Milli dəyərlərə və dövlətçiliyə sədaqəti ilə seçilən Azərbaycan qadını ən yüksək ehtirama layiqdir
Qəhrəmanlığı, istedadı, iradəsi, sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan qadını tariximizin bütün dövrlərində dünyaya parlaq fikir sahibləri, görkəmli elm və sənət adamları, nüfuzlu siyasi xadimlər bəxş etmişdir.
Zəriflik və gözəllik rəmzi olan qadın adı, eyni zamanda anadır. Ana məfhumu tarix boyu xalqımız tərəfindən həmişə müqəddəs olmuş, ana yurdun-Vətən torpağının təcəssümü kimi qiymətləndirilmişdir. Hər zaman böyük ehtiram və hörmət bəslənilmiş Azərbaycan qadını namus və qeyrətin rəmzlərindən hesab olunmuşdur.
Cəmiyyətimizin inkişafının özünəməxsus aparıcı qüvvəsi hesab olunan Azərbaycan qadını XX əsrin əvvəllərindən öz hüquqlarının qazanılması və qorunması yolunda mübarizə aparmış, çətin və keçməkeşli inkişaf yolu keçmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmışdır. Bu gün artıq müstəqil Azərbaycanın mədəni həyatının bütün sahələrində fəal iştirak edən qadınlarımız taleyüklü milli məsələlərin həllinə verdikləri töhfələrə görə ən yüksək ehtirama layiqdir.
Ölkəmizdə qadın siyasətinin ənənələrini yaradan və onu dövlət siyasətinə qaldıran Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlərin məntiqi nəticəsidir ki, qadınların bu gün ölkəmizdə cəmiyyətin inkişafının bütün sferalarında-təhsil, məşğulluq, sahibkarlıq və dövlət quruculuğunda rəhbər vəzifələrdə irəli çəkilməsi səviyyəsi ilbəil artmaqdadır.
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”
Hal-hazırda ölkəmizdə qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində qadınlarımızın cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır.
Ulu öndər Heydər Əliyev irsinə və milli-mənəvi dəyərlərə sadiq, xalqın əsl sevgisini və rəğbətini qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz nəcib, humanist, insanpərvər işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nə qədər fəal və nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
8 mart eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın, döyüşlərdə sağlamlığını itirən igidlərimizin analarının, həyat yoldaşlarının bayramıdır. Bu gün torpaqlarımız həmin anaların tərbiyə etdikləri vətənpərvər və milli ruhda böyüyən övladların sayəsində azaddır. Bu qələbənin qazanılmasında şəhidlərimizə və qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları xalqın qəhrəmanı kimi böyüdən analara borcluyuq. Artıq analarımız beynəlxalq qadınlar bayramını daha qürurla qeyd edirlər.
Başda əziz şəhid və qazi anaları, xanımları olmaqla bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm, daim üzünüz gülsün əziz xanımlar.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi