Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur
XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb.
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.
Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda deyilir: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, toponimika tarixində misli görünməyən hadisə – qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çıxışında demişdir: ”Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, – bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, – indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?
Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır.”
Dilqəm Əlirzayev
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı