AĞSAQQAL YOLU– 75
75 illik enişli-yoxuşlu,acılı-şirinli, bir üzü tunc, bir üzü ipək dünyanın təbəddülatlarından keçib gələn, urvatlı, örnək olacaq bir həyat yolu adlamış Mayıl müəllimi nurlu çöhrəsindəki təbəssümsüz təsəvvür etmirəm. İlk baxışdaca duruşunda, baxışında batman bir kişinin mənlik, qürur zənginliyi duyulmaqdadır.
Tanışlıq təəssüratından doğan bu qənaət aramızdakı ülfət ziyadələşdikcə, bir daha özünü həyati olaraq bariz şəkildə təsdiqlədi. Şəxsi tanışlığımızdan öncə onun imzasını tanımışam.“Türk Dünyası Ağsaqqallari” qəzetində incəsənətimizin səhnə mədəniyyətini təmsil edən sənət adamları haqqındakı yazıları marağıma səbəb oldu…
Düşünürəm ki, çoxumuz sərt və sal qayaların “qabar-qabar” olmuş bəzi yerlərində zoğların boy göstərdiyini müşahidə etməmiş deyilik. Nədir bu? Təbiətin ecazkarlığı qarşısında əriyən sərtliyin məğlubiyyətimi, yoxsa hansısa qüvvənin təzahür forması? Yox, bu yaranışın vəhdətə qovuşması, günəş ziyasına üz tutmaq, yaşam təzahürünün təcəllisidir. İnsan da özünü, həyatın mənasını dərk etdiyi gündən enişli-yoxuşlu həyat yolu keçib, özünü sübut etməyə, təsdiqləməyə çalışır. Hərə bir cür… İnsan da təbiətin bir parçası, yaranışın zərrəsidir. Öz- özlüyündə bir dünyaya dönür. İllər keçdikcə Tanrının ona bəxş etdiyi ömür qismətinin hər anı gözünə, könlünə köçür.
Təzadlarla üz-üzə, gerçəkliklə göz-gözə acılı-şirinli, kədərli-sevincli, sevgili-nifrətli həyat yaşayır… Beləcə, ömrün yaşanmış məqamları özündən uzaqlaşdıqca, tarixləşdikcə bitib-tükənməyən nəhayətsiz çalarlara boyanır.
Təxəyyül və idrak sonsuzluğunda qurub-yaratmaq, yaşayıb-yaşatmaq istəyi süsləyir özünü dərk edən insanın ruhunu, varlığını.
Müdriklərdən birinin “İnsan sirdir, onu açmaq gərək; əgər bütün ömrünü buna sərf etsən, vaxtımı itirdim demə” deyimini xatırlayıram. O insanlar ki, varlığı, enerjisi ədalət ülgüsündən keçir, xeyir bağlarına dayaqlanır, insanlıq adının ülviliyinə ünvanlanır.
Yaşadığımız zaman kəsiyindən arxaya boylanıram. Köklü-köməcli bir xalqın ərənləri, zəkaları, dühalarının yüksək amalları ülviləşən qüdrəti salamlayır bizləri.İnsanlıqla yaşıd bir gerçəklik hakim kəsilir düşüncəmə. Əbədi həyat iksiri xalqın nəhəng, tükənməyən yaradıcı gücü, mənəvi dünyasıdır. Bu xalq neçə-neçə ərənləri, igidləri, zəka sahiblərini, neçə-neçə qeyrət mücəssəməsi olan oğulları böyüdübdür.
Bax, Mayıl müəllim bu dəyərləri gözünə, könlünə köçürən bir insandır. Necə deyərlər, bu dəyərlər onda gözəl olur ki, həyata gözəl baxa bilirsən. Allahın yaratdıqları gözəllikləri dəyərləndirə bilib, cəmiyyəti gözəl görmək istəyəsən və öz əməlinlə buna can atasan.
Mayıl müəllimlə bağlı düşüncələrimi ilk növbədə uluların təfəkkür məhsulu, söz boxçasının incisi olan “Elin gözü tərəzidir” deyiminin fonunda bölüşmək istərdim. Belə deyirlər ki, şəxsiyyətin miqyasını, onun əhatə dairəsini müəyyən etmək üçün müdrik insanlar universal ölçü vahidi müəyyən edərkən elin gözünü, elin tərəzisini başlıca meyar hesab etmişlər. Belə bir ölçüyə, belə bir meyara uyğun gələn insanlar görkəmli şəxsiyyət və istedad sahibləri kimi qiymətləndirilmişdir. Tamamilə mübaliğəsiz demək olar ki, həmin şəxsiyyətlərdən biri də məhz Mayıl Əliyevdir.
Düşünürəm ki, Mayıl müəllimin ömür yolunu özündə ehtiva edən bioqrafiyası ilə tanışlıq və bu qısa bioqrafik məlumatın ehtiva etdiyi xronoloji xülasə onun 75 illik ömür salnaməsinin ştrixlərinə işıq tutan bir vəsilə olar:
Mayıl Qasım oğlu Əliyev 5 mart 1943-cü ildə Şəmkir rayonunun Əliyaqublu kəndində dünyaya göz açmışdır.
1960-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş və Bakıdakı 1 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur.
1961-ci ildə texniki peşə məktəbini çilingər ixtisası üzrə bitirərək, təyinatla Qazan Mexaniki Zavoduna göndərilmişdir. Bir ildən sonra istehsalatdan ayrılamadan Azərbaycan Politexnik İnstitunun mexanika fakültəsinin axşam şöbəsinə qəbul olunmuşdur.
M.Əliyev 1963-1966-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş və tərxis olunandan sonra ali təhsilini davam etdirməklə bərabər, Azərbaycan SSR Tikinti Sənayesi Nazirliyinin Bakı Mərmər Zavodunda işə düzəlmişdir. O, burada mərmər kəsicisi sexin rəisi və baş texnoloq vəzifələrində işləmişdir.
1969-cu ildə təhsilini başa vuraraq mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
M.Əliyev 1981-ci ildə Mərmər Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunmuş və uzun illər ərzində bu müəsisədə səmərəli əmək fəaliyyətində olmuşdur. O, dəfələrlə Moskva və Kiyev şəhərlərində ezamiyyətlərdə olmuş, yeni texnologiyanın tətbiqinə önəm vermişdir. Bakıda və respublikanın əksər bölgələrində inşa olunan buraxılış obyektlərinin üzlük plitələrlə və digər zəruri materiallarla təminatına bilavasitə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında “Gülüstan” Sarayına, Heydər Əliyev Sarayına, metronun “28 May”, “Gənclik”, “Nərimanov”, “Ulduz” stansiyalarına, daha sonra isə “Koroğlu”, “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarına lazım olan mərmər və travertin üzlük materillarla keyfiyyətli və vaxtında sifarişçiyə təhvil verilmişdir.
Moskva şəhərindəki daimi nümayəndəliyin binası (indiki Azərbaycan səfirliyinin binası) və mehmanxanası üçün lazım olan materiallar Bakıdan göndərilmiş və həmçinin Avstraliyadan daxil olan sifarişə görə Naxçıvandan xeyli sayda Buzqov travertin plitələri ixrac edilmişdir ki, bu sahədə də onun xüsusi əməyi olmuşdur.
M.Əliyev inşaat kompleksindəki fasiləsiz və qüsursuz işinə görə dəfələrlə nazirlik və trest rəhbərliyi tərəfindən mükafatlandırılmış, bir sıra fəxri fərmanlarla təltif olunmuşdur.
1972-ci ildə Nərgiz xanımla ailə həyatı qurmuş və bu izdivacdan iki övladları ( bir oğlan, bir qız) dünyaya gəlmişdir. Övladlarının hər ikisi ali təhsillidir.
…Nərgiz xanımın yüksək musiqi duyumu onu musiqi təhsili almağa yönəltsə də Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Mayıl müəllim xəyalən o illərə döndükcə kövrəlir və xəfif təbəssümlə xanımı ilə tanışlığına və ailə həyatı qurmasına da vəsilə olaraq onun musiqi ilə bağlılığını söyləyir… Mayıl müəllimin ömür-gün yoldaşı Nərgiz xanım 2007-ci ildə dünyasını dəyişibdir.
2009-cu ildə təqaüdə çıxmışdır.
M.Q.Əliyev 2012-ci ildən Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədridir.
Zaman-zaman mənəvi dəyərlər müstəvisində özündə bir ölçü, mizan əxz edən bir fikri-ritorik sualı düşüncəmdə təkrarlayıram: məslək və amalı qurub-yaratmaq, öz doğma xalqına, torpağına xidmət etməkdən şərəfli nə ola bilər? Şüurlu həyatını bu yola həsr edənlər təbii ki, əqidə saflığına, iradə möhkəmliyinə, bilik və bacarıqlarına söykənərək addım atırlar. İllərlə öz istək və məramlarını gerçəkləşdirmək üçün imkanlarını səfərbər edən belə insanlar öz məqsəd aydınlıqları ilə də seçilirlər. Mayıl Əliyev məhz belə kəslərdəndir.
2012–ci ildən üzü bəri Mayıl müəllimin sədr olaraq təmsil etdiyi Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin rayonun ictimai-siyasi və sosial həyatında da böyük rolu vardır. Belə ki, rayon şurası fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir. Bu məqsədlə gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəblərində, kolleclərdə və digər yerlərdə görüşlər keçirilir. Bu istiqamətdə rayon rəhbərliyinin Ağsaqqallar Şurasına dəstəyi də təqdirəlayiq haldır.
Bu da bir faktdır ki, bu gün ağsaqqallar milli mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.Xüsusi olaraq vurğalamaq istərdim ki, Nizami rayonunda ağsaqqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur. Mütəmadi olaraq Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirirlər.
Onu da qeyd edək ki, Mayıl müəllim 23 may 2014- cü ildə Nizami rayon İH-nin 42-ci sərəncamı ilə “Nizami rayonunun ictimai həyatında fəallığına görə” fəxri fərmanı ilə təltif olunmuşdur.
El arasında cəmiyyətdə sevilən şəxsiyyət olaraq dəyər verilən adam haqqında belə bir deyim var ki, filankəs qənimət adamdır. Ağsaqqal ucalığında olan Mayıl müəllim özünün şərəfli ömür yolu ilə bu həqiqəti qazanmış bir şəxsiyyətdir.
Yüksək mədəniyyətə malik, mülayim təbiətli, təvazökar, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt bir insan kimi tanınan Mayıl müəllimə necə deyərlər, Allah hər şeyi öz yerində verib.
İnsanlığı səciyyələndirən belə bir söz var: gözəl insan. Müdriklərdən biri gözəl insanı üç cəhəti ilə xarakterizə edib: zahiri, dili və qəlbi. Bu üçlüyün vəhdəti-insanın zahiri görünüşü, mənəvi aləmi və ünsiyyəti gözəldirsə, demək o insan gözəl insandır. Təbii li, gözəl insan gözəl əməl sahibidir.
Mayıl müəllimin ixtisasca mühəndis olmasına baxmayaraq, ədəbiyyata, incəsənətə böyük marağı var. Bu maraq həm də ötəri yox, istedadla müşayiət olunur. Qeyd etdiyim kimi onun özündən əvvəl imzasını tanımışam. Hansı ki neçə- neçə oxunaqlı, diqqət çəkən məqalə və publisistik yazıların müəllifidir. Görünür bu istedad ona necə deyərlər, südlə ötürülən bir xislətdir. Axı Mayıl müəllimin Azərbaycan mədəniyyətini layiqincə təmsil etmiş iki sənətkarla qohumluq əlaqəsi vardır. Onlardan biri xalası – Azərbaycan SSR xalq artisti, opera müğənnisi (soprano) Gülxar İbrahim qızı Həsənova (1918 – 2005), digəri isə xalası oğlu, Azərbaycan kino və teatr aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Ağadadaş oğlu Qurbanovdur (1940-1995).Onu da deyim ki, Mayıl müəllimin anası Böyükxanım Sultanova Şəmkirin nüfuzlu bəylərindən biri olan İbrahim ağanın ailəsindəki beş övladın ilkidir.
Saf əqidə, xoş niyyətli Mayıl müəllim gözəl əməl sahibi, gözəl insandır.
Qoca Şərqin təfəkkür aynasında işıqlı şəxsiyyət beş fəzil keyfiyyəti özündə cəmləyir. Bu beş hikmət insanın müdriklik və kamillik məqamını şərtləndirir: elm, ədalət, səxavət, səbir və həya. Elmsiz adam tavansız ev kimidir. Ədalətsizlik-məcrasından çıxmış çay kimidir. Səxavətsiz insan meyvəsiz ağac kimidir. Səbirsiz olmaq işıqsız lampa kimidir. Həyası olmayan insan duzsuz təam kimidir.
Bu hikmət müstəvisində sadalanan insani keyfiyyətlər(elm, ədalət, səxavət, səbir və həya) müdriklik zirvəsinə aparan yoldur ki, Mayıl müəllimin həyat yolunu məhz o mənəvi dəyərlər şərtləndirir.
Poetik şəhdi-şirəsi,ağsaqqal olaraq müdriklik zirvəsində qərarlaşan Mayıl müəllimin şəxsiyyət məziyyətlərindən qaynaqlanan “Ağsaqqal yolu” adlı söz çələngimi “75 illik” müdrikliyin və şövqün ovqatında çoşqu ilə ağsaqqal dostumuza ünvanlayıram:
Dünya işığına göz açan andan
Ömür dediyimiz bir yol üstəyik.
Belə xəlq edibdi Ulu Yaradan,
Təpədən-dırnağa arzu-istəyik.
Ağsaqqal çağında yol gedənlərin
Düşər çöhrəsinə Tanrı işığı.
Ağsaqqal zirvəsi fəth edənlərin
İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli onun aynası,
Sənin həyat yolun gəncliyə örnək.
Ağsaqqal yolunun idrak-mayası
Haqqa, həqiqətə yön olan məslək.
Zaman xərcləmisən yetmiş beş illik,
Enişli-yoxuşlu batman bir ömür.
Tapdıq Əlibəyli söyləyir təbrik!
Tanri yazan ömrü gözü dolu sür!
Dünyaya gəldiyin günün mübarək!
Fərəhli günlərin sığmasın saya.
Mayıl Qasım oğlu, yüzünü görək!
Ağsaqqal yoluyla nurlansın dünya.
Tapdıq ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident Təqaüdçüsü