Misli görünməmiş erməni vəhşiliyi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş soyqırım dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Çoğrafi mövqeyinə görə fərqlənən Xocalı Azərbaycanın qədim və tarixi məskunlaşma yerlərindən biridir.

Ermənilərin ilkin olaraq öz işğalçılıq planlarını həyata keçirmək üçün Xocalını seçməsi heç də təsadüfi deyildi. Əsas məqsəd Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldıraraq orada mövqeylənmək və ümumiyyətlə Xocalını yer üzündən silmək idi. Digər tərəfdən isə Azərbaycan torpaqlarını ələ keçirməklə xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi.
XX əsrin faciəsi olan Xocalı qətliamı ermənilərin Azərbaycanlılara qarşı ilk vəhşiliyi deyildi. Azərbaycan xalqı tarix boyu davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış və öz tarixi torpaqlarından qovulmuşdur.
Erməni hərbi birləşmələri şəhəri 4 ay blokadada saxlamış, hər gün ağır texnikadan Xocalıya atəş açmışdılar. Xocalıya gedən bütün avtomobil yolları bağlanmışdır. Şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə mümkün idi. Üstəlik yanvar ayının 2-dən etibarən şəhərin elektrik enerjisi dayandırılmışdı. Belə çətin vəziyyətdə şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaranmışdı. Sanki Xocalı bütün dünyadan təcrid olunmuşdu. Daha sonra Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulmasıyla Xocalı ilə hava əlaqəsi tamam kəsilmişdi. Belə bir şəraitdə şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. 7 min əhalisi olan Xocalı şəhərində artıq 3 minə yaxın insan qalmışdır.
Və nəhayət 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalıda bəşər tarixində görülməmiş cinayətlər törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün insanlığa qarşı törədilmiş Xocalı faciəsi əlbətdə ki, bir günün, bir gecənin hadisəsi deyildi. Uzun illərdir ölkəmizə qarşı məkrli planlarını həyata keçirməyə çalışan Ermənistanın hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.
Birmənalı şəkildə bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə hansı ölkənin hökuməti tərəfindən məhv edilməsi soyqırımdır.
“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Həmin tarixdən etibarən 26 Fevral Xocalı qurbanlarını anma günü kimi hər il xalqımız tərəfindən qeyd edilir.
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən cənab Prezident İlham Əliyevin yorulmaz əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını soyqırım kimi tanıyır. Ölkə başçısının soyqırımın dünyada tanıdılmasına yönündə həyata keçirdiyi tədbirlər hər bir soydaşımız üçün nümunə olmalıdır. Hər birimiz insanlıq əleyhinə olan bu qətliama beynəlxalq hüquqi qiymət verilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki Xocalıda baş vermiş hadisələr təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, açıq-aşkar bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmiş vəhşilik nümunəsi idi.
Xüsusilə qeyd etmək istəyirəm ki, 2009-cu ilin fevralından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz erməni ordusunu məğlub etməklə Xocalı qurbanlarının qisasını aldı.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR