TÜKƏNMƏZ POETİK İŞIQ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şair, oftalmoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin həmsədri Paşa Qəlbinuru dünyaya gəldiyi gün, ömür təqviminin yeni ili münasibətilə, vaxtilə qələmə aldığım “Tükənməz poetik işıq” düşüncə çələngimlə qutlayıram.

TÜKƏNMƏZ POETİK İŞIQ

Fitri istedad üzərində yaranan ədəbi yaradıcılığı mövzu və mündəricə etibarilə zəngin, poeziyası daxili bütövlüyündən keçib millilikdən bəşəri səviyyəyə qalxan Paşa Qəlbinur şeiri poetik üslubuna, bədii-fəlsəfi məzmununa görə iki istiqamətdə təzahür edir: lirik-romantik və fəlsəfi-intellektual poeziya. Bu qoşa qanad ahəng və təzadların fonunda şair təfəkkürünün işığını özündə ehtiva edir. Bu işıq Paşa Qəlbinur poeziyasının başlıca leytmotividir. Görünür bu cəhət onun xislətindən və həyat kredosundan doğan işıqdan qaynaqlanır. Axı o, həm də gözlərə nur bəxş edir… Bir şeirimdə yazdığım kimi:

Üzü nurlu həkim qardaş,
Nurundan pay umanlar var.
Qaranlıqlar sökülə kaş,
Neçə gözdə “dumanlar” var.

Qaranlığa işıq tutur
Əllərinin nur şəfqəti.
Aydınlığa naxış vurur
Ürəyinin hərarəti.

Gözə köçən gözəlliklər
Gözdə olan nura bağlı.
Nurla dolsun qoy bəbəklər.
Kaş olmasın gözlər “dağlı”.

Dünya sanki rəng sərgisi,
Qaranlıqlar bircə rəngdə…
Tanrıdan pay – nur sevgisi,
İşıqsan dürlü ahəngdə…

Paşa Qəlbinur (Musayev Paşa İsmayıl oğlu) 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. M. Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir .
On mindən çox cərrahiyyə əməliyyatı aparmış tibb elmləri doktoru, professor Paşa Qəlbinur Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz“ jurnalında dərc olunmuş “Xal“, “Ay gecəyə hicran sıxır“, “Mən ilhamı gözlərimlə görmüşəm“ şeirləri ilə başlamışdır. “Gözlər“ adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.
“Ay bir əlçim buluddur”, “Payız məktubu”, “Rəngli göz yaşları”, “İtmiş həsrət kimi”, “Ağlıma gələnlər başıma gəldi”, “Qara su”(roman), “Göz dağı” (roman) və başqa kitabları işıq üzü görüb.
Paşa Qəlbinur şeirlərinin birində yazır:

Bu axşam
Ürəyimdə bir ayrılıq
Bir hənirdən sönən şam,
Anam məni şair doğub,
Sonra həkim olmuşam,elə baxma, sən Allah!..
Bu axşam
Dönüb Araz olmuşam.

“Anam məni şair doğub”- deyən şair başqa bir şeirində isə özünün həkim “obrzını” dəqiq poetik detallarla təqdim edir:

Əllərimin hakimiyyəti bərqərar olur,
Əməliyyat vaxtı.
Qaranlıqda işığın radar tutmayan
Sərhədinə uçur əllərim.
Ürəyim kimidir,
Mən yatanda da,
Oyaq olur əllərim…

Bax, böyük poetik istedada, parlaq, dərin zəkaya və böyük ürəyə malik olan Paşa Qəlbinur işığı məhz şair-həkim, həkim –şair bütövlüyü müstəvisində saçılmaqdadır.
Paşa Qəlbinur poeziyasının meyarları haqqında danışarkən Türk dünyasının ünlü, qardaş qırğız ədəbiyyatının unudulmaz söz ustadı Çingiz Aytmatovun maraqlı bir fikrini xatırlatmaq yerinə düşər: “Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kolllektiv təcrübəmizlə həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin gözəllliyi və daha sonra dövrün əsas yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir. “ Söz kəhşkəşanında parlaq ulduz kim şəfəq saçan Paşa Qəlbinur poeziyası üçün, iqtibas etdiyim bu fikir səciyyəvi və xarakterikdir. Bu cəhət onun yaradıcılığını bütövlüklə müşayiət edi.
Şairin poetik siqləti sözlərin deyil, düşüncənin batindən boy verən bir misralı şeirlərəi heyrətamiz məna dərinliyi, dolğunluğu ilə orijinaldır və poetik mətnin yüksək bədii həlli ilə səciyyələnir. Bir neçə şeirə diqqət edək:
***
Qışda sərçələrdən çiçəklər çinar.
***
Gecələr görünmür-duyulur dəniz…
***
Hələ torpaq quluncunu qırmayıb…
***
Səni tanımırdım, -tanıdım, Vətən!..
***
Ağzımda uluyur dişim …
***
Bülbül qonub ürəyimə -dimdiyi qan!..
***
Gül, sənə bənzəyən şeirim olaydı.
***
Bu şeirlərin işığına bələndikcə, Litva yazarı Yan Sudrabkalnın ölməz sənətkar Səməd Vurğun haqqında olan bir fikri yada düşür: “…Səməd Vurğunun şerlərini oxuyarkən biz onun özünü görür, səsini eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün geniş, hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan…”
Zənnimcə, bu fikri Paşa Qəlbinur poeziyasına da şamil etmək olar.
***
Qar üstə gördüyüm mavi göyərçin –
Sənin gözlərin…
***
Mənim günahlarım özümdən gözəl,
Özümdən vəfalı çıxdılar, Allah!
***
Kəfənim olmasa
Abrıma-abrıma bükün siz məni…
***
Yaradıcılığı poetik idrakın orijinallığına dəlalət edən, öz duyğularını bədii sözə çevirən Paşa Qəlbinurun poeziyası bədrlənmiş ay işığı, sayrışan ulduzların parıltısı, günəşin doğması bənzərliyində poetik işığa dönür, saçır söz-söz, misra-misra, nəğmə-nəğmə…

Tapdıq ƏLİBƏYLİ
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyininin,
TAİB-in İdarə Heyətinin üzvü

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR