Beynəlxalq Türk Akademiyası: əl-Biruninin 1050 illik yubileyi münasibətilə tədbir keçiriləcək
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Daşkəndə rəsmi səfəri çərçivəsində Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Baromjon Aloyev ilə görüşüb.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, akademik Şahin Mustafayev görüşdə Beynəlxalq Türk Akademiyasının prioritetləri və elmi layihələri haqqında məlumat verib. Özbəkistanın 2022-ci ildə Akademiyada müşahidəçi statusu aldığını qeyd edən Ş.Mustafayev tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Özbəkistanın Akademiyanın tamhüquqlu üzvü olmasının vacibliyindən danışıb.
B.Aloyev Özbəkistanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə bir çox fəaliyyətlər planlaşdırdığını bildirib. O, TDT Katibliyinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq cədidizm konfransına göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü bildirib.
Akademiyanın Özbəkistanla bağlı gündəmdə olan məsələlərə hərtərəfli dəstək verəcəyinə əminliyini ifadə edən nazir Akademiya ilə sıx əlaqələr qurmağa hazır olduqlarını vurğulayıb.
Tərəflər Türk və İslam dünyasının böyük simalarından olan Əbu Reyhan əl-Biruninin 1050 illik yubileyi münasibətilə birgə tədbir təşkil etmək barədə razılığa gəliblər.