2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri və zəfərimiz
Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı.
Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının dövlət bayrağını öpdü və geniş nitq söylədi. İlk növbədə, seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirdi. Son 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər yetirən ölkə rəhbəri dedi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Ötən illər ərzində Azərbaycan xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşamışdı. Ölkədə daxili risklərin hamısı aradan qaldırılıb. Dövlət xarici risklərdən özünü qoruya bilmişdi. Təminatçısı Azərbaycan xalqının olduğu təbii sabitlik inkişafın əsas şərti olmuşdu. Xalq vahid milli ideya ətrafında birləşərək uğurla inkişaf edirdi. Azərbaycanda dinlərarası münasibətlər nümunəvi xarakter daşıyırdı. Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Yeni layihələr üzərində iş gedirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikildi. Qazlaşdırma 95 faizə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi nailiyyət idi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Respublikası Avrasiyanın vacib nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi və humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Gələcək planlardan danışan dövlət başçısı dedi: “Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var… Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.Qazanılan bütün bu uğurlar yalnız müstəqillik şəraitində, dövlətimizin başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində mümkün olmuşdu. Ölkə rəhbəri nitqinin sonunda vurğuladı: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Prezident İlham Əliyevin nitqi Azərbaycan dövlətinin ölkənin inkişafına dair konkret planlarının olduğunu və qarşıya qoyduğu başlıca məqsədə nail olmaq üçün əzmlə irəlilədiyini göstərirdi.
Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi