Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müraciətinin böyük tarixi əhəmiyyəti var
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müraciətinin böyük tarixi əhəmiyyəti var
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından sonra ilin əvvəlindən həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə ulu öndərin əziz xatirəsinin yad edilməsi məqsədilə bir çox tədbirlər keçirilir və bu tədbirlər ilin sonuna qədər davam edəcəkdir. Çünki qədirbilən xalqımız öz böyük oğlunun xatirəsini hər zaman qəlbində yaşadır və ona böyük hörmət bəsləyir.
Belə silsilə tədbirlərin davamı kimi ulu öndərin 100 illik yubileyi ilə əlaqədar cənab Prezident İlham Əliyev tarixi şəhərimiz olan Şuşadan Azərbaycan xalqına müraciət etdi. Tədbirin məhz Şuşada keçirilməsi heç də təsadüfi deyildi. Şuşa bizim Zəfərimizin tacıdır və rəmzidir. Qəhrəman Azərbaycan ordusunun hərbçiləri Şuşada üçrəngli bayrağımızı sancandan bir gün sonra Ermənistan məğlub olduğunu elan edərək kapitulyasiya aktına imza atdı. Müzəffər Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi ilə düşmənə qalib gəldi və ulu öndərin arzusunu çin etdi. Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi.
Artıq Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir. Genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yeni yollar, körpülər, tunellər, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər infrastruktur obyektləri tikilir. Bütün bu işlərin təməlində Azərbaycan xalqının milli maraqları dayanır.
Əminliklə deyə bilərik ki, bu gün xalqımız daha xoşbəxtdir. Xoşbəxtdir ki, Qarabağ və Şərqi Zəngəzur ümümmilli lider Heydər Əliyevin görmək istədiyi kimi yenidən qurulur və inkişaf edir. Həyatının bütün dövrlərini öz xalqının rifahına və yaxşı yaşayışına həsr edən Heydər Əliyev hər zaman xalqına sədaqətlə xidmət etdi.
Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı o illərdə formalaşdı. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.
Hər kəsə bəllidir ki, Azərbaycan xalqının faciələri ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də o gündən başladı. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdi. Ulu öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz ulu öndər çatdırdı. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltdı. Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pislədi və bu qırğınla bağlı dünyaya bəyanat verdi. Təqiblərə məruz qalan ulu öndər 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gəlmiş və daha sonra Naxçıvanda yaşamağa başladı.
Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardı. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı.
Eyni zamanda müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı və ulu öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası bütün Azərbaycanda böyük əks-səda doğurdu və qısa müddət ərzində Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Keçən dövr ərzində sübut olundu ki, Azərbaycan xalqı öz taleyini Heydər Əliyevə etibar etməklə yanılmadı və onun simasında güclü lider obrazını yarada bildi.
Bu gün Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilən Azərbaycanın geosiyasi önəmi böyük dərəcədə artıb və bu vəziyyət həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır.
Bu illər ərzində Azərbaycan ulu öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq.
Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işlərimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı