Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 65 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar.Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir. Amma təəssüf ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı. 1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu öndər faşizm üzərindəki qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR