsməklə və avtoritar yanaşma ortaya qoymaqla yanaşı, partiyadaxili çaxnaşmalara rəvac verdi. Beləliklə də CHP kimi köklü partiyanı öz simasında nüfuzsuz təşkilata çevirmək azmış kimi, parçalanma təhlükəsi ilə üz-üzə qoydu.
Seçici ümumi şəkildə iqtisadi problemlər üzərindən manipulyasiya edən Kılıcdaroğlu qarşısında bu suala cavab istəyirdi. Sən, iqtisadiyyatı daha da gücləndirmək, mövcud problemləri həll etmək üçün konkret olaraq nə edəcəksən? Seçici detallı şəkildə buna cavab istəyirdi. Təbii ki, heç bir vizyona sahib olmayan Kılıcdaroğlu buna cavab vermək iqtidarında deyildi. Yalnız Ərdoğan düşmənliyi üzərindən manupulyasiyaya üstünlük verdi və seçicilər də bunu qəbul etmədi.
Atatürk ilkələri adı altında gizlənmək də bir yerə qədər işə yaradı. Atatürk ilk öncə hərbi sənaye də daxil olmaqla, bütün sahələrdə daxili istehsalın önəmini ortaya qoyur və bunun həyati əhəmiyyət daşıdığını önə sürürdü. Bunu da məhz Ərdoğan iqtidarı həyata keçirdi. Silah sənayesi tələbatın 80 faizini qarşılamaq səviyyəsinə çatdırldı, kütləvi avtomobil istehsalına başlanıldı, texnologiya üst səviyyəyə qaldırıldı. Bununla da atatürk ilkələrini onun qurduğu partiyanı ABŞ-dan, FETÖ-dən əmr almaqla, terror təşkilatı ilə ittifaqla nüfuzsuz təşkilata çevirən Kılıcdaroğlu liderliyində CHP deyil, məhz Ərdoğan həyata keçirdi. Türkiyə seçicisi də bunu çox düzgün dəyərləndirərək öz gələcəyini müəyyənləşdirdi.
Ərdoğanın dediyi kimi türk yüzili başlayır!
Yaşasın türk milləti, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın türk dünyası!
Əli Zülfüqaroğlu
TAİB-in üzvü, araşdırmaçı jurnalist