“Mollalar anlamalıdır ki, Azərbaycanda sabitliyi poza bilməyəcəklər” – Ramin Əhmədov
“Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib.
Rəsmi məlumatda deyilir ki, dəstə üzvləri ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar alaraq bu yöndə fəaliyyət göstəriblər.
Azərbaycan vətəndaşlarının İranın qulbeçəsinə çevrilib ölkəmizdə iğtişaşlar törətmək və nəticədə Azərbaycanı şəriət dövlətinə çevirməyə çalışması əlbəttə, təkcə xainlik və satqınlıq deyil. Bu, həm də alçaqlıq və şərəfsizlikdir. Öz dövlətini və xalqını satmaqla əslində hər şeylərindən imtina etmiş olurlar”.
Bu barədə Türk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində yazıb.
R.Əhmədov qeyd edib ki, İran ilk dəfə deyil Azərbaycanda iğtişaşlar həyata keçirməyə və dövlətimizin Konstitusion quruluşunu güc yolu ilə dəyişməsini təmin etməyə çalışır:
“Azərbaycanın dünyəviliyi, multikultural dəyərlərə söykənməsi, nümunəvi tolerantlıq mühiti yaratması şiş olub Tehranın gözünə batır. Odur ki, mollalar gecə-gündüz arzulayırlar ki, Azərbaycanda da İrandakı kimi yaramaz və iyrənc bir rejim formalaşsın. Zatən İranın İslami dəyərlərə heç bir aidiyyatı yoxdur. Molla rejimi hiylə, məkr üzərində boy verir və çaılışır ki, sürətli inkişaf yolunda olan Azərbaycanı da qaramata bürüsün. Amma olmayacaq. Öz iyrənc planlarını burada həyata keçirə bilməyəcəklər. Aramızdan xainlər tapıb çıxara bilərlər, lakin bütövlükdə xalqımız heç vaxt imkan verməz ki, fars-molla rejimi Azərbaycanı öz yolundan döndərsin.
Bu gün Tehran rejiminin qarşısında güclü Azərbaycan Dövləti var. Onun hüquq- mühafizə, xüsusi xidmət orqanları xalqın təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər. Sonuncu əməliyyat da bunu bir daha nümayiş etdirdi. Mollalar nəhayət anlamalıdırlar ki, Azərbaycanda sabitliyi poza bilməyəcəklər. Bu vaxta qədərki bütün planları alt-üst olduğu kimi, bundan sonra da ölkəmizə, xalqımıza qarşı ata biləcəkləri bütün addımların qarşısı alınacaq. Azərbaycanda xalqın öz rəhbərinə və onun siyasətinə böyük dəstəyi var. İlham Əliyevin ətrafında elə bir monolit birlik var ki, bunu pozmaq heç bir halda mümkün deyil. İran olmur, hansı ölkə olursa olsun. Bu xalq öz dövlətinin quruluşunu da, siyasi xəttini də çoxdan müəyyən edib. Liderimiz də bəllidir. İran istəsə də, istəməsə də bu xalq İlham Əliyevin rəhbərliyi ilə hələ çox qələbələr qazanacaq. Molla rejiminin isə tarixin zibilliyinə atılacağı gün uzaqda deyil. Bu günü də tarixə məhz İran vətəndaşları yazacaqlar. Bax, onda nəinki biz, bütün dünya təhlükəli mərəzdən xilas olunacaq.