“Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı ölkəmizin qarşısında yeni inkişaf imkanları açır” – Ramin Əhmədov
“Qədəm qoyduğumuz yeni inkişaf mərhələsi bu gün özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır”.
Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” ilə bağlı diqqətçəkən fikirlər paylaşıb.
Agsaqqallar.com Ramin Əhmədovun paylaşımını olduğu kimi təqdim edir:
“Bəlkə də bir çoxları üçün inanılmaz görünən proseslərə şahidlik etməkdəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır, illər əvvəl xəyal kimi görünən arzularımız ardıcıllıqla həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə qədəm qoyduğumuz yeni inkişaf mərhələsi bu gün özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır. Dünyada ikinci bir ölkə göstərmək mümkün deyil ki, 30 il işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edib dərhal həmin ərazilərdə böyük bərpa-quruculuq işləri aparsın. Dövlətimiz İlham Əliyevin rəhbərliyi ilə bu ağır vəzifənin öhdəsindən layiqincə gələ bildi.
44 günlük Vətən Müharibəsində olduğu kimi, bu gün də dünyanı heyrətləndirməyə davam edirik. Bu dəfə quruculuq işləri, əzəli torpaqlarımıza qayıdış və məskunlaşma prioritetlərini əhatə edən dövlət proqramları ilə. Onlardan biri və tarixi əhəmiyyət daşıyan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”dır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu proqrama əsasən yaxın üç ildə işğaldan azad edilmiş ərazilərimizə 34 500 ailə köçürüləcək. Bu məqsədlə azad edilən ərazilərdə 2026-cı ilədək 35 minə yaxın mənzil və fərdi yaşayış evi inşa ediləcək. Dövlətimizin yüksək iqtisadi potensialından, etibarlı tərəfdaş olaraq xarici investorların bölgəyə cəlb olunmasını təmin etmək xüsusunda geniş imkanlara malik olmasından xəbər verən bu proqramın icrası, heç şübhəsiz ki, məcburi köçkünlərin öz ata-baba torpaqlarına qaydışını sürətləndirəcək, həmin ərazilərin qısa müddət ərzində dirçəlməsinə və sosial-iqtisadi cəhətdən inkişaf etməsinə səbəb olacaq. Burada söhbət yeni iş yerlərinin yaradılmasından, kənd təsərrüfatı, turizm, istehsalat sahələrinin inkişafından gedir ki, bütün bunlar da əlbəttə ki, ölkəmiz üçün yeni imkanlar, geniş anlamda isə daha təminatlı gələcək deməkdir.
Bir sözlə, post-müharibə quruculuğunda da Azərbaycan yeni nümunələr yaradır. Xalqımız üçün xeyirli-uğurlu olsun!”