Sistemli islahatların davamı
Bu gün ölkəmizdə düşünülmüş, rentabelli və rasional hədəfləri qarşısına məqsəd qoymuş iqtisadi sistem qurulmuşdur. Qeyri- neft sektorunun inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu prioritet istiqamətlərdəndir. Sözügedən sahənin inkişafı ilə əlaqədar, sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlər, kənd təsərrüfatı istehsalçılarına ödənilən subsidiyalar bunun bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin fəaliyyətə başlamaları üçün tətbiq edilən vergi güzəştləri sahibkarların işinin stimullaşdırılmasına yeni töhvə vermiş olacaqdır.
Sosial siyasətlə bağlı- Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Təkcə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əmək haqqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da dövlət edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Gənclər siyasəti ilə bağlı görülən işlər də göz qabağındadır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafiq mənzərə çox müsbətdir. Ona görədə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə də addımlar atılmalıdır. Azərbaycanda hazırda ictimai- siyasi vəziyyət çox sabitdir. Prezident İlham Əliyevin təbirincə desək: ” Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da sanksiyalarla hədələmək- bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Bəli, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ölkəmizi təhlükəsizlik adasına çevirmişdir. Aparılan islahatlara kölgə salacaq istənilən qüvvə dövlətin sərt üzünü görəcəkdir.Hamılıqla çalışmalıyıq ki, dövlətimizin apardığı siyasi xəttə maneələr törədilməsin, iqtisadi və sistemli inkişaf tempi uğurla hədəflərə çatmış olsun.
Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi