“Dəmir yumruq” yerindədir, Moskva Paşinyanın göz yaşlarına inanmır!
Prezident İlham Əliyev üçtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfəri çərçivəsində Avrasiya İqtisadi Birliyinin sammitinə qonaq qismində qatılıb.
Ölkə başçımız qonaq kimi iclasda çıxışında Azərbaycanın Ermənistan istisna olmaqla, Birliyə üzv ölkələr ilə ikitərəfli səviyyədə yüksək iqtisadi əməkdaşlıq etdiyini vurğuladı, keçən il bu ölkələrlə ticarət dövriyyəsində 35% artım olduğunu qeyd etdi. Həm də ölkəmizin Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu bildirərək Zəngəzur dəhlizinin açılmasının Avrasiya İqtisadi Birliyinə üzvü ölkələrlə əməkdaşlıqda yeni imkanlar yaradacağını ifadə etdi. Həm də dəniz və hava daşımalarda mövcud imkanlarımız və gələcəkdə bu imkanların daha da artırılması ilə bağlı planlarımız, gəmiqayırma zavodu və beynəlxalq tranzit imkanlarımız haqqında məlumat verdi. Həm də Prezident İlham Əliyev bu gün Azərbaycanın iqtisadi cəhətdən heç kimin dəstəyinə ehtiyacın olmadığını, xarici dövlət borcumuzun ÜDM-in 9%-dən aşağı olduğunu qeyd edərək valyuta ehtiyatlarımızın xarici dövlət borcumuzdan 10 dəfədən çox olduğunu nəzərə çatdırdı.
İclasda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan yersiz və məntiqsiz polemika açmaqla özünü yenə də gülünc vəziyyətə saldı. Prezident İlham Əliyev iclasda qonaq qismində iştirak etdiyindən öz çıxışında neytral mövqe nümayiş etdirdiyi halda Paşinyan çox yersiz olaraq guya Laçın dəhlizini bağlamağımızla bağlı məntiqsiz bir məsələni ortaya qoyub. Prezident İlham Əliyev Laçın yolunun bağlı olmadığını qeyd edərək, dəhliz ifadəsinin beynəlxalq termin olduğunu və beynəlxalq marşrutlarla bağlı istifadə olunduğunu bildirərək Paşinyana diplomatik dərs keçmiş oldu. Sonda Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan danışıqlarında ərazi bütövlüyünün tanınmasının fundamental prinsip olduğunu, digər məsələlərin isə ikinci dərəcəli olduğunu qeyd edərək Paşinyanı səsləndirdiyi məsələlərin yersiz olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, “Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.
Prezident İlham Əliyev artıq növbəti dəfə Ermənistan rəhbərliyinin yersiz haray-həşir salmasının, hadisələrin məntiqi məcrasının tamamilə başqa səmtə yönəlməsinin qarşısını tutarlı və məntiqli faktlarla aldı, erməni yalanlarını bir daha ifşa etdi.
Qəhrəman Qasımov
Əməkdar müəllim, Qarabağ veteranı