Əkbər Qoşalı – 50 Ürəyi sözündən boylanan şair
Şəxsiyyəti ilə yaradıcılığı bütövlük təşkil edən dəyərli qələm dostum Əkbər Qoşalının bu günlərdə 50 yaşı tamam olur. Hərdən belə də deyirlər ki, 50 yaş ömrün “ekvator xətti”dir. Qalır geriyə qanrılıb, ekvator xəttinə qədər olan ömür yoluna boylanasan və nə etdim,.. deyə, düşünəsən. Bir il bundan öncə ömrün ekvator xəttində mən də dayanıb geriyə boylanmışdım və özümə bir yığın sual ünvanlamışdım. Yəni indi Əkbərin keçirdiyi hisslər mənə tanışdır.
Aramızdakı bir il yaş fərqi ilə biz eyni ədəbi nəslin nümayəndələriyik. Eyni ədəbi-mədəni, ictimai-siyasi proseslər ikimizin də taleyində iz buraxıb. Amma etiraf etməliyəm ki, Əkbərin bütün sahələrdəki fəallığı bir addım qabağa keçməyi ilə mənə də yaxşı mənada nümunə olub. Və bu məni sözün həqiqi mənasında fərəhləndirib, yalnız bir qələm dostu kimi deyil, bir həmyerli, bir vətəndaş, ən nəhayət bir insan kimi. Çünki Əkbər özü də belə bir insan olmaqla bu mədəniyyəti bizlərə də aşılayıb. Onun fəaliyyəti çoxşaxəlidir. Özünün dediyi kimi orta məktəb illərindən başlayaraq onu izləyən ictimai fəallığı bu gün də səngiməmiş, deyərdim ki, daim yüksələn xətt üzrə hərəkətdə olmuşdur. Beləliklə bu gün Əkbər Qoşalını yalnız istedadlı şair kimi deyil həm də İctimai Xadim kimi tanıyırıq və ölkə sərhədlərindən kənarda da bu belə qəbul olunmuşdur.
Əlbəttə kiçik bir yazı ilə Əkbər Qoşalının çoxşaxəli fəaliyyətini incələmək mümkünsüzdür. Əslində mən də bu iddiada deyiləm. Yalnız bir qələm adamı olaraq onun poetik dünyasına səyahət etməklə, bir neçə şeirinə yenidən müraciət etməklə yaradıcılığı haqqında yığcam olaraq təəssüratlarımı və fikirlərimi bölüşmək istərdim…
Öncə qeyd edim ki, Əkbər Qoşalı yaradıcılığı bu gün ən azından Türk Dünyasında özünəməxsus bir yerə sahibdir. Bu isə o deməkdir ki, dünya ədəbiyyatı kontekstində çağdaş Azərbaycan ədəbi mühitini layiqincə təmsil edən imzalardan biri də məhz Əkbər Qoşalı imzasıdır. Elə Yazıçılar Birliyinin son qurultayı ərəfəsində “Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyatda Türk Dünyası” mövzusunda məruzəçinin Əkbər Qoşalı olması da bu istiqamətdə gördüyü faydalı işlərə rəğmən qələm dostumuzun halal haqqı idi. Vaxtilə onun yaratmış olduğu Dünya Gənc Türk Yazarlar Birliyi bu gün sıralarında Türk dünyasının istedadlı gənclərini birləşdirməklə bütövlükdə ədəbiyyat tarixinə öz qiymətli töhfələrini verməkdədir.
Əkbər Qoşalı bir şair kimi öz dəst-xətti və üslubu olan şairdir. Hətta onun ilk ədəbi nümunələrində belə bu özəlliyi sezmək mümkündür. Hələ orta məktəb illərində qələmə aldığı “Sənin məktubların” adlı aşağıdakı şeirində olduğu kimi:
Sənin məktubların qəmli hekayət,
Məni düşündürər, duyğulandırar.
Sənin məktubların edər cinayət,
Sevinci, gülüşü, yolu dandırar.
Sənin məktubların durna qatarı,
Hələ çox qalıbdı mənzil başına…
Sənin məktubların ömrüm artırdı,
Cəfalar gəlsə də, mənim başıma.
Sənin məktubların sənin özünsən,
Qəlbin varaq-varaq köçüb onlara.
Məktubun oxunur, göz önündəsən,
Sənin o gül çöhrən çöküb onlara.
Daha sonra ömrünün gənclik-tələbəlik illərinə qədəm qoyan Əkbərin yaradıcılığının əsas leytvotivini sevgi və təbiət mövzuları təşkil edir.
Xüsusilə onun təbiətlə bağlı olan şeirlərində bədii fikir qaynar bulaq kimi çağlamaqla oxucusunun könlünü oxşayır. Bu baxımdan “Mən hələ bir cavan bulud yaşdayam” şeirinə nəzər salaq:
Yeri qanlı-qanlı döydü yağışlar,
Keçib damarımda axdılar mənim.
Dəli arzularım döndü yağışa,
Qayıdıb üstümə yağdılar mənim.
Şimşək var – buludlar davaya düşdü.
Damcılar oynadı havaya düşdüm.
Mən eşqin əlinə havayı düşdüm,
Onunçün yandırıb-yaxdılar məni.
Mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam;
Bir göz var istədim baxıb yaşayam,
Qoydular üz-üzə baxtınan – məni…
Əkbərin təbiətlə bağlı şeirlərinin əksəriyyətində müraciət etdiyi əsas obyekt göy üzü, bulud və yağışdır. Göy üzü sonsuzluq, əbədilik, ucalıq,.. bulud və yağış yaratmaq, qanad açmaq, canlandırmaq mənalarını özündə ehtiva etməklə oxucusunu da sevgi dolu duyğularla həyata bağlayır. Ümumiyyətlə təbiətə, insana, bütövlükdə dünyanın özünə olan irfani bağlılıq Əkbər Qoşalı poeziyasından işıq seli kimi süzülüb gedir:
Buludları saçaq atdı dənizə,
Bu axşam dağlara yağış yağacaq.
Dualar, alqışlar yetər mənzilə,
Tanrı qapıları geniş açacaq.
Bu axşam, bu axşam yağış yağacaq,
insanlar qaçacaq evlərə doğru.
Bir dəli köksünü geniş açacaq,
Qaçacaq əlləri göylərə doğru…
(“Bu axşam dağlara yağış yağacaq”)
Eyni duyğuları, uşaq sevgisini şairin vətənə, ana torpağa həsr etdiyi şeirlərdə də sezmək olur. Bu arada qeyd etmək yerinə düşərdi ki, Qarabağ mövzusunda, bir qədər də konkret ifadə etsəm, Şuşa mövzusunda yazılan şeirlər içərisində də Əkbərin özünəməxsus yanaşması dərhal ön plana çıxır:
Dağların uca olmasa,
düzlərin necə olmasa,
dərələrin irmaq-irmaq,
buludların yumaq-yumaq
axmasa,
ceyranların-cüyürlərin
adam kimi baxmasa,
nə dəyişər?
(“Qarabağ”)
Və yaxud da:
Ayağımız toxunub,
Nəfəsimiz dəyincə
Torpağına gül-çiçək,
Göyünə quş qayıdan,
Kor olan bulağına
Dirilib su qayıdan
Canımın canı şəhər!
(“Əziz Şuşa”)
Göründüyü kimi bu şeirlərin heç birində boğazdan yuxarı qışqırıq və aşırı pafos yoxdur. Dərin məntiq və reallığın dəqiq konturlarla ümid dolu gələcəyə yönəlik cizgiləri vardır.
Nəhayət gəldim əsas mətləbə. Qeyd etməliyəm ki, kökünə, soyuna bağlılıqdan qaynaqlanan Türk və Turan simvolikası Əkbər Qoşalı yaradıcılığının ana xəttini təşkil edir. İstər şeirlərində, istər poemalarında, istərsə də publisistikasında gözə çarpan odur ki, Əkbər bu mövzunu məqsədli şəkildə başda tutur. Bu faktın özü də təsdiq edir ki, Türk Dünyasında gördüyü çeşidli işlərlə, sözünü-qələmini vəhdət halına gətirən bir Türk kişisinin, bir Türk şairinin yaşadığı şərəfli ömür yolu arxadan gələn gəncliyə yaxşı mənada örnəkdir. Bu mövzuda yazdığı şeirlərdən nümunələrlə BÖYÜK SÖZ dünyasında qərar tutan bir şair haqqındakı bu kiçicik qeydlərimi yekunlaşdırmaq istərdim:
Altaylardan qopan atlar
getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
biz çıxanda doluydu.
Altaylardan qopan atı
daha kimsə minmədi,
Altaylardan qopan atlar,
ağ köpüklü dənizlərə
çatmayınca dinmədi…
(“Altaylardan qopan atlar”)
…
Atlar ayaqlandı
Altay tərəfdən,
Atlar qanadlandı
Günbatan səmtə…
…
Və bir gün
bir qoşun ürəyin
yelqanadlı atlar ilə atlanıb,
uzaq Altaya uçduğunu görsəm
ürəklənərəm!..
Ürəyimin qan adı var,
ürəyimin qanadı var…
Ürəyinin qanadı olan şairə, ürəyi sözündən boylanan şairə ömrünün ən gözəl çağında, çeşidli fəaliyyətinin bütün sahələrində uğurlar arzulayır, 50 yaşın qutlu olsun deyirəm!
Vahid Aslan