TAİB nümayəndələri Türkiyənin Diaspor Komitəsinin rəhbəri ilə görüşüblər – Fotolar
Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığında bir sıra məsələlər ətrafında müzakirələr aparılıb
Ankarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in nümayəndələri Türkiyənin Diaspor Komitəsinin (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) başkanı Abdullah Erenlə görüşüblər.
Görüşdə iki qardaş ölkə arasındakı əlaqələrin bugünkü səviyyəsindən, diasporla iş xüsusunda həyata keçirilən tədbirlərdən, eləcə də Türk ölkələri vətəndaş cəmiyyəti institutları arasında inteqrasiya prosesinin və ictimai təşəbbüskarlığın əhəmiyyətindən söhbət açılaraq mümkün birgə layihələr ətrafında müzakirə aparılıb.
Abdullah Erenə məlumat verilib ki, TAİB Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı gələn il Türkiyədə beynəlxalq konfrans təşkil edəcək. Eyni zamanda, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda konfrans təşkil olunacağı da bildirilib.
Abdullah Eren hər iki tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Görüşün sonunda Abdullah Eren TAİB sədri Sudeif İmamverdiyevə Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının xəttilə cap olunmuş, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmed Nuri Ersoyun ön söz yazdığı “Azərbaycan düşüncə tarixi” kitabını hədiyyə edib.
Qeyd edək ki, görüşdə TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç, TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, nümayəndə heyətində təmsil olunan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk iştirak edib.