" />

Britaniya şirkəti Qarabağdakı biznes hüquqlarının bərpası üçün beynəlxalq qurumlardan dəstək istəyib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin Qarabağdakı biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı beynəlxalq təşkilatlara və xarici dövlətlərə məktub ünvanlayıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir. Müraciət BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə ünvanlanıb.

Məlumata görə, şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib.

Qeyd olunur ki, 2006-cı ildə də “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb.

Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” Qarabağda iki kontrakt əraziyə – “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir.

Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər.

2022-ci ilin iyulun 5-də Azərbaycan Milli Məclisi “Anglo-Asian Mining Plc.” şirkəti ilən “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib. Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilmişdir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Şirkət Azərbaycanda 31 dekabr 2021-ci il tarixinə olan məlumata görə 64 610 unsiya qızıl ekvivalenti istehsal edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR