QHT Agentliyinin təşəbbüsü ilə “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans təşkil edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans keçirilib.
Agsaqqallar.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra keçirilən konfransda açılış nitqi ilə çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizi zamanın mürəkkəb tarixi sınaqlarından və siyasi təlatümlərindən müvəffəqiyyətlə çıxardığını, bütün təhlükələrə və təhdidlərə baxmayaraq, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, fitri istedadı, qətiyyəti, müdrikliyi və əzmkarlığı sayəsində ölkəmizin gerçək müstəqilliyini və inkişafını təmin etməyi bacardığını bildirib. “Ulu Öndəri hər zaman müvəffəq edən və qarşısında duran bütün çətinlikləri və maneələri dəf etməyə güc verən əsas amillər nə idi? Birincisi, xalqın Ulu Öndər Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi. İkincisi, siyasət nəhəngi olan Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti. Üçüncüsü, Ulu Öndər Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi”, – deyə o bildirib.
Azay Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqilliyinin və inkişafının davamını etibarlı şəkildə təmin edən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan Prezident İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli liderin yetişdirməsi idi.
Konfransda “Heydər Əliyevin Qurtuluş missiyası” mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, 1990-ci ilin yay aylarında Heydər Əliyevin Bakıya qayıdışı ilə tarixi bir şans yaranmışdı. Çünki o dövr xalq Heydər Əliyevi arzulayırdı. O, çətin də olsa, Bakıya gəlmişdi. Amma yenə də o zaman hakimiyyətdə olanlar buna imkan vermədilər və Heydər Əliyev cəmi iki gündən sonra Bakını tərk edərək Naxçıvana qayıtmalı oldu. O dövrdə hələ SSRİ dağılmamışdı, Azərbaycanın üçrəngli Bayrağı Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində ucaldıldı. Faktiki olaraq Azərbaycan müstəqillik tarixinin müəllifi Heydər Əliyevdir. “Təəssüf ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi”, – deyə Əli Hüseynli diqqətə çatdırıb.
“Heydər Əliyevin elm, təhsil və səhiyyə siyasəti” mövzusunda çıxış edən Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər misilsizdir. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi bərpa edəndən sonra – 1990-cı illərin əvvəllərində, yəni, yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır. “Bu gün Azərbaycanda olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır. Ulu Öndərin səhiyyə, tibb təhsili sahəsində gördüyü işlər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə çıxışımız yox idi. O dövrdə Heydər Əliyev təhsil sahəsində düzgün siyasət aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə – Moskva, Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi. Mən də o gənclərdən biri idim”, – deyə Ə.Əmiraslanov qeyd edib.
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Heydər Əliyevin xarici siyasəti” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanın beynəlxalq aləmə, Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasət istiqamətində də mühüm addımlar atıb, qısa müddət ərzində Azərbaycanın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı yaranıb, ölkəmiz iri beynəlxalq layihələr həyata keçirməyə başlayıb. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması isə Azərbaycanın gələcək inkişafını təmin edib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edərək deyib ki, Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər sahələrdə mövcud problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları, inkişaf strategiyaları qəbul olunub. Gənclər siyasətində idmanın inkişafına və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət yetirilib. Bu gün Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam etdirilir.
Azərbaycanın sabiq ombudsmanı Elmira Süleymanova “Heydər Əliyev siyasəti insan hüquq və azadlıqlarının etibarlı təminatıdır” mövzusunda məruzəsində qeyd edib ki, Ulu Öndərin diqqəti mərkəzində olan prioritet məsələlərdən biri də insan hüquqları olub. Heydər Əliyev bu istiqamətdə də mühüm qərarlar qəbul edib. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar da olmuşdu. Ulu Öndər deyirdi ki, insanın insanı öldürməsi başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı Qanun səviyyəsinə qaldırdı.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Heydər Əliyev vətəndaş cəmiyyətinin Qurucusudur” mövzusunda məruzəsində diqqətə çatdırıb ki, Ümummilli Liderin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilib. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olub. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Heydər Əliyevin müstəqil medianın formalaşmasında tarixi xidmətləri” mövzusunda məruzə ilə çıxış edərək deyib: “Vaxtilə mənim də çalışdığım və ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən “Azərbaycan” nəşriyyatının binası da Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə ikən milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür. Həmin vaxt belə bir modern binanın istifadəyə verilməsi və çoxtirajlı qəzetlərin redaksiyalarının vahid bir yerdə fəaliyyət göstərməsi olduqca önəmli bir hadisə idi”.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan mahnılardan ibarət konsert proqramı təqdim edilib.