Xalq artisti Rza Təhmasib Leyla xanımın xatirələrində
Böyük aktyor və rejissor olan Rza Təhmasib haqqında mən əvvəllər bir məqalə yazmışam. Ancaq bu dəfə onun fəaliyyətindən yox, onun birinci həyat yoldaşından, incəsənət aləmində özünəməxsus yer tapan və tamamilə unudulan Leyla xanım Təhmasibdən yazmağı qərara aldım. Buna səbəb “Xəzər” studiyasında “Təqvim” rubrikasında Rza Təhmasibdən söhbət getməsindən, həmin söhbətdə onun Leyla adlı bir osetin qızı ilə evlənməsindən qısa məlumat verilməsi oldu. Bu səbəbdən onun haqqında bildiklərimdən bir az geniş məlumat yazmaq qərarına gəldim.
Rza Təhmasib 1894-cü ildə aprelin 20-də Naxçıvan şəhərində elmlə, mədəniyyətlə bağlı olan bir ailədə anadan olmuşdur. Ilk təhsilini Naxçıvanda alan balaca Rza doğma dilimizlə paralel olaraq rus dilində də öyrənirmiş. Onun oxuduğu orta məktəbdə dram dərnəyi təşkil edilmiş və Rza bu dərnəyin üzvü olmuşdur. Onun fəaliyyətini araşdıran sənətşünaslıq doktoru İlham Rəhimli yazır ki, məktəbdə N. Qoqolun “Ölü canlar” əsəri səhnələşdirilir və Rza Çiçikov obrazını oynaya bilir. O dövr üçün sensasiya olan bir hadisə olaraq teatr arxivində qalır. Bu hadisə həm də Rzanın gələcəkdə aktyor olmağından xəbər verirdi. Məktəbi qutarandan sonra 1910-cu ildə atası Abbasqulu kişi Rzanı Tiflisə aparır və onu 8 illik Ticarət Məktəbinin 4-cü sinfinə qəbul edirlər. Atası onu ticarətçi görmək istəyirmiş. Lakin Tiflisin qaynar həyatı və orada olan Azərbaycan teatr həvəskarları dərnəynə üzv olur, kiçik rollar alır və ticarət məktəbində oxumaqla teatra olan həvəsi daha da artmağa başlayır. Tətil vaxtlarını Naxçıvana gedərkən orada da dərnək üzvləri ilə görüşür və kiçik səhnəciklər hazırlayaraq məktəbin klubunda göstərirlər. 1915-ci ildə təhsilini başa vurub Bakıya işləməyə gəlir. Burada ayrı-ayrı idarələrdə çalışır, mədəni-maarif müəssisələrində müəllimlik edir.
O vaxtlar Bakıda teatr komissarı adlanan Əbdürrəhim bəy Haqverdiyev Rzanı tanıyır, onun işlərindən xəbərdar olur və onun milli dram teatrımıza məsləhət görür.
Gənc Rza tezliklə özünün gənc bir milli kadr kimi mədəni və siyasi savadını artıra bilir. Boş vaxtlarında mədəni tədbirlərdə iştirak etməyə də vaxt sərf edə bilir.
Beləliklə axşam tədbirlərinin birində tam həddi buluğa çatmış, xarici görkəmi formalaşan gənc Rza, rəqs zalında gözəl bir qızla rastlaşır.
Leyla adlı gözəl qız gənclərin əyləncə yeri olan klubların birində şənlənməyə gəlir və burada Rza ilə rastlaşırlar, rəqs edirlər…
Əyləncə gecəsi şən və sevinc hissləri ilə dolu olur. Sevgi macərası yaranır və günü-gündən bu sevgi artmağa başlayır, çox keçmir cütlük ailə qurmaq qərarına gəlir…
…1967-cı ilin lap əvvəlləri idi, yanvar ayı mən Rusiyanın Saratov şəhərində hərbi xidməti başa vurub ordudan böyük serjant (Sovet Ordusu) rütbəsində tərxis olundum. Hərbi xidmətə Politexnik İnstitutunun 3-cü kursundan çağrılmışdım və mən maneəsiz həmin kursa qəbul olundum…
Təhsilim axşam fakültəsi olduğundan işə düzəldim və yaşamaq üçün kirayə ev axtarırdım. Mənim kiçik qardaşım da institutun axşam fakültəsində oxuyurdu. Ikimizin də bir yerdə qalmağımız üçün sərfəli bir ev axtarırdıq. Mənim məşhur xalam xalq artisti, Opera və Balet teatrının solisti Gülxar Həsənova bizə yardımçı oldu və şəhərin mərkəzində Hökümət evinin arxasında gözəl bir ev tapdı.
Bu ev məşhur aktyor və rejissor RzaTəhmasibin birinci həyat yoldaşı, yuxarıda haqqında danışdığım Leyla Təhmasib idi.
Leyla xanım artıq yaşa dolmuş tənha yaşayan bir yaşlı qadın idi. Ancaq onun gözəl bir qız olması bu yaşda da özünün büruzə verirdi. Onu da deyim ki, Leyla xanım evə incəsənət meyilli tələbələri buraxırdı. Burada bizə qədər Mobil Əhmədov və Mais Salmanov kimi müğənnilər kirayə qalmışdılar. Bizi isə Gülxar xanımın təqdimatı ilə qəbul etdi. Bizə ayrılan ev hər məişət şəraiti ilə təmin olunmuşdur.
Beləliklə, biz tezliklə həmin evə yığışdıq. Ev dediyim kimi, tələbə həyatı üçün çox gözəl şəraiti olan bir ev idi, 2 otaq, 2 mətbəx, böyük eyvanlı, isti-soyuq su və telefonu olan mənzil idi. Tələbə üçün ən yüksək şəraitli bir mənzil idi, həm də mənim xalamgilin evinə də çox yaxın idi.
Tezliklə işə düzəldik, gündüz işləyirdik, işdən sonra isə instituta dərsə yollanırdıq.
Biz tezliklə Leyla xanımla çox isti münasibət qurduq, mehriban ünsiyyət yaratdıq, bəzən elə olurdu ki axşamlar şam yeməyində bir yerdə olurduq.
Günlərin birində mən Leyla xanıma Rza Təhmasiblə tanış olmaları, birgə yaşamaları haqqında bir az danışmağı xahiş etdim. O məmnuniyyətlə razılıq verdi və danışmağa başladı.
Leyla xanım:
Mən gənc bir qız idim, Osetiyadan Bakıya gəldim, milliyyətim osetindir. Incəsənətə meyilli idim, musiqi məktəbinə daxil oldum. Günlərin birində gənclərin əyləncə mərkəzi olan bir kluba getdim. Bu təxminən1918-ci ilin əvvəlləri idi. Mənim 19-20 yaşım olardı.
Onu da qeyd edim ki, Leyla xanımın gəncliyi çox gözəl cazibədar bir qız olmuş, onun çoxsaylı şəkilləri də bunu təsdiq edirdi, həmdə ciddi davranışlı olmağı bu yaşda da özünü göstərirdi.
Yuxarıda qeyd etdiyim kimi gənc Leyla günlərin birində axşam əyləncə klubunda olarkən bir gənc oğlan səliqəli geyimli, ciddi baxışlı qaməti ilə mənə yaxınlaşdı və məni rəqsə dəvət etdi.
Bu oğlan sonra məşhur aktyor və rejissor Rza Təhmasib idi…
Bizim sonrakı görüşlərimiz ciddiləşdi və ailə qurmaq fikrimiz dəqiqləşdi və tezliklə ailə qurduq…
“Rza məni dəlicəsinə sevirdi” – deyə Leyla xanım qəhərləndi…
1918-ci ilin mayında Azərbaycanda Demokratik Respublika quruldu. Qərbdə ilk demokratik müsəlman ölkəsinin bünövrəsi qoyuldu…
Biz çox şən və firavan yaşayırdıq. Bir gün Rza işdən çox sevincək evə gəldi və dedi:
-Leyla bilirsən nə var?
-Hə Rza tez de nə olmuş, nə baş vermiş?
Leyla məni İstanbula göndərirlər, ADR-in İstanbuldakı konsulluğunda iş təklif etdilər. Biz çox gözəl mehriban yaşayırdıq…
Günlərin birində Rza evə tez gəldi və dedi Leyla axşama hazırlaş, özünün ən gözəl libasını geyin gəlib səni saraya aparacam, orada dövlət tədbiri olacaq, sonda isə bədii hissə şənliklə davam edəcək.
Mən sevinclə hazırlaşdım. Rza vaxtında gəldi və biz birlikdə getdik, tədbirdə çoxlu dövlət nümayəndələri və rəhbər işçilər var idi. O cümlədən, səfirlər, konsullar iştirak edirdlər. Arada Rza dedi Leyla burada türk sərkərdəsi Mustafa Kamal Atatürkdə iştirak edir. (O sonralar Türk Cümhuriyyətinin prezidenti seçilmişdi)
Birinci hissə başa çatandan sonra fasilə elan edildi, daha sonra isə şənlik başladı. Şənlikdə göz parlayan paltarlarda olan xanımlar və bəylər gözəl rəqslər ilə diqqəti cəlb edirdilər. Rza və məndə qoşulmuşuq şənlənənlərə.
Bir az rəqsə ara verdik, Rza ilə dayanıb iştirakçıları seyr edirdik. Birdən mən gözlərimə inanmadım. Mustafa Kamal Paşa bizə tərəf asta addımlarla gəlirdi. Rza onu bir dəfə mənə göstərmişdi və demişdir, Leyla xanım bax bu Mustafa Kamal Paşadır…
O bizə yaxınlaşdı, salamlaşdı və mənimlə rəqs etmək üçün Rzadan icazə istədi.
Biz hər ikimiz həyəcan içində idik və nə etdiyimizi bilmirdik…
Ancaq onu da deyim ki Mustafa Kamal Paşa Rzanı bir neçə dəfə görmüşdü. (Rza deyirdi) Rza məclislərdə Hüseyn Cavidin şeirlərindən danışanda Paşa qulaq asarmış, Hüseyn Cavid bir müddət İstanbulda yaşayırdı. Leyla xanımın dediyinə görə Mustafa Kamal Paşa Rzanı tanıyırmış.
-Paşa məni rəqsə dəvət etdi, mən həyəcan içində idim. Mustafa Kamal Atatürklə rəsq etmək ağlıma belə gəlməzdi. Biz rəqs etdik. Sonda o məni Rzanın yanınacan müşaiyyət edərək gətirdi, Rzaya təşəkkürünü bildirdi. Ancaq Rza özündə deyildi. O qsıqancılq zəminində iztirab içində idi…
Biz tədbirə çox sevinc içərisində gəlmişdik, ancaq çox məyus halda, psixoloji sarsıntılarla geri qayıtdıq. Rza bu hadisəni çox pis qəbul etmişdir. Mənim burada heç bir təqsirim yox idi, sadəcə mən özümdə deyildim…
Bir müddət sonra biz vətənə qayıtdıq. Demokratik Respublikamız Rusiya qırmızı ordusunun basqını nəticəsində süquta yetirildi…
Bizim bir oğlumuz olmuşdur. Rza onun adını Özdəmir qoymuşdur. Onu çox sevirdi. Ancaq mənə olan münasibəti qısqanclıq zəmnində çox soyuqlamışdı və biz tez-tez mübahisələr edirdik. Mən artq dözə bilmirdim, günlərin birində bizim söhbətimiz qəti qərarla sona yetdi. Biz ayrılmalı olduq…
Rza evləndi. Məndə Opera və Balet teatrının rus bölməsinin bariton səsli solisti yəhudi əsilli Şenin Lazara ərə getdim. Bir gün biz Şeninlə Volqaboyu səyahətə çıxmışdıq, Özdəmir mənimlə qalırdı və onu da özümüzlə götürmüşdük. Çox əfsuslar olsunki mənə ikinci bədbəxtlik üz verdi. Özdəmir Volqa çayında təsadüfən boğularaq dünyasını dəyişdi. O vaxtkı qəzetlərdə “Təhmasibin oğlu Volqada batmışdır” – başlıqlı çoxlu yazılar getmişdir.
Sonralar Şenin rəhmətə gedəndən sonra bir neçə il tənha yaşadım, sonra evin birini kirayəçilərə verdim. İndi isə siz yaşayırsınız.
Onu da qeyd edim ki, Leyla xanım Təhmasib uzun müddət mədəni- maarif işlərində çalışıb, təqaüdə çıxana qədər Respublika Xalq Yaradıcılığı Evinin direktor müavini olmuş, regionlardan yeniyetmə incəsənət meyilli kadrların üzə çıxarılmasında misilsiz xidmətləri olmuşdur. Mən və qardaşım ali təhsili başa vurduqdan sonra Leyla xanımla çox mehribancasına vidalaşdıq, öz həyatımızı qurduq…
Sonralar Leyla xanımın bu evi sökülməyə getdi, ona 8-ci mikrarayonda bir balaca ev verdilər. O artıq təqaüdə çıxmışdır. Tənha yaşayırdı, fiziki halı günü-gündən pisləşirdi. Biz hərdən ona baş çəkirdik. Sonralar onu “Qocalar evinə” apardılar. Orada Leyla xanım çox az yaşadı. Onun dünyasını dəyişməsindən mənim xəbərim olmayıb, kiçik qardaşım isə Tümen şəhərinə neftçi Fərman Salmanovun dəvətilə işləməyə getmişdir…
Leyla xanım “Unudulan Adam” kimi bu dünyadan köçmüşdür.
Allah rəhmət eləsin!
Nizami rayon Ağsaqqallar Şurasının sədri
Mayıl Əliyev