Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük konsert təşkil olunub
Daşkənddə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı “Türküstan” konsert sarayında böyük konsert təşkil edilib.
Agsaqqallar.com xəbər verir ki, əvvəlcə Özbəkistanın mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək, onun özbək xalqının yaxın dostu olmasından, Özbəkistanla əməkdaşlığından danışıb, Ulu Öndərin bu ölkəyə səfərlərini xatırladıb, hələ Moskvada işlədiyi dövrdən Özbəkistana xüsusi münasibət göstərdiyini vurğulayıb. Bu gün də iki qardaş ölkə arasında sıx əlaqələrin olmasından söz açan O.Nazarbekov Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.
Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və Azərbaycanın tarixindəki müstəsna xidmətlərindən bəhs edib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlardan danışıb. Səfir Ümummilli Lideri dünyaşöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub. Səfir, eyni zamanda, Ümummilli Liderin siyasi irsinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün də böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Deputatlar, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi və dünyaşöhrətli maestro Alibek Kabdurahmanovun dirijorluğunda Özbəkistan Dövlət Simfonik Orkestrinin çıxışı ilə keçən möhtəşəm konsert böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Konsert proqramında Azərbaycan və Özbəkistan bəstəkarlarının əsərlərinə üstünlük verilib. Həmçinin Özbəkistanın tanınmış vokalistlərindən Özbəkistanın Xalq artistləri Mansur Tuşmatov, Jenisbek Piyazov, Əməkdar artistlər və beynəlxalq mükafat laureatları İlyasa Arabov, Firuzə Açilova, Zöhrə Tursinbayeva, Umid İsrailov, Rustam Alimardanov, Damir Rahmanov və s. sənətçilərin çıxışları olub.
Böyük coşqu ilə qarşılanan konsertdə “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı, Qara Qarayevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Andrey Babayevin, həmçinin digər Azərbaycan və özbək bəstəkarlarının əsərləri ifa olunub.