Elman Nəsirov: “Türkiyəyə yardım kampaniyasında Heydər Əliyev Fondunun ən yüksək səviyyədə iştirakı təmin edilib”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in İdarə Heyətinin üzvü,  millət vəkili Elman Nəsirovun AZƏRTAC-a açıqlaması

Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən sonra Türkiyə Cümhuriyyətinin yaxın dostları özlərini tanıtdı. Azərbaycan bu prosesdə öndə gedən ölkələrdəndir. Böhranların və münaqişələrin olduqca gərgin olduğu bir dövrdə dünya Türkiyə ətrafında bir həmrəylik nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı Türkiyə üçün sadəcə dost deyil, həm də qardaşdır: “İki ölkə arasında olan qardaşlığa, dostluğa son günlərdə bütün dünya bir daha şahidlik etdi. Türkiyədə yaranan dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına dəstək olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Türkiyəyə humanitar dəstəyi başlandı. Bu prosesdə xüsusilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir. İnsanlıq, mərhəmət, nəciblik, şəfqət hisslərinin daşıyıcısı olaraq Mehriban Əliyeva Türkiyədəki bu dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesində Heydər Əliyev Fondunun ən yüksək səviyyədə iştirakını təmin etdi. Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım aparan xüsusi təyyarələr yola salındı. Eyni zamanda, Fondun könüllüləri bu prosesə cəlb olundu. Humanitar yardıma faciədən zərərçəkmiş şəxslər üçün zəruri avadanlıqlar, çadırlar, istilik radiatorları, generatorlar, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimatlar, dərman preparatları, tibbi ləvazimat, isti geyimlər və digərləri daxil idi”.

Mehriban Əliyevanın zəlzələ bölgəsində xilasetmə işlərində yaxından iştirak edənləri yüksək qiymətləndirdiyini bildirən E.Nəsirov deyib: “Fondun humanitar yardımları ilə yanaşı, Mehriban Əliyeva təbii fəlakət zonasında çalışan xilasedicilərimizə, tibb işçilərimizə, diplomatlarımıza, hadisələri işıqlandıran media nümayəndələrimizin əməyinə yüksək qiymət verib. Birinci xanımın yardım kampaniyalarında iştirak edən vətəndaşlarımıza təşəkkürünü bildirməsi onun yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik olduğunun bariz nümunəsidir. Hazırda zəlzələ nəticəsində yaranan vəziyyətin aradan qaldırılması istiqamətində qüvvələr səfərbər edilir və xilasedici funksiyalar həyata keçirilir”.

Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərindən bəhs edən Milli Məclisin deputatı qeyd edib ki, Türkiyə Prezidenti səfəri zamanı Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülər ilə görüşdü. Çıxışı zamanı Prezident İlham Əliyevə və Mehriban Əliyevaya öz təşəkkürlərini bildirdi. Bu çıxış Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu dəhşətli fəlakətin ağır fəsadlarının aradan qaldırılması prosesindəki böyük və misilsiz töhfələrini bir daha sübut edir. Azərbaycan qadını Mehriban Əliyevanın timsalında çox yüksək milli, mənəvi, əxlaqi dəyərlərin daşıyıcısıdır. Diqqət və qayğıya ehtiyacı olan insanların hər zaman yanında olan Mehriban Əliyeva ölkəmizdə də dəfələrlə insanların üzləşdiyi çox mürəkkəb proseslərin həllində iştirak edib. Bu səbəbdən Azərbaycan xalqı Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirir. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan qadını Mehriban Əliyevanın timsalında mərhəmət, şəfqət və ən yüksəl ali insani dəyərlərin daşıyıcısıdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR